Koronavirusa ( COVID-19) yoluxmaların sayının sürətlə artması heç də yaxşı əlamət deyil. İnsanların “pandemiya bitdi” düşüncəsi onların kütləvi toplaşmalarına, şənliklərə, əyləncə məkanlarına üz tutmaları səbəbindən ehtiyat qorunma tədbirləri unuduldu və bunun nəticəsində də infeksiyaya yoluxmalar artdı.
Hazırda insanları, xüsusilə, valideynləri düşündürən bir məsələ var ki, o da yoluxma sayının artması ilə bağlı yeni tədris ilinin necə olacağıdır. Onu da qeyd edək ki, yoluxma sayına baxmayaraq, 2021 – 2022-ci tədris ilində dərslər dayandırılmamışdı. Təhsil naziri Emin Əmrullayev Azərbaycanda koronavirusa yoluxma sayının artmasının yeni tədris ilinə təsirinə aydınlıq gətirərkən deyib: “Əgər koronavirusa yoluxma artarsa, oxşar model yeni tədris ilində də tətbiq edilə bilər. Təbii ki, operativ qərargahın və aidiyyəti dövlət qurumlarının qərarlarına uyğun addım atılır. Bugünkü artım sayları əvvəlki dövrlərlə nisbətdə aşağıdır. Hesab edirəm ki, payız mövsümündə yoluxma sayının artmasının məktəblərin bağlanmasına səbəb olması ehtimalı azdır. Ola bilsin, bəzi siniflər distant tədrisə keçsin. Bu da həmin vaxtın göstəricilərindən asılıdır”.
Hazırda qonşu ölkələrdə də yoluxma sayı daha çox artıb. Son sutka ərzində Rusiyanın 85 regionunda 9 mindən çox insan infeksiyaya yoluxub. Rusiyalı tibb elmləri doktoru, professor Anton Yerşov koronavirusun payıza doğru yayılmasının artacağı ilə bağlı danışarkən deyib ki, növbəti koronavirus dalğası yoluxmaların sayı baxımından daha böyük olacaq, çünki bu, payızda mövsümi SARS ilə üst-üstə düşəcək.
A. Yerşov onu da qeyd edib ki, BA.2.75 subvariantı ilk dəfə 2022-ci ilin yayında Hindistanda kəşf edilib və orada kifayət qədər sürətlə yayılıb. Bu variant iyunun 12-də infeksiyaların 2 faizini təşkil edirdisə, bir ay sonra bu rəqəm artıq 23 faizə çatıb. İyul ayında dünyada yayılmağa başlayan “Kentavr” bu gün ondan çox ölkədə qeydə alınıb. Virusoloqlar onun adi “Omicron”dan daha da yoluxucu ola biləcəyini ehtimal edirlər, lakin onun xüsusiyyətləri hələ tam müəyyən edilməyib. Məlum olub ki, bu yarımnöv yalnız yoluxuculuğu ilə deyil, həm də yüksək patogenliyi ilə məşhurlaşan orijinal “Omicron” və “Delta” ştammının bir növ hibrididir. “Delta”dan virus S-zülalında mutasiya alıb, eyni koronavirus “tikanı” vasitəsilə hüceyrəyə daxil olur. Bunun üçün onu qeyri-rəsmi olaraq “Kentavr” adlandırıblar.
A.Yerşov deyib ki, əslində bu, ilk belə hibrid deyil. Belə mutantlar çoxdan məlumdur və onlar heç bir təhlükə yaratmır. Professor əmindir ki, bir çox digər viruslar kimi koronavirus da yoluxuculuğu artırmaq və patogenliyi azaltmaq üçün daim mutasiyaya uğrayır, modifikasiyalar eyni istiqamətdə gedir. Onun fikrincə, “Kentavr” bu cərəyanın ən bariz nümunələrindən biridir və xəstəliyi ağırlaşdırmır.
Qardaş Türkiyədə, Gürcüstanda da vəziyyət ürəkaçan deyil. Həmin ölkələrdə də virusa yoluxma halları artıb. Hətta Türkiyəli baş nazir Fəxrəddin Qoca vətəndaşları insanların sıx toplaşdıqları yerlərdə tibbi maska taxmağa çağırıb: “Koronavirusla yaşamağı artıq öyrənmişik. COVID qurtarmayacaq. Bunu qrip xəstəliyi kimi sayın. Onsuz da son zamanlarda simptomları da qripə bənzəyir”, - deyə o, yanaşı xəstəlikləri olanları diqqətli olmağa çağırıb.
Türkiyə səhiyyə naziri onu da qeyd edib ki, qapanma və oxşar vəziyyətlər olmayacaq: “Peyvəndimiz var, dərmanımız var, tədbirlər görməyə davam edək”.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artan yoluxmalar nəticəsində bir daha dünya ölkələrini daim virusa qarşı mübarizə tədbirlərinə diqqət etməyə çağırıb. Qeyd edilir ki, başlıca olaraq insanlar peyvənd olunmalıdırlar, yoluxmaların artacağı təqdirdə isə maskalardan istifadə etməlidirlər. Açıqlamalarda o da bildirilib ki, virusa yoluxmuş və ölüm ehtimalı qeydə alınan xəstələrin böyük əksəriyyəti peyvənd olunmayan şəxslərdir.
Azərbaycanda da birrəqəmli göstəricilər son həftələrdə artaraq 3 rəqəmliyə çatıb. Dünyada və qonşu ölkələrdə artan say ölkəmizə də öz təsirini göstərib. Odur ki, baş verə biləcək vəziyyətə qarşı lazımi tədbirlər görülüb, modul tipli xəstəxanalar hər an xəstələri qəbul etmək üçün hazır vəziyyətə gətirilib. Hazırda “Omicron” ştammı və onun altvariantlarının ölümcül riski digərlərinə nisbətən az olsa da yoluxmadan müdafiə üçün sadə qaydalara əməl etmək vacib şərtdir. Əhali arasında artıq COVID-19-la bağlı adi respirator virus infeksiyalarından biri kimi fikirlər formalaşsa da sayların artacağı təqdirdə hər kəs məsuliyyətli davranmalıdır. Çünki laqeydliklə bu virusa təkcə özümüzü yox, bütün yaxınlarımızı və çevrəmizi də yoluxdura bilirik.
Mənsumə Babayeva, “İki sahil”