25 iyun 2022 18:18
762

“Müzəffər sərkərdə və qalib ordu” mövzusunda dəyirmi masa keçirilib

Bu gün YAP Göygöl rayon təşkilatı tərəfindən Silahlı Qüvvələr Gününə həsr olunmuş “Müzəffər sərkərdə və qalib ordu” mövzusunda dəyirmi masa  keçirilmişdir.

“İki sahil” xəbər verir ki, ilk öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və abidə önünə gül dəstələri düzülüb.Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilən dəyirmi masa zamanı YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev  tədbir iştirakçılarını  salamladıqdan sonra  Azərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş nitqi ilə çıxış edərək, 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaranma tarixindən, qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etməsindən, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökümətinin Millin Ordunu ləğv etməsindən danışaraq bildirmişdir ki,  sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılsalar da, onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər.Məqsəd  azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdur.

Nəhayət mürtəce sovet imperiyası çökdükdən sonra Azərbaycan yenidən müstəqillik əldə etdi və özünün milli ordusunu yaratmağa başladı.  Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi. Sözün əsil mənasında ordu quruculuğuna yalnız Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi.

Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü elan olundu. Həmin vaxtdan Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Məhz bu yüksək inkişafın nəticəsidir ki,nizami ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı yağı düşməndən təmizlədi və düşmən üzərində öz möhtəşəm qələbəsini təmin etdi.

Çıxışı zamanı Vüqar İsayev Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasının yüksək inkişafa nail olmasını diqqətə çatdırmış, cəmiyyətin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu haqqında geniş və ətraflı söhbət açaraq bu gün ölkəmizə layiqincə rəhbərlik edən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin misilsiz fəaliyyətindən danışmışdır.

Sonra YAP Göygöl rayon təşkilatı üzrə Texniki və təbiət fənləri təmayüllü lisey ərazi partiya təşkilatının sədri Zəhra Zeynalova  “Müzəffər sərkərdə və qalib ordu” mövzusunda  məruzə ilə çıxış etmişdir.Digər çıxış edənlərdən  “N” saylı hərbi hissənin zabiti Aqil Namazov, MƏSQ veteranlar şurasının sədri Azadxan Haqverdiyev, 5 saylı orta məktəb ərazi partiya təşkilatının sədri Aytəkin Əliyeva, Haçaqaya kənd ərazi partiya təşkilatının sədri  Habil İsmayılov  XX əsrin əvvəlindən bu günədək Azərbaycan xalqının keçdiyi tarixi yoldan bəhs etmiş,  Ulu Öndər Heydər Əliyev ideyalarının bu günümüzün və gələcəyimizin etibarlı təminatı, insanların rifah halının daha da yüksəlməsi üçün çox böyük əhəmiyyətə malik olduğunu qeyd etmişlər. Bütün çıxış və nitqlərdə bu günkü yüksək inkişafımız üçün Ulu Öndər Heydər Əliyevə və Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə olunmuşdur.

Sonda  rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən  Azadxan Haqverdiyev, Şamil Həsənov, Araz Abbasov və Həbib Hüseynov YAP Göygöl rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif olunmuşlar.