14 iyun 2022 17:41
2671

Qayğısız illərə vida zəngi…

Əziz məzunlar, çalınan bu zəng məktəbin son, uğurlarınızın  isə ilk sədası olsun!

İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək özəl tarixlərdən biri də “Son zəng” günüdür. Körpə fidanlar 11 il öncə qədəm qoyduqları doğma məktəblərinə,  əziz müəllimlərinə bu gün son dəfə çalınan zəngin sədaları altında əlvida söyləyirlər. 11-cilər qəlblərinin simlərini titrədən bu zəng ilə tənəffüs üçün dəhlizə yox,  uşaqlığın, yeniyetməliyin bitdiyi, gəncliyin başladığı dönəmə qədəm qoyurlar…

İyunun 14-də 2021-2022-ci tədris ili başa çatıb və bütün ümumtəhsil müəssisələrində olduğu kimi,  Xətai rayonundakı İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyində də son zəngin sədası eşidildi.

“İki sahil” əməkdaşlarının iştirak etdikləri  tədbirlər Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirlərdə çıxış edən 261 nömrəli məktəb-liseyinin direktoru Abuzər Əsədov məzunları təbrik edərək və təhsil ocağının uğurlarından geniş məlumat verdi. Direktor sərbəst həyata qədəm qoyan məzunlara göstərilən etimadı layiqincə doğrultmaq üçün bu çətin və şərəfli yolda böyük müvəffəqiyyətlər arzuladı. Daha sonra məktəb direktoru dövlətimiz tərəfindən təhsilin inkişafına göstərilən diqqət və qayğıdan söz açdı.

Xətai Rayon İcra Hakimiyyətinin  nümayəndəsi Atabəy Əzizbəyli tədbirdə çıxış edərək  məzunları özəl gün münasibətilə təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı dilədi.

Unudulmaz günün hərarətinə toplaşanlar arasından müəllimlər məzunlara könül dolusu uğurlar arzuladılar. Məzunlar qarşısında geniş üfüqlər açıldığı vurğulandıDaha sonra məktəb rəhbərliyi tərəfindən dərs ilini uğurla başa vuran şagirdlər, fəaliyyəti ilə fərqlənən müəllimlər  Fəxri fərman və diplomlarla təltif olundular.

Sonra meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verildi. Mərasim məzunların hazırladıqları maraqlı mahnı və rəqslərdən ibarət ədəbi-bədii kompozisiyalarla davam etdirildi.  Birincilərin ifasında şeirlər səsləndirildi. Məzunları həyacanla gözlədiyi "Son zəng" səsləndi. Sehirli "Bilik açarı"nı şagirdlərə verən məzunlar məktəbə əlvida dedilər. Gül-çiçək yağışına bələnmiş məktəbin geniş həyətində şənlik xeyli davam etdi.

Xatırladaq ki, ümumtəhsil məktəblərində pandemiya dövründən sonra ilk dəfə "Son zəng" tədbirləri ənənəvi qaydada keçirildi. Pandemiya səbəbindən son 2 il ərzində "Son zəng" tədbirləri məhdudiyyətlərlə qeyd edilmişdi.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 35 100, XI siniflərini isə 23 505 nəfər bitirib. Paytaxtda 46 470 nəfər I sinfi, 134 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vurub.

Məzun olmağın sevinci ilə, məktəbdən ayrılmağın kədərini eyni anda yaşayan 11-cilərin həyatında ən önəmli günlərdən biridir. “İki sahil” olaraq  müstəqil həyata ilk qədəmləri qoyan məzunların duyğulu anlarına şahidlik etdik:

Artıq müstəqil həyata qədəm qoyuruq

261 saylı məktəb-liseyin məzunu Mirzə Məmmədov: “Çox sevincliyəmm ki, bu gün məzun olaraq məktəbi bitirirəm. Artıq müstəqil həyata qədəm qoyuruq. Bütün məzunlara  cansağlığı və arzuladıqları ali məktəbə daxil olmağı diləyirəm. Müəllimlərimə isə bizim kimi şagird yetişdirdiklərinə görə təşəkkür edirəm. Hamımıza uğurlar arzulayıram. “

İnana bilmirəm ki, bu gün məktəbdə son günümdür

261 saylı məktəb-liseyin məzunu Solmaz Qafarovanın  keçirdiyi qarışıq duyğular simasına qəribə bir həyacan cizgiləri çəkmişdi: “Elə hiss edirəm ki, bu gün ilk dəfə məktəbə qədəm qoyduğum gündür. Əslində isə 11 illik məktəbimindən ayrıldığım gündür. Məktəbimlə bağlı xatirələrim çox xoşdur. Çox təəssüflənirəm ki,  belə tez bitdi.  İnana bilmirəm ki, bu gün məktəbdə son gündür. Bütün 11-lərə uğurlar arzu edirəm. Ümid edirəm ki, bundan sonrakı həyatları məktəb həyatlarından da gözəl olar.”

11 il şagirdlərin həm təlim, həm də tərbiyəsi ilə məşğul olan müəllimlər də şagirdləri qədər həyacanlı idilər. Onlar həm sevinir, həm də kədərlənirdilər...

Onlar qədər biz də həyacanlı, sevincliyik

261 nömrəli məktəb-liseyin direktor müavini Samirə Məhərrəmova: “Bu gün çox sevindirici bir gündür. Çünki bu gün məktəbimizin 85 nəfər 11-ci sinif şagirdi məzun adını alıb. Bütün  məzunları ürəkdən  təbrik edirəm. Onlar qədər biz də həyacanlı, sevincliyik. Arzu edirəm ki,tezliklə onlar şagird adını tələbə adı ilə əvəzləsinlər. Məktəbimiz sayılıb seçilən məktəblərdən biridir. Hazırda  məktəbimizdə 9-cu sinif şagirdləri arasında 13  fərqlənmə, 11-ci sinif şagirdləri arasında isə 5 fərqlənmə attestatına layiq  görülmüş şagirdimiz var. Eyni zamanda, 10-cu sinif şagirdimiz Şəhla Nəsirzadə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş təqdimat müsabiqəsində qalib olduğu üçün Təhsil Nazirliyi tərəfindən mükafata layiq görülmüşdür. "Ken- Ken - 2022" Beynəlxalq Yapon Riyazi Məntiq olimpiadasında 8-ci sinif şagirdimiz Turan Şahvələdli 3-cü yerə layiq görülmüşdür. 11-ci sinif şagirdimiz İsrafilzadə İsmət Milli Olimpiya Oyunlarında iştirak edərək taekvando üzrə dünya çempionu olmuşdur. "ALPLogo mühitində proqramlaşdırma" olimpiadasında birinci yerə şagirdimiz Xədicə Hüseynli,  dördüncü yerə İnci İsmayılzadə layiq görülmüşdür. 11-cinif şagirdi Yasin Gülməmmədli  Fizika fənni üzrə Respublika Fənn olimpiadalarının yarımfinal mərhələsinə qədər gəlmişdir.”

Onlar üçün çox darıxacağam

261 nömrəli məktəb-liseyin müəllimi Zərinə Eyvazova: “Bu gün sevincliyəm ona görə ki, uşaqlarımız böyüyüb yeni həyata qədəm qoyurlar. Kədərlənirəm ki, uşaqlarımdan ayrılıram. Sinifimdə 13 əlaçım var. Şagirdlərim sırasında Respublika Fənn  Olimpiadalarında qalib olanlar da var.  Məzunlarımın hər biri intizamlı, tərbiyəli, savadlıdır. Bilirəm ki, onlar üçün çox darıxacağam. Arzularım isə sonsuzdur. Hər birini gələcəkdə  yüksək vəzifələrdə görmək istərdim. Qoy, heç zaman büdrəməsinlər. Onlara uzun ömür, işıqlı yollar arzu edirəm.”

Ölkəmiz üçün gözəl vətəndaş olsunlar

261 nömrəli məktəb-liseyin müəllimi Nəzakət Hacıyeva: “Şagirdlərimin hər biri mənim övladımdır. Onlara gözəl  gələcək yolu diləyirəm. Məzunlarımızla fəxr edirik. Onlar yeni yolun başlanğıcındadırlar. Hər birinə uğurlar arzu edirik.  İstərdik ki, məktəbdə öyrəndikləri bu bacarıqları həyatda tətbiq etsinlər və həmişə məktəbimizi necə uğurla təmsil ediblərsə, gələcəkdə də  valideynləri üçün gözəl övlad, ölkəmiz üçün isə gözəl vətəndaş olsunlar. Həyatda ən gözəl nə varsa, onlara nəsib olsun.”

Bu gün qarışıq duyğular yaşayanlar içində valideynlər də var idi. Onların 11 il öncə körpə əllərindən tutaraq gətirdikləri məktəbdən  övladları bu gün məzun olaraq ayrılır, müstəqil həyata ilk qədəmlərini qoyurlar.

Məktəbi bitimələrinin son, yeni həyata başalamalarının ilk zəngi olsun

Valideynlərdən Rəqsanə Məmmədova: “Övladımın həyatında yeni bir səhifə, gələcəyə yeni bir pəncərə açıldığı üçün sevincliyəm.  Bu "Son zəng" bütün məzunlara uğur gətirsin. Yeni həyatlarında bir başlanğıc olsun. Məktəbi bitimələrinin son, yeni həyata başalamalarının ilk zəngi olsun. Gələcək həyatlarında onlara uğurlar arzulayıram. Ən əsas arzum budur ki, dogma Azərbaycanımıza layiqli, dövləti, xalqı sevən vətəndaş olsunlar. Biz də valideyn olaraq onlarla fəxr edək.

Nümunəvi vətəndaş olsunlar

Aynur Rəcəblinin illər öncə məzunu olduğu 261 saylı məktəb-liseyi bu gün qızı  Zəhra Qafarzadə də bitirir. Mikrofunumuzun qarşısında sevinc göz yaşlarını saxlaya bilməsə də, təəssüratlarını bizimlə bölüşdü: “Belə gözəl məzunların maariflənməsində, onların cəmiyyətimizə layiqli vətəndaş kimi böyüməsində əziyyəti olan bütün müəllimlərə valideyn kimi öz təşəkkürümü bildirirəm. Məzunlara isə bol-bol uğurlar arzulayıram. İnşallah ki, hər bir ali məktəbə qəbul olar. Hər biri hansı peşəni seçmələrindən asılı olmayaraq öz ixtisaslarına məsuliyyətlə və ciddi yanaşsınlar. Nümunəvi vətəndaş olsunlar. Cəmiyyətimiz üçün xeyirli işlər görsünlər. Siz də çox sağ olun ki, əziyyət çəkib işıqlandırırsınız.  ”

Əziz məzunlar, biz də “İki sahil” olaraq sizləri bu əziz gün münasibətilə təbrik edir, müstəqil həyata doğru sağlam və uğurla dolu addımlarla irəliləməyinizi arzu edirik. Hər biriniz tələbə adına layiq görülüb öz əməllərinizlə Vətənimizin adını həmişə zirvələrə ucaldasınız. Səsiniz zirvələrdən gəlsin. Çalınan bu zəng məktəbin son, uğurlarınızın  isə ilk sədası olsun. “Son zənginiz” mübarək! 

Yaqut Ağaşahqızı, “İki sahil”