13 avqust 2022 03:36
692

Satmaq öhdəliyi ilə kirayədə vəziyyət necədir?

Azərbaycanda satmaq öhdəliyi ilə kirayəyə verilmiş mənzillərin sayı artmaqdadır. Satmaq öhdəliyi ilə kirayə mexanizminin icrasına 2020-ci ildən başlanılıb, İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, indiyə  kimi 1893 mənzil bu üsulla realizə edilib. Ötən ilin sonunda bu göstərici 1280 idi.  Bu o deməkdir ki, belə mənzillərin 613-si və ya 32,4 faizi bu ilin payına düşüb. Həmçinin 867-i və ya 45,8 faizi 2021-ci ildə, 413-ü və ya 21,8 faizi 2020-ci ildə satılıb.

Qeyd edək ki, ölkə başçısının 25 yanvar 2019-cu il tarixli “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Fərmanının birinci bəndinə əsasən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. Bu mexanizm çərçivəsində müraciətlərin qəbuluna 2020-ci ilin 10 mart tarixində başlanılıb və ilk 6 müqavilə 16 mart 2020-ci ildə  rəsmiləşdirilib.

İlk vaxtlarda belə mənzillərin sayının məhdud olması, eyni zamanda, onların yerləşdiyi ərazilər və qiymət amili satmaq öhdəliyi ilə kirayə mexanizmini o qədər də əlverişli etmirdi. Lakin sonra təklif olunan mənzillərin sayı ərazilər də genişləndirilməklə bir neçə dəfə artırılıb. Ən əsası isə ötən ildən prosedur və qaydalar yumşaldılıb.

İpoteka və Kredit Zəmanət Fondunun yaydığı son məlumata görə, vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısı genişləndirilib və mənzil fonduna daha 216 tam təmirli mənzil daxil edilib. O cümlədən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış kompleksi üzrə vətəndaşlara 44 yaşayış sahəsi təklif olunur ki, bunlar da 2 və 3 otaqlı mənzillərdir. Bildirilib ki, kompleksdə yeni mənzillərin aylıq ödənişləri 557 manatdan başlayır. 

Həmçinin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 172 mənzil təklif olunur. Fond bəyan edib ki, bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 268 manatdan başlayır. Aylıq ödənişlər çox güzəştli şərtlərlə, mənzilin dəyərində sığorta da daxil olmaqla xərclər nəzərə alınmaqla hesablanır. Yeni mənzillər elektron sistem üzərindən seçim üçün 8 avqust 2022-ci ildən açıqdır.

Qaydaya görə, satmaq öhdəliyi ilə kirayəyə mənzil əldə etmək üçün müraciətlər elektron sistemlə həyata keçirilir və növbəlilik əsasında qeydiyyata alınıb baxılır. Sənədlər Fonda təqdim edildikdən sonra 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır. Qaydaya əsasən, kirayəçi kirayə müqaviləsi üzrə alış qiymətini tam ödədikdə və yaşayış sahəsi kirayəçinin mülkiyyətinə keçdikdə, kirayə müqaviləsi üzrə kirayə hüququ münasibətlərinə xitam verilir.

Ceyhun Piriyev, “İki sahil”