Adı “imza” ilə başlayan döymə, illər keçdikcə daha böyük tatularla əvəzlənməyə başlayıb. Hazırda gənclərin əksəriyyəti böyük ölçülü döymələrlə bədənlərini bəzəyirlər. Artıq onlara zərif, sadə görünüşlü tatular kifayət etmir.
Döymə etdirməyi sevən insanlar son zamanlar sadə şəkillərin əvəzinə öz psixologiyalarını, ruhlarını ifadə edən tatular döydürmək arzusundadırlar. İnsanlar hansısa aktyorda, aktrisada, futbolçuda gördüyü şəkillər əvəzinə öz xarakterlərini ifadə edən tatulara daha çox bağlı olur. Psixoloqlar bunun səbəbinin bədənlərində daşıdıqları həmin şəkillərin onların həyatlarını və xatirələrini əks etdirdiklərini düşünmələri olduğunu bildirirlər. Bu tatular onların ən yaxın dostuna çevrilir. Kimi sevgisini, kimi nifrətini bədəninə yazdırır. Böyük ölçülü tatular sahibinin zövqünü oxşasa da, bir çox hallarda estetik görüntüyə mənfi təsir edir. Ümumiyyətlə, bunun səbəbi nədir? Bu psixoloji bir problemdir, yoxsa sadəcə dəb?
Hindlilər, yaponlar, amerikalılar və Afrikadakı bəzi qəbilələr döymədən bəzək olaraq istifadə etsələr də, bir çox yerlərdə tatu xəstəliklərə və pis ruhlara qarşı qoruyucu tilsim olaraq tətbiq edilib. Hətta araşdırmalara görə, bədənlərə vurulan döymələr əsrlər öncə şəxsiyyəti, həmin şəxsin kimliyini, hansı qəbiləyə aid olmasını və vəzifəsini bildirirmiş. Qədim dövrlərdə qulları fərqləndirmək üçün damğa vururdular. Tatunun eradan əvvəl 2000-ci illərdə qədim Misirdə, asiyalılarda, britonlarda, traklarda mövcud olması mumiyalardan bəllidir. Qədim Yunanıstanda və Romada tatu barbarlara məxsus bir məşğuliyyət sayıldığı üçün kölələrə və cinayətkarlara məcburi sayılırdı. O zamanlarda xristianlara döymə qadağan edilmişdi. Buna qarşı çıxan xristianlar bədənlərinə xaç və İsanın adını döydürürdülər.
Psixoloqların qənaətinə görə, böyük tatular daha çox diqqət çəkmək üçündür. Yəni, məndə digər insanlardan daha fərqli nüans var. Bəzən qollara vurulur ki, əzələlər görünsün. Yəni "mən varam” və "buradayam” demək məqsədi daşıyır. Bu, insanın daxili aləminin səssiz qışqırmasıdır. Bütün növ tatular psixoloji mənada kənara informasiya vermək və insanlara, ətrafa öz varlığını, gücünü, möhkəmliyini göstərmək üçün edilir.
İnsan davranışlarını araşdıran tədqiqatçılar hesab edirlər ki, döymə həyat hekayəsini simvollaşdıra bilər. Bəzi hallarda döymələr ailə üzvünün və ya yaxın dostunun itirilməsi kimi travmatik həyat hadisələri zamanı bərpa olunmağa kömək edir. Bu, şəxsi macəra da ola bilər. Döymələri olan şəxslər ağrı qorxusunu dəf edərək özlərini daha cazibədar, güclü və özünəinamlı hiss edirlər. Bəziləri üçün döymələr dərinin altından daha dərinə gedir və dərin bir şəxsi dəyişiklik yaradır, onu ruhi cəhətdən daha güclü edir.
Avstraliyalı araşdırmaçılar da bu tatu asılılığının səbəblərini açıqlayıblar. Onlar bildiriblər ki, birinci səbəb adrenalin və endorfindir. Adrenalin asılılığı olan insanlar daim tatu etdirmək istəyirlər. Çünki riskə və ağrıya qarşı bədəndən xaric olunan endorfin və adrenalin onlara zövq verir. İkincisi, psixoloji ağırını tatu ağrısı ilə əvəzləmə istəyidir. Bəzi insanlar var ki, özünü yaralamaqdan zövq alırlar. Tatu ağrısı emosional və zehni stressi aradan qaldırmaq üçün istifadə olunur. Üçüncü səbəb özünü ifadə etməkdir. Hər bir döymənin mənası var. Yəni, insanın bədənindəki döymələr onun bədən dilidir. Tatu dərdlərini dünyaya çatdırmaq istəyən gənclərin bədənlərinə həkk olunmuş dilidir.
Ən əsas səbəblərdən biri üsyandır. Valideynlər, məktəblər, dinlər döyməyə qarşı olduqları üçün tatuların üsyan vasitəsi olması təəccüblü deyil. İnsanların, xüsusən də, gənclərin təbiəti bunun əksini etməkdir.
Röya Rasimqızı, “İki sahil”