16 may 2022 16:21
1176

Ədilə Qocayevanın söz dünyası, yaradıcılıq hesabatı FOTO/VİDEO

“Ömrün yaradıcılıq anları”nı», «Yaşatdım ki, yaşayım» istəyini  «Qələmin işığında» gerçəkləşdirən tanınmış jurnalist Ədilə  Qocayevanın eyniadlı kitabları müəllifin uzun illəri əhatə edən yaradıcılıq yolunun bələdçiləridir   

Müasir mətbuatımızda imzası, yaradıcılıq dəst-xətti ilə tanınan Azərbaycan Jurnalistlər Birliyinin üzvü, «Qızıl Qələm», «Vicdanlı  qələm» media mükafatlarının laureatı, publisist  Ədilə  Qocayevanı Azərbaycan mədəniyyətinin və incəsənətinin fəal təbliğatçısı adlandırsaq,  səhv etmərik. Çünki çoxillik jurnalistlik fəaliyyətində   Azərbaycanın görkəmli  mədəniyyət  və incəsənət  xadimlərinin geniş oxucu auditoriyasına tanıdılmasında xüsusi xidmətləri olan Ədilə xanım bu sahədə yorulmadan çalışmaqla  klassiklərin həyat və fəaliyyəti ilə də bağlı  tədqiqatlar aparmışdır.  36 adda mətbu orqanda dərc olunan 3 minə yaxın  seçmə yazılarının, oçerklərinin toplandığı «Ömür səhifələrim» adlı essesində  tanınmış jurnalist  Ədilə Qocayeva haqqında respublikamızın tanınmış mədəniyyət və incəsənət xadimlərinin söylədikləri dəyərli fikirlər jurnalist-publisist Ədilə xanımın  yaradıcılığına, çəkdiyi zəhmətlərə verilən dəyərdir. Müdriklərimizin «dama-dama göl olar» hikmətinə uyğun yorulmadan, gecə-gündüz çalışan,  yaradıcılıq sferası genişlənən, müsahibləri ilə görüşlərinin hər birini həyatının mənalı anları adlandıran Ədilə xanım qələminin məhsulu olan tarixi anları məqalələrində yaşatmaqla kifayətlənmədi. Vaxtilə çalışdığı «İki sahil», «Respublika», «Azərbaycan» qəzetlərində dərc olunan, müsahiblərinin həyat və yaradıcılıqlarını sonrakı nəsillərə  tanıtdırmaq üçün 1983-2015-ci illərdə dövrü mətbuatda dərc olunan  yazılarını  toplayaraq «Ömrün yaradıcılıq anları» adlı biblioqrafik kitabı ilə oxucuları ilə görüşən Ədilə xanım keçmiş günlərdəki xatirələrinin mənalı anlarını bir daha yaşadı. Həmin kitabın təqdimetmə mərasimində çıxış edənlər müəllifə bu sahədəki yaradıcılığını davam etdirməyi arzuladılar. Ədilə xanım  oxucu istəyini gerçəkləşdirdi.

Müəllifin sonrakı illərdəki yaradıcılığının məhsulu olan və  mayın 14-də    təqdimatı keçirilən «Yaşatdım ki, yaşayım», «Qələmin işığında»  kitabları  Ədilə xanımın oxucuları ilə ikinci görüşü oldu.

Təqdimat mərasiminin aparıcısı, Mirzə Fətəli Axundov adına Milli Kitabxananın əməkdaşı Mehriban Cəfərova bildirdi ki, çalışdığı mətbu orqanlarda imzası ilə tanınan Ədilə xanım sevib-seçdiyi kitabxanaçılıq sahəsində də  biblioqraf kimi  özünü təsdiqləyib. Milli Kitabxanada çalışdığı illərdə oxucularının yaxın köməkçisi kimi onların maraqlarına uyğun  ədəbiyyatların seçilməsində də səyini əsirgəməyib.

Ədilə Qocayeva haqqında ürək sözlərini bildirən  kimya elmləri doktoru, Əməkdar müəllim Telman Ağdamski, Xalq artisti Roza Cəlilova, Əməkdar jurnalistlər Xuraman İsmayılqızı və Şəmsiyyə Musaqızı, Xalq artisti Hacı İsmayılov, həmkarları İntiqam Mehdiyev, Mədinə  Vəliyeva və qardaşı Mircəlal Qocayev müəllifin illərdən bəri çəkdiyi  zəhmətin bəhrəsi olan kitablar haqqında ürək sözlərini bildirdilər.

Çıxışlarda səslənən fikirlərin ümumi qayəsi dəyişilməz idi:  Ədilə xanımın yazıları ona görə sevilir ki, o, müəyyən müddət də olsa müsahiblərinin duyğularını,  keçirdiyi anları yaşayır, onların  yaradıcılığı ilə dərindən tanış olur, mədəniyyət  və incəsənət xadimləri ilə  sənət yolunda birgə  addımlayır, onların qazandıqları uğurları öz təfəkkürü, qələminin qüdrəti ilə  oxucuya çatdırır. Bəzən müsahiblərinin belə yaddaşlarından silinən tarixi məqamları onlara xatırlatmaqla keçmişi bu günümüzlə uyğunlaşdırır, tarixi anları təkrar yaşayır. «Qürur duydum  ki, haqqında qələmə aldığım bir çox tanınmış insanların müasiri olmuş, onlarla söhbət etmiş, dəyərli fikirlərini qələmə almış, çox vaxt eyni məclisləri bölüşmüşük» söyləyən  Ədilə xanım  əsl ziyalı, müəllif  kimi, sənətkar sözünə ehtiyac duyulduğu   müasir dövrümüzdə  ərsəyə gələn  kitabın hazırlanmasında məqsədini bu sözlərlə  ifadə edir: « Haqqında yazdığım, müsahibə aldığım, tanınmış  şəxsiyyətlərin həyatı,  xeyirxah əməlləri, xalqa, Vətənə layiq olmaq üçün göstərdikləri fədakarlıq bugünkü və gələcək nəsillər üçün maraqlı olmaqla  yanaşı, həm də örnəkdir.»

Xanəndə ilə muğamın sehrli dili, rəssamla yeddi rəngin çalarları ilə  danışan,  milli rəqslərimizin incəliklərini olduğu kimi oxucuya  çatdıran, elm adamlarının  çəkdikləri zəhmətləri dəyərləndirən,  abidələrimizə tarixin gözü ilə nəzər yetirən müəllif kimi  məqsədinə çatan Ədilə xanım yazıları ilə  şəfalı əllər sahiblərinə də isti münasibətini bildirir. Teatr, kino sahəsində   iz qoymuş korifeylərin ifa etdikləri obrazların daxili aləmini oxucuya çatdıran Ədilə xanımı bir neçə peşə üzrə  püxtələşmiş peşə sahibi də adlandırmaq olar. Bu yanaşma müəllifin çoxillik zəhmətinə verilən dəyərdir.

Bu kimi məqamlara  diqqət yetirilən mərasimdə deyilən hər söz Ədilə xanımın çoxillik jurnalistlik fəaliyyətinə göstərilən oxucu rəğbəti idi. Kitablarda   tanınmış mədəniyyət və incəsənət xadimlərinin  Ədilə xanım haqqında söylədikləri xoş sözlər də müəllifin illərdən bəri çəkdiyi zəhmətə salınan işıqdır. «Ədilə xanım müsahibini əvvəlcədən hərtərəfli öyrənəndən sonra onunla həmsöhbət olan,  qarşısındakı insanı diqqətlə dinləyib ümumi nəticə çıxarmağı bacaran, müsahibi haqqında  onun danışdıqlarından əlavə digər mənbələrdə də  jurnalist axtarışı aparan yaradıcı və peşəkar müxbirdir.” (Arif Məlikov, akademik, «İstiqlal» ordenli bəstəkar), «Ədilə xanımın Azərbaycan xalqının mədəniyyətinə, və incəsənətinə yüksək məhəbbət bəsləməsi, maraqlı və oxunaqlı publisistik yazılarında sənəti, sənətkarı, yaşadaraq gələcək nəsillərə olduğu kimi çatdırmaq, baxımından örnək olması məni çox sevindirir.» ( Roza  Cəlilova, xalq artisti,  «Şərəf» və  «Şöhrət» ordenli rəqqasə.)

Kitabda  yer alan,  Ədilə xanım haqqında deyilən bu ifadələr,  kiçik  nümunə olan bu sözlər  jurnalist əməyinə, yaradıcılığına verilən  qiymətdir. Adı kimi deyilən sözə ədalətlə yanaşan müəllif haqqında bəhs etdiyi  şəxsiyyətlərin geniş oxucu kütləsinə tanıdılmasında  səxavətini əsirgəmir. 

Axırda Ədilə Qocayeva  mərasim iştirakçılarına minnətdarlığını bildirdi.

Ədilə xanımın bu kitabları  başlanğıcdır.  İnanırıq ki, onun yaradıcılığının məhsulu olan və oxucu rəğbəti qazanan neçə-neçə kitabları ilə gələcəkdə də tanış olacaq, ürək sözlərimizi  söyləyəcəyik. 

Xuraman İsmayılqızı,
Cavid Əkbərov,
«İki sahil»

P.S. «İki sahil» qəzetinin kollektivi olaraq biz də həmkarımızı təbrik edir, ona bundan sonra da şəxsi həyatında, yaradıcılığında uğurlar arzılayır, «Ədilə xanım, həmişə olduğu kimi qələmin iti, yolun aydın, Tanrının verdiyi ömür payın xoşbəxt anlarla zəngin olsun» deyirik.