22 may 2025 00:27
109

Güclü cəmiyyətin dayanıqlı təməli

Sosial müdafiə dövlət siyasətində prioritet istiqamətə çevrilir

Müasir dövrdə sosial siyasət hər bir dövlətin daxili siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir. Sosial müdafiə sistemi xüsusilə iqtisadi və sosial dəyişikliklər fonunda əhalinin rifahını qoruyan və dövlət-vətəndaş münasibətlərini möhkəmləndirən əsas mexanizmlərdəndir. Azərbaycan Respublikasında da bu sahənin inkişafı, sosial ədalətin təmin olunması, həmçinin həssas əhali qruplarının müdafiəsi məqsədilə ardıcıl və sistemli addımlar atılır.

Müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsi gücləndirilir

Bu tədbirlərin mərkəzində müharibə əlilləri və şəhid ailələrinin sosial təminatının gücləndirilməsi dayanır. Belə ki, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatının müddəti uzadılıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli Sərəncamına dəyişiklik edib. Sərəncama edilmiş dəyişiklərə əsasən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri 2030-cu ilə qədər davam etdiriləcək.

Sənəddə nəzərdə tutulmuş tədbirlərə əsasən, qeyd edilən sosial kateqoriyaların ailə üzvlərinə pulsuz evlərin və mənzillərin verilməsi qarşıdakı illərdə diqqətdə saxlanılacaq. Həmin müddətdə bütün imtiyazlı şəxslərin dövlət hesabına mənzil təminatı öz həllini tapacaq. Bu sosial siyasət tədbirləri çərçivəsində 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi , o cümlədən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi davam etdiriləcək. Bu kimi hədəfli sosial proqramlarla yanaşı, dövlətin ümumi sosial siyasəti də daha geniş islahatlar və təşəbbüslərlə müşayiət olunur.

İctimai sabitliyə və həmrəyliyə xidmət edən tədbirlər

Son illər ərzində sosial müdafiənin gücləndirilməsi istiqamətində aparılan islahatlar, xüsusilə əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin artırılması ünvanlı sosial yardım sisteminin təkmilləşdirilməsi, sosial xidmətlərin rəqəmsallaşdırılması və şəffaflığın artırılması ilə müşayiət olunmuşdur. Hökumət tərəfindən reallaşdırılan sosial paketlər aztəminatlı ailələri, şəhid ailələrini, müharibə veteranlarını və əlilliyi olan şəxsləri əhatə edir. Bu addımların əsas məqsədi cəmiyyətin ən həssas təbəqələrinin həyat səviyyəsini yaxşılaşdırmaq və onların dövlətin qayğısını real şəkildə hiss etmələrini təmin etməkdir.

Sosial müdafiə tədbirləri yalnız iqtisadi rifah üçün deyil, eyni zamanda, ictimai sabitliyin təmin olunması baxımından da əhəmiyyətlidir. Əhalinin sosial ehtiyaclarının qarşılanması, gəlirlərin ədalətli bölgüsü və sosial bərabərliyin gücləndirilməsi vətəndaşların dövlətə olan inamını artırır və siyasi sabitliyə töhfə verir. Xüsusilə postpandemiya və postmünaqişə dövründə bu cür tədbirlər cəmiyyətin toparlanmasına, milli həmrəyliyin möhkəmlənməsinə və ümumi inkişaf prosesinə fəal iştirakına stimul yaradır. Təkcə bu ilin dörd ayı ərzində 17 mindən çox şəxsə pensiya təyinatı aparılıb. Onların 54,86%-ni kişilər, 45,14%-ni isə qadınlar təşkil edib.

Regionlarda sosial rifahın yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür

Sosial müdafiənin regionlara yönəlməsi də xüsusi önəm daşıyır. Dövlət proqramları çərçivəsində bölgələrdə yaşayan əhalinin sosial rifahının yaxşılaşdırılması üçün yeni imkanlar yaradılır. Kənd yerlərində məşğulluq imkanlarının artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi, sosial infrastrukturun gücləndirilməsi və peşə hazırlığı layihələri vasitəsilə bölgə əhalisinin sosial həyat səviyyəsi yüksəldilir. Bu isə urbanizasiya meyillərinin azalmasına və regionların dayanıqlı inkişafına şərait yaradır.

İşğaldan azad olunmuş ərazilərdə məşğulluq təşəbbüsləri genişlənir

Postmünaqişə dövründə, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası və əhalinin oraya könüllü qayıdışının təmin olunması üçün sosial müdafiə mexanizmlərinin effektivliyi mühüm rol oynayır. İşğaldan azad olunmuş ərazilərdə yeni sosial infrastrukturun – məktəblərin, xəstəxanaların, sosial xidmət mərkəzlərinin qurulması, sosial təminat mexanizmlərinin orada yaşayan insanlara çatdırılması dövlətin bu bölgələrə verdiyi strateji önəmin göstəricisidir. Sosial rifahın təmin olunması həm də vətəndaşların bu ərazilərdə qalıcı yaşam qurmasına və uzunmüddətli sabitliyə töhfə verir.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən artıq 4300 şəxsin məşğulluğu təmin edilib. 206 sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib. Vətəndaşlardan 284 sakin isə özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində öz kiçik təsərrüfatlarını yaradıb. Qeyd olunan sakinlərdən daha 680 şəxsin məşğulluğunun təminatı üçün işlər aparılır.

Eyni zamanda, bu kimi lokal təşəbbüslər və regional layihələr ümumi sosial müdafiə strategiyasının tərkib hissəsi olaraq, beynəlxalq təcrübə və qabaqcıl modellərin tətbiqi ilə daha da səmərəli həyata keçirilir. Azərbaycan beynəlxalq təcrübədən də geniş şəkildə faydalanır. Sosial müdafiə sahəsində Şərqi Avropa və Skandinaviya modellərindən ilham alınaraq yerli reallıqlara uyğunlaşdırılmış hədəfli yardım sistemi qurulmuşdur. Bu sistem vasitəsilə yardımlar ehtiyaclı ailələrə daha dəqiq şəkildə yönləndirilir və sosial resursların səmərəli istifadəsi təmin edilir.

Sosial müdafiə güclü və dayanıqlı cəmiyyətin əsas təminatçısına çevrilir

Bütün bu addımların mərkəzində insan amili dayanır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan dövləti sosial dövlətdir və ölkəmizdə insanın rifahı hər zaman əsas prioritet olaraq qalır. Qarşıdakı illərdə  sosial müdafiə sisteminin daha da təkmilləşdirilməsi, yeni islahatların davam etdirilməsi və rəqəmsal texnologiyalar vasitəsilə bu sahədə xidmətlərin əlçatanlığının artırılması gözlənilir.

Sonda qeyd etmək lazımdır ki, sosial müdafiənin gücləndirilməsi təkcə sosial deyil, həm də strateji məsələdir. Güclü sosial siyasət güclü və dayanıqlı cəmiyyətin əsas şərtidir. Dövlətin bu istiqamətdə atdığı addımlar həm vətəndaşın rifahını təmin edir, həm də milli inkişaf hədəflərinə çatmaq üçün möhkəm təməl yaradır.

Nigar Orucova, “İki sahil”