Bakının azad edilməsinin 104-cü ildönümünə həsr olunmuş rəsm sərgisi keçirildi
Sentyabrın 13-də Xətai Sənət Mərkəzində Qafqaz İslam Ordusunun Bakının azad etməsinin 104-cü ildönümünə həsr olunmuş gənc rəssamların sənət əsərindən ibarət rəsm sərgisi keçirildi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan-Türkiyə Cəmiyyətinin sədri, Əməkdar incəsənət xadimi Etibar Babayev sərginin əhəmiyyətindən danışdı: “ 104 il bundan öncə, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdilər. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olundu, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Bugünkü sərgimiz və burada nümayiş olunacaq əsərlər də məhz bu mövzuya həsr olunub. “
E.Babayev vurğuladı ki, bugünkü sərgidə nümayiş olunacaq əsərlərin müəllifləri çox gəncdirlər: «Onlar rəsm həvəskarlarıdır. Ən böyüyünün 17, ən kiçiyinin 8 yaşı var. Sərginin də özəlliyi bundadır. Sərgidə yaradıcılıq nümunələri nümayiş etdirilən gənc rəssamlar KamART İncəsənət Qalereyasında Kəmalə Cəfərzadənin rəhbərliyi ilə rəsm sənətinin sirlərini öyrəniblər. Ola bilsin ki, onların hamısı gələcəkdə rəssam olmayacaqlar. Amma hər birinin zövqü, rəsm əsərinə qiymət vermə bacarığı inkişaf edəcək. Bu, onların həyatında ilk sərgidir. Sərginin mövzusunun aktuallığı da gənclərimizin yaddaşında həkk olunacaq və onlar tariximizi təkcə bilməyəcək, həm də yaşadacaqlar.»
“Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzinin sədri, Əməkdar incəsənət xadimi Yasif Nəsirli qeyd etdi ki, 1918-ci ildə Nuru Paşa və onun əsgərləri Azərbaycana gəlməsəydi bəlkə də bu gün biz burada deyildik: «Bəlkə də bugünkü Azərbaycan bugünkü Azərbaycan olmazdı. Aradan uzun illər keçməsinə baxmayaraq Türkiyə Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi unudulmur. Bu xilaskarlıq missiyası Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq. Bu tarixi hadisəyə həsr olunmuş sərginin təşkilatçılarına təşəkkür edirəm. Gənc rəssamların rənglərin dili belə əlamətdar tarixi hadisəni tərənnüm etmələri qürurvericidir. Bu münasibətlə onların hər birini təbrik edir, yaradıcılıq uğurları arzulayıram.»
Xalq rəssamı, professor Arif Hüseynov, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Nurəddin bəy, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, KamART İncəsənət Qalereyasının direktoru Kəmalə Cəfərzadə, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, teleaparıcı hacı Nuran Hüseynov çıxış edərək Qafqaz İslam Ordusunun Bakını erməni vandalizmindən azad etməsinə həsr olunmuş sərgidə yer alan rəsmlərin tarixi əhəmiyyətindən söz açdılar. Diqqətə çatdırdılar ki, sərgi gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir və layihələrdə iştirakını dəstəkləmək məqsədi daşıyır.
O da qeyd edildi ki, bugünkü sərginin keçirilməsi həm də yeniyetmə və gənclərin tariximizi daha dərindən bilmələri üçün əlverişli bir vasitədir. Tarixini bilməyən gələcəyinə yön verə bilməz. Çıxışçılar sərginin müəllifləri olan gənc rəssamlara sənət yollarında uğurlar dilədilər.
Daha sonra qonaqlar şagirdlərin rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular. Sərgidə gənc rəssamların müəllifi olduğu 15 əsər nümayiş edildi.
Sonda sərgidə iştirak edən gənc rəssamlar diplomlarla təltif olundu və xatirə şəkli çəkdirildi.
Yaqut Ağaşahqızı, “İki sahil”