Qızıl Orda haqqında oçerkin varislərə həsr olunan bölümündə qeyd edildiyi kimi, Noqay Ordası möhtəşəm Cuci-Batı imperiyasının parçalanmasından yaranan dövlət təşəkülləri içərisində xüsusi fəallığı və özünəməxsusluğu ilə seçilir. Amma gəlin, unikal və spesifik xüsusiyyətlərinə keçmədən təqdimat xarakterli faktlar əsasında onunla qısaca tanış olaq.
Qızıl Ordanın sol qol uluslarına mənsub Noqay Ordası Əmir Yedigey (İdige) tərəfindən qurulmuş, 1419-cu ildə onun öldürülməsindən sonra oğlu Nurəddin tərəfindən idarə olunmuşdur. Nurəddin öz ulusunun torpaqlarını Azov dənizindən Aral gölünə qədər genişləndirmişdir. Tarixşünaslıqda belə bir ehtimal da var ki, Həştərxan xanlığı həmin genişlənmə prosesində yaranıb. Noqay Ordası ərazisinə və əhalisinin sayına görə Qızıl Orda varisləri arasında ən böyüyü idi. Ərazisi Volqanın aşağı axarının sağ sahillərini, Qərbi və qismən də Mərkəzi Qazaxıstanı, Başqırdıstanın bir hissəsini əhatə edirdi. Noqay Ordasına dair fundamental tədqiqatları ilə tanınan Vadim Trepavlov yazır ki, bu dövlət qədim türk ənənəsinə uyğun olaraq iki qanada (cinaha)- sağ və sol qola, yaxud qərb və şərq əyalətlərinə bölünür, bunların başında duran nurəddin və keyqubad (hər iki termin Əmir Yedigeyin oğullarının adından götürülüb) eyni zamanda həm canişin, həm də qoşun başçısı funksiyalarını yerinə yetirirdi. 1580-ci illərdə Sibir xanlığına son qoyulması ilə Noqay ərazilərinin şimal-şərqində məskunlaşan tatarların idarə olunması məqsədi ilə taybuğa (bu termin isə məşhur sülalənin yarıməfsanəvi cəddinin adındandır) vəzifəsi təsis olundu. V.Trepavlov Noqay Ordası tərkibində başqırd yurdlarının idarəçiliyini həyata keçirən daha bir vilayət canişinliyinin olduğunu da qeyd edir.
Qızıl Orda törəmələrinin müqəddəratında kəskin dönüşün baş verdiyi XVI əsrə qədər Noqay ulusu Yedigey oğullarının hakimiyyəti altında öz tarixinin sosial rifah dövrünü yaşayırdı. Lakin Əmir Musanın vəfatından (1502) sonra onun kiçik qardaşları və oğulları taxt mübarizəsinə qalxmış, nəticədə ulus qarşı-qarşıya dayanan iki düşərgəyə bölünmüşdür. Əvvəl Musanın oğulları Şeyx Məhəmməd və Alçagir, sonra isə Mamayla və qardaşı oğlu Agiş arasında gedən qızğın döyüşlər noqayları əldən salmış, fürsətdən yararlanan qazax xanı Qasım 1519-1520-ci illərdə Orda ərazilərini işğal etmişdir. Mirzələrin çoxu Volqanın sağ yaxasına keçərək, Krım xanlığı torpaqlarında köç etməyə başlamışdır. Krım xanı I Məhəmməd Gireydən dəstək və diqqət görən noqaylar onun qoşununun tərkibində Moskva üzərinə yürüşdə iştirak edərək, şücaət göstərmişlər. Elə həmin il Qasım xan vəfat etmiş, noqaylar öz Ordalarını yenidən qurmuşlar. 1523-cü ildə keçmiş himayədarları Məhəmməd Girey xanı qətlə yetirən noqaylar bölğədə özlərini müstəqil güc mərkəzi kimi tanıtmış, ardı-arası kəsilməyən basqınlarla qonşu xanlıqlara ziyankarlıq etmişlər. Noqaylarla münasibətləri xoş tutmaq istəyən bəzi Kazan və Həştərxan bəylərinin onlara xərac ödədikləri vaxtlar da olmuşdur.
Noqaylar köçəri həyat tərzi olduqlarından Cuci ulusunun hər yerində onlara rast gəlmək mümkün idi. Ümumiyyətlə, göz işlədikcə uzanan qıpçaq çöllərində köç edən bütün qəbilə və tayfalar bu torpaqları özlərinin ortaq Vətəni sanırdılar. Bir tərəfdən Noqay ulusuna əmirlik edən yedigeyoğulları o biri tərəfdən digər xanlıqların ərazisində də kəraçi bəyləri kimi divana üzv olur, idarəçilikdə iştirak edir, bozqır aristokratiyası sistemində mövqelərini gücləndirirdilər. Noqay mirzələrinin hətta bir müddət Krım xanlığında şirin bəylərini sıxışdırıb divana başçılıq etdikləri də məlumdur. Kazan və Həştərxanın işğalından sonra bu xanlıqların ərazisində yaşayan noqaylar Kubana, öz ordalarının məskunlaşdığı yerlərə köçmüşlər.
İndi keçək Noqay Ordasının özünəməxsusluğu məsələsinə. Maraqlansanız, görərsiniz ki, bir-iki fundamental monoqrafiyanı çıxmaq şərtilə əksər əsərlərdə Qızıl Ordanın digər varislərindən fərqli olaraq, Noqay Ordasının tarixinə, adətən, səthi və müxtəsər toxunulur, bəzi müəlliflər isə bu dövlətdən ayrıca söz etməkdənsə, daha çox Kazan, Həştərxan, Krım xanlıqlarının tarixindən danışarkən bəhs açmağa üstünlük verirlər. Əslində, nə qədər qəribə səslənsə də, Noqay Ordasının yaranması, formalaşması, bölgədə baş verən siyasi hadisələrdə iştirakı və əlbəttə, işğalı proseslərinin qarmaqarışıqlığı süni olaraq yaradılan bir problem deyil, onun təbiətindən irəli gəlir və unikallığı ilə şərtlənir. Noqay Ordası Cuci ulusunun parçalanmasından yaranan, demək olar, bütün dövlət təşəkküllərindən prinsipial şəkildə fərqlənir, ümumilik kəsb edən başlıca paradiqmalara uyuşmur (qəliblərə girmir və sığmır) və bu baxımdan da araşdırıcılar üçün əlavə çətinliklər törədir, onları gözlənilməz maneələrlə qarşılaşdırır. Maraqlıdır ki, sözügedən fərq və uyğunsuzluqlar ilk baxışda zahirən qabarıq göründüyü halda, mahiyyətcə dərin, qəliz və hətta bəzi hallarda izahedilməz səciyyə daşıyır. Hər bir halda, Noqay Ordası fenomenini düzgün anlamaq və tanıtmaq baxımından yalnız ona xas olan spesifik əlamətlərin bir-ikisini gözdən keçirməyə dəyər.
Ad və status fərqi:
Qızıl Orda törəmələrinin çoxu əhatə etdikləri coğrafi ərazilərin və ya mərkəz şəhərlərin adını daşıyıb: Kazan, Krım, Həştərxan, Sibir, Qazax xanlıqları və s. Desək ki, istisna təkcə Noqay Ordasıdır, doğru olmaz; çünki Özbək ulusunun (sonradan xanlığa çevrilib) və Qasım xanlığının da adları toponim mənşəli deyil, bu xanlıqları yaradan və idarə edən şəxslərin adındandır. Amma Noqay Ordasının adı bunlardan da seçilir. Zira bu dövlətin adlandırılma motivi xeyli qaranlıqdır. V. Trepavlov da “bu adın mənşəyinin məlum olmadığını” yazır. Əksər tarixşünaslar “noqay” adının əmir Noqayla bağlı olması qənaətində həmfikirdirlər. Başqa cür düşünənlər isə,- misal üçün, Zəki Vəlidi Toğan onu əmir Noqayla deyil, Qızıl Ordanın son xanlarından Qara Noqayla əlaqələndirir. Z.V.Toğan bunun səbəbini Qara Noqay xanın Qızıl Ordanın süqutu ərəfəsində sol qol uruqlarını səfərbər edərək taxtda olduğu üç il ərzində dövlətin bütövlüyünü təmin etmək uğrunda mübarizə aparmasında görür. Bundan başqa, Noqay ulusunun öz adını Çingiz xanın nəvələrindən birindən aldığını iddia edənlər də var. Fikir müxtəlifliyinə rəğmən, bütün hallarda motivin aydın, birmənalı və məntiqli olmadığı göz qabağındadır. Məsələni qəlizləşdirən başqa nüanslar da nəzərdən qaçmır. Özbək xan Qızıl Ordanın müsəlmanlaşdırılmasında mühüm rol oynamış, elə buna görə də əvvəlcə əhalinin müsəlmanlığı qəbul etmiş hissəsi (burada konkret ad çəkməkdən, etnonimlər işlətməkdən məqsədli şəkildə çəkinirik) “özbək” adlandırılmış, xeyli sonralar isə bu söz həm də müvafiq xalqın və xanlığın adını bildirmişdir. Bu müqayisədə adlandırma motivinin interpretasiyası qanunauyğun və tamamilə anlaşılandır (XXI əsr insanı üçün nə qədər çətin olsa belə). Bəs hətta dövlətin süqutunu ləngitmək istəmiş olsa belə, tarixdə parlaq şəxsiyyət kimi bir nişanə qoymayan, adı-sanı, hər hansı müstəsna xidməti bilinməyən Qara Noqay xanla bağlı versiyanıı necə izah (və qəbul) etməli? Yaxud məlumdur ki, Qızıl Orda əhalisinin müəyyən qisminin “özbəklər” adlandırılması Özbək xanın sağlığında, yaxud o öləndən az sonra baş verib. Çingiz xanın nəvəsi ilə Noqay Ordasının bu adla xatırlanması arasında isə neçə əsrlik zaman məsafəsi var. Birdən-birə nə baş verib? Yenə müəmma. Hərçənd Özbək xan misalı ilə paralelləşdirmə, zənnimizcə, bu qaranlıq məsələyə sısqa da olsa, işıq sala bilər. Diqqət yetirək: Özbək xanın adı əvvəlcə müəyyən sosial zümrəyə, sonra xanlığa (dövlətə), lap axırda isə etnosa, xalqa verilir. “Noqay” adının təkamülü də oxşar sxem üzrə gedir. Ulusdan əvvəl bu adı onun ərazisində yaşayan müxtəlif boy və tayfalardan ibarət, yekcins və yekrəng olmayan çoxsaylı sosial birlik daşıyır. Yəni, “noqay” adı da əvvəlcə etnonim kimi işlənir, Orda (dövlət) isə adını bilavasitə əmir Noqayın, yaxud Noqay adlı şəxsiyyətlərlərdən hər hansı birinin deyil, bölgədə güc və nüfuz sahibi olan, qəbilə aristokratiyası sistemində mühüm yer tutan müvafiq qəbilənin (tayfa və ya tayfa birliyinin) adından götürür. V.V.Bartoldun yazdığına görə, rus qaynaqlarında “noqay” kimi xatırlanan həmin etnik vahid şərq mənbələrində “manqıt” adlandırılırmış. Bir çox mənbələrdə, doğrudan da, noqay məskənlərini bildirmək üçün “manqıt yurdu” termini işlənir. Bunu V. Trepavlov da müşahidə edib: “XV əsrin sonlarında manqıt nüvəsi ətrafında toplanan çoxsaylı türk-qıpçaq tayfaları ümumi şəkildə “noqay” adı ilə tanınır”. Tarixçi alimin hesablamasına görə Noqay Ordası ərazisində təxminən 120 tayfa (el) yaşayırmış, manqıtlar isə bunların nüvəsini təşkil edən 7 böyük uruqdan (“Yedisan” adı ilə məşhur olan Şirin, Barın, Qıpçaq, Arğun, Alçın, Katay və Manqıt boyları) biri və ya birincisidir. Manqıtların ümumiyyətlə, bir çox türk etnoslarının, o cümlədən, tatar, özbək, qaraqalpaq, qırğız (qazax), başqırd, türkmən, yakut, Krım tatarı, xakas, altay xalqlarının genezisində, soykökündə mühüm yer tutduğu məlumdur. “Monqolların gizli tarixi”ndə Çingizxanın ilk və ən sadiq silahdaşlarından Camukanın dili ilə “Temuçinin yanında yer alan” qəbilələrdən olduğu bildirilən manqıtların döyüşkənliyi və hərbi işdə məharəti xüsusi vurğulanır. Lakin manqıtların Noqay Ordası ərazilərində aparıcı mövqeyə çıxması, əlbəttə ki, təkcə onların hərbi özəllikləri ilə bağlı olmayıb. Burada müəyyən tarixi amillər də təsirini göstərib. Misal üçün, mütəxəssislər Batı xan oğullarının hakimiyyətinə son qoyulduqdan sonra, təqribən, XV əsrdə “Yedisan” (bu etnonim bir qayda olaraq yetmiş min döyüşçü-ailə mənasını verən “yetmiş min qazan” kimi izah edilir) uruqlarından Şirin, Barın, Qıpçaq və Arğun tayfalarının (tayfa birlikləri) Volqanın qərb tərəfinə, Krım xanlığı ərazilərinə köçməsini Alçın, Katay və Manqıtların (maraqlıdır ki, “noqay” etnonimini bu üç uruğun müştərək adı olaraq işlədənlər də var) köhnə yurdda möhkəmlənməsi üçün stimul hesab edirlər. Manqıtların yüksəlişində ən əsas rolu Əmir Noqayın oynaması isə şübhəsizdir.
Noqay, Berke xan zamanında Qızıl Ordanın ən qüdrətli tümənbəyi olub, ölkənin qərb torpaqlarını, aşağı Dunaydan aşağı Dneprəcən geniş ərazilərini idarə etmişdir. Sözügedən torpaqların mütləq hakimi olan Noqay həm də bütün Qızıl Ordanın müqəddəratını həll edəcək dərəcədə güc, təsir və səlahiyyət sahibi kimi tanınır, hətta Berke xandan sonrakı mərhələdə imperiya taxtında kimin əyləşəcəyinə də o qərar verirdi. Tarixçilər Məngü Timur (1266-1282), Tuda Məngü (1282-1287), Tula Buka (1287-1291) və Toktanın (1291-1319) xan seçilməsində həlledici rolu məhz Noqayın oynadığını yekdilliklə qeyd edirlər. Əhməd Dəmirin yazdığına görə, o, bir çox qonşu xarici dövlətlər tərəfindən Qızıl Ordanın hökmdarı sayılır, hökmdar kimi bu ölkələrə səfirlər göndərir, onlardan elçi və hədiyyələr qəbul edirdi. 1259-cu və 1296-cı illərdə Qaliçyaya, 1261-1263-cü illərdə Qafqaza yürüşlərə çıxmış, Qara dənizin şərqində və şimalında yerləşən əraziləri öz tabeçiliyinə keçirmişdi. Noqay Bulqar və Bizans kimi güclü dövlətlərlə rəqabət aparmaqdan çəkinmirdi. Bizans Qızıl Ordanın Cənubi Qafqaz uğrunda mübarizə apardığı hülakuların ən yaxın müttəfiqi idi və ən ağır zərbəni də Noqaydan almışdı. Əmir Noqay Konstantinopolu uzun müddət mühasirədə saxlayaraq Bizans imperatoru Mixail Paleoloqu öz şərtləri ilə sülh bağlamağa məcbur etmiş, münasibətləri yaxınlaşdırmaq məqsədi ilə onun qızı ilə nigaha girmişdi. Bolqarıstana dağıdıcı həmlələr etmiş, şəhər və kəndləri viran qoymuşdu. Qızıl Ordaya məxsus ticarət gəmilərinin Qara dəniz boğazlarına sərbəst şəkildə girib-çıxmasına nail olmuşdu. Rus salnamələrində adı ilk dəfə 1276-cı ildə çəkilən Noqay haqqında deyilir ki, o, özündən asılı vəziyyətə gətirdiyi knyazlardan Vladimir Volınski, Lev Qalitski və Mstislava məktublar göndərərək onlar qarşısında Litva səfərinə çıxmaq üçün ittifaq bağlamaq tələbi qoydu və 1288-ci ildə onlarla birlikdə Polşa üzərinə yürüş etdi. 1275-1288-ci illərdə Noqayın Balkan ölkələri və Polşanı Ordadan vassal asılılığına salmaq və xəraca bağlamaq üçün fasiləsiz müharibələr apardığı bəllidir. O, hülakularla 1262-ci ildən başlayıb fasilələrlə 1390-cı illərə qədər davam edən çoxsaylı döyüşlərdə Berke xanın və onun varislərinin ən yaxın silahdaşı (bəlkə müttəfiqi?) idi. Nəticəsiz başa çatsa da bu müharibə Qızıl Ordanın beynəlxalq mövqeyinin möhkəmlənməsində, Misirdəki məmlüklər dövləti və səlcuqilərlə siyasi münasibətlərinin yaxınlaşmasında ciddi əhəmiyyət kəsb edirdi.
Aydın məsələdir ki, Noqay istəsə, xan taxtını xoşluqla, yaxud zor gücünə ələ keçirə bilərdi. Lakin bu, Çingiz yasalarına zidd olacaqdı. Müstəsna güc və nüfuzuna baxmayaraq, hakimiyyətinin heç bir şəkildə qanuni və legitim sayılmayacağını o özü də yaxşı bilirdi. Qızıl Ordada yasalar müqəddəs və toxunulmaz idi, bütün qüvvə və şəxsiyyətlərin fövqündə tutulurdu. Yasalara və dövlətçilik ənənələrinə görə isə xan taxtına çıxmaq üçün Çingiz soyundan olmaq mütləq şərt hesab edilir, “qara sümük bəyləri”nə (hətta böyük Noqayın özünə belə!) belə bir haqq tanınmırdı. Elə buna görə də xanlıq həvəsinə düşməyən Noqay daim Çingiz sülaləsinə sadiq olduğunu nəzərə çarpdırmış, bununla belə “dövlət içində dövlət” olmaqdan da əl çəkməmişdi. Tarixə Qızıl Ordanın ən parlaq şəxsiyyətlərindən biri kimi daxil olsa da, Noqayın qeyri-rəsmi “hakimi-muxtar” statusu bir çox çingizi sultanları tərəfindən təbii bir qısqanclıqla qarşılanır, separatçılıq kimi qiymətləndirilirdi. 1300-cü ildə (bəzən 1299-cu il də deyilir) onun döyüş zamanı öldürülməsi ilə Qızıl Ordada ikitirəliyə son qoyuldu və Noqay ulusunun Cuci dövlətinə de-yure tabeçiliyi de-fakto da rəsmiləşdi. Yeri gəlmişkən, Noqayın Qızıl Orda taxtına yiyələnməsi qarşısında duran yasa maneəsi sonradan Noqay Ordasında digər “qardaş dövlətlər”lə eyni hüquqda “xanlıq” yaradılmasına da əngəl olmuşdur.
İş burasındadır ki, yasaya və ənənələrə görə, xanlıq- xalq kütlələri arasında geniş yayılmış qədim təsəvvürlərlə müqəddəs sayılan Çingiz soyuna mənsub hər hansı bir xanın hökmranlıq etdiyi monarxiya dövləti demək idi. Noqay ulusunda isə mütləq hakimiyyət adi bir bəy nəslindən olan Yedigeyin və onun oğullarının (əmirzadə-“mirzə”lərin) əlində cəmləşmişdi. Harda yaşamasından asılı olmayaraq çingizi sultanlarından birinin hakimiyyətə gətirilməsi Noqay uruqlarında xanlıq üsul-idarəsi yaradılmasının mütləq şərti idi ki, bu da baş verməmişdi. Tarixşünaslar, demək olar, bir ağızdan Qızıl Ordanın Kazan, Krım, Həştərxan və Sibirdəki törəmələrinin “xanlıq”, Noqay uruqlarındakının isə “Orda” (ordugah, qərargah) adlandırılmasını məhz bu “kəsir”lə izah edirlər. M.Xudyakovun fikrincə, Noqay ulusunun bu müstəsnalığı məhz Yedigey və onun törəmələrinin nüfuzu ilə bağlıdır: “Taxt və tac Çingiz övladının haqqıdır. Bütün tatar dövlətlərində eyni üsul tətbiq edilmişdir. Noqay əmirlikləri istisnadır, çünki orada Yedigey Mirzənin övladları hökm sürürlər”.
Biz məsələnin tarixi aspektdə, bir qədər də ətraflı araşdırılmasının tərəfdarıyıq. “Orda” termini, ənənəvi olaraq noqaylara məxsus dövlət vahidinin növ adı kimi qəbul edilsə də (Qızıl Orda oçerkində qeyd olunduğu kimi, dövlət təşəkkülünün “orda” adlandırılması tarixə sırf rus-sovet yanaşmasından irəli gəlir), əslinə qalsa, politonim sayıla bilməz. Lev Nikolayeviç Qumilyov“Qədim türklər” əsərinin Türküt Xaqanlığından (546-658) bəhs edən hissəsində “orda” anlayışına belə interpretasiya verir: “”Orda” etnik yox, hərbi-təşkilati anlayışdır. VI əsrdə türküt ordası “tayfa”ya daha çox uyğun gəlirdi, sonra isə genişlənərək “dövlət”ə çevrildi. Orda hərbi həyat tərzini ailə həyatından daha üstün tutan könüllülərin hesabına genişlənirdi”. VI əsrdə “orda” anlayışının tayfalara aid edildiyini, sonradan əhatə dairəsini genişləndirərək, dövləti də öz içinə aldığını (bunu belə təsəvvür etmək olar: “ordu-tayfa”lar birləşir və “ordu-dövlət”i təsis edir) vurğulayan alim “tayfalarla ordaların maraqlarının tam əkslik və barışmazlıq təşkil etdiyini” də diqqətdən kənarda qoymur, bu anlayışını hər yerdə “tayfa”, “el”, “dövlət” anlayışları ilə sıx əlaqədə nəzərdən keçirir: “Qədim türkütlər öz dövlətlərini “el/il” adlandırırdılar və bu məsələ ətrafında mübahisələr həll edilməzsə, onların tarixinin dərki mümkün olmaz. “El/il” termininin mənası ilə bağlı vahid fikir mövcud deyil. S.Y.Malov “el”i “tayfa ittifaqı” kimi tərcümə edir, lakin onun “dövlət”, “xalq” mənalarını da göstərir. Radlov, Melioranski, Bartold, Tomsen və Xirt də eyni fikrə tərəfdar çıxmışlar... “İl” həm də başqa tayfaların zorla itaət altına gətirilməsi anlayışını ifadə edir... Ümumiləşdirsək, el- tayfa və ordanın birgə mövcudluq forması idi”. Kitabının başqa bir səhifəsində isə o yazır: “VIII əsr Asiya tarixçilərinin “tayfa” anlayışını XX əsr etnoqraflarının başa düşdükləri mənada işlətdiklərini güman etmək kobud modernizasiya olardı. Asiyadakı hərbi demokratiya epoxasında mənşə, dil, təsərrüfatı idarəetmə üsulu, din deyil, yalnız mərkəzi hakimiyyətə münasibətdə tabeçilik nəzərə alınırdı və “el” sisteminə daxil olan hər hansı birləşmiş kollektiv tayfaya bərabər tutulurdu”.
Beləliklə, L.Qumilyovun sitat gətirdiyimiz fikirlərindən hasil olan qənaət budur ki, qədim dövrlərdə “orda”- dövlət kimi yox, heç dövlətin əsas yaradıcı komponenti olan tayfa, tayfa birliyi (“el/il”) kimi də deyil, bunların birgə mövcudluq forması kimi anlaşılmışdır. Doğrudur, VI-VIII əsrlərə xas adlandırma və mənalandırma prinsiplərinin XIII-XV əsrlərə olduğu kimi proyeksiya edilməsi elmilik prinsipindən uzaqlaşmaq sayıla bilər, hər halda ötən yüzillər ərzində mütləq müəyyən dəyişiklik və təkamül baş vermişdir. Amma yaddan çıxarmayaq ki, köçəri həyat tərzi qanun və yasalar nöqteyi-nəzərindən olduqca konservativ və dayanıqlıdır. Müşahidələr noqaylarda “orda” anlayışının bütün parametrlər üzrə qədim türkütlərlə qəribə bir ahəngdarlıq təşkil etdiyini göstərir və bu, bizim üçün xüsusilə maraqlıdır. Özü də noqaylar bu cəhətdən istisna sayılmamalıdır. N. Nəsiblinin oğuz türkləri haqqında tədqiqatından da gördüyümüz kimi, köçəri birgəyaşayışının orda tipi bir çox oğuz/ türkmən tayfalarının həyat tərzində də silinməz izlər buraxmışdır. XVI əsrə aid Osmanlı arxiv sənədlərində varsaqlar birliyinə aid kuştemür, kusun, ulaş, əsənlü, gökçəlü, əlvanlu kimi döyüşkən köçəri boylarının, habelə Hələb türkmənlərindən bəydili, kızık, karkın, gündüzlü avşarı, bayat və s. tayfalar arasında “boybəyi ailəsini təşkil edən bəzi camaatların” “ordu” adı ilə qeydə alındığını üzə çıxaran azərbaycanlı alim haqlı olaraq bu faktı həmin boyların keçmişdəki hərbi fəaliyyətləri ilə izah etmişdir.
Ordanın başlıca fəaliyyət prinsipi onu təşkil edən qoşunun (ordunun) rifahını yaxşılaşdırmaqdır. Qoşun başçılarının əsas qayğısı bundan ibarətdir. Zira L.Qumilyovun təbirincə söyləsək, “Qoşunu boş saxlamaq olmaz, çünki o, sürətlə pozulmağa meyllidir. Knyazlar öz döyüşçülərinin əhval-ruhiyyəsi ilə hesablaşmalıydılar, çünki sonuncular onların yeganə ümidi və arxası idi. Əks təqdirdə döyüşçülər knyazlarını ya özlərinin istədiyi hərəkətə məcbur edər, ya da onu atıb gedə bilərdilər. Qoşunu isə qəsb-qarət daha çox maraqlandırırdı. Buna görə də daim qarşıya onu yedirib-içirmək üçün vuruşmaq və qələbə (oxu: qənimət- N.M.) qazanmaq zərurəti çıxırdı”. Bu sözlər, düşünürük ki, orda ilə qoşun (və tayfa) başçıları arasında qarşılıqlı münasibətlərə yetərincə aydınlıq gətirir. Əmir Noqay deyilənlərə bariz misaldır. Onun yüksəliş yoluna qısa bir nəzər salası olsaq, görərik ki, Noqay bir tümən bəyi kimi daim idarə etdiyi ulusun və ilk növbədə bu ulusun “nüvə”sini təşkil edən manqıtların hərbi gücünə və sədaqətinə arxalanmış, möhtəşəm siyasi karyerası dövründə də onlarla, onların qəbilə və qoşun başçıları ilə əlaqələrini heç vaxt üzməmişdir. O, manqıtları müzəffər axınlara aparmış, onlara bol qənimət qazandırmış, özü qüdrətləndikcə ulusu da böyümüş, güclənmişdi. Manqıt yurdu get-gedə məhz Noqaya itaət edən qəbilə və tayfalar hesabına genişlənmiş, onun nüfuzu sayəsində daha bərəkətli köç yerləri, otlaqlar tutmuş, əhali artıb-törəmiş, istehsal yüksəlmişdi. Bir sözlə, Noqay və Manqıt yurdu (ordası) bir-birindən ayrı təsəvvür ediməyəcək dərəcədə bağlı idi. Elə buna görə də Noqay yurdunda formalaşmış sosial konqlomeratın kənar, xarici qüvvələr tərəfindən məhz onun adı ilə nişan verilməsi (fərz edək, “Noqayın ulusu” qəlibində) tamamilə ağlabatandır. Etnonimin ilk dəfə rus salnamələrində işlənilməsi də məntiqə zidd deyil. Güman ki, birgə yürüşlər, qarşılıqlı əlaqələr əsnasında rus knyazları hansısa mərhələdə öz müttəfiqlərini “noqaylar” adlandırmışlar. Əvvəlcə danışıqda işlənən bu adın sonradan yazılı mənbələrə keçməsi qalan versiyaların hamısından daha real görsənir.
Dövlət quruluşu və həyat tərzində fərqlər:
Cuci ulusu ilk yaranış dövründə bütünlüklə köçəri və yarımköçəri qəbilə-tayfaların, gah birləşib-gah ayrılan müxtəlif situativ etnik qrupların konfederativ birliyindən ibarət bir dövlət idi. Burada həyat tərzini böyük nisbətdə köçərilik müəyyənləşdirirdi. Sonrakı təkamül isə oturaqlaşma istiqamətində getmiş, demoqrafik balans oturaq əhalinin artımı hesabına xeyli dəyişmişdi. Qızıl Ordanın süqutu ərəfəsində əhalinin əsas hissəsinin artıq oturaq həyat tərzi keçirdiyi, çoxluğu əkinçi, sənətkar və tacirlərin təşkil etdiyi aydındır. Bununla belə Orda əhalisinin tam həcmdə və ya mütləq əksəriyyətlə oturaqlaşdığını da söyləmək düz olmaz. Nəzərə almalıyıq ki, bu, yüksək dərəcədə yuvarlaq və nisbi bir definisiyadır. Ölkənin çox geniş ərazilərində böyüklü-kiçikli onlarla, bəlkə yüzlərlə qəbilə, tayfa və birliklərin köçəri və yarımköçəri halda yaşadığı inkarolunmaz həqiqətdir. Qızıl Ordadan sonra onun varisləri də ənənəvi həyat tərzini davam etdirmişlər. İkicə misal. 1540-cı illərdə geniş islahatlar aparan Krım xanı Sahib Girey əhalini oturaqlığa keçirmək məqsədi ilə qanunlar vermiş, ən əsası isə çadırda yaşamağı qadağan etmiş, bununla da bir çox qəbilə başçılarının narazılığına səbəb olmuşdu (A.V.Vinoqradov, S.F. Faizov). Üstündən 200 il keçəndən sonra, XVIII əsrin sonlarına doğru (1767), Osmanlı dövlətçilik sisteminin möhkəmləndiyi bir dövrdə belə Baron de Tott Krımda köçəri tayfaların əksəriyyət təşkil etdiyinə və qəbilə aristokratiyasının hakim mövqeyini əldən vermədiyinə şahid olmuşdu. Krım xanlığını bu cəhətdən istisna da hesab etmək olmaz; rus istilası ərəfəsində (eləcə də xeyli sonrakı dövrdə) Qızıl Ordadan törəmə xanlıqların hamısında təqribən eyni demoqrafik mənzərənin hökm sürdüyü, çoxsaylı sosial qrup və icmaların yaşayışlarını dədə-baba üsulu ilə davam etdirdikləri məlumdur. Onların arasında qəbilə-tayfa münasibətlərinə və köçəri həyat tərzinə ən çox bağlı qalan isə, əminliklə iqrar edə bilərik ki, Noqay uruqlarıdır. V.Poxlyobkinə görə, noqaylar demək olar, tamamilə köçəri həyat sürür və Qızıl Ordanın süqutundan iki əsr sonra da “köhnə qayda üzrə yaşayırdılar”. Müəllif bu zaman artıq Kazan və Həştərxanın işğal olunduğunu, digər xanlıqların isə oturaq həyata çoxdan keçdiyini xüsusi vurğulayır (bizə görə, demoqrafik nisbət faktoru əsas götürülməklə bu fikri yalnız şərti şəkildə qəbul etmək mümkündür).
Köçərilər qədim dövrlərdən əsas etibarilə icmalar (ailə, nəsil, qəbilə...) şəklində yaşayır, heyvandarlıqla məşğul olur, bütün həyatları sürülərinə geniş otlaqlar axtarıb tapmaq üçün köç etməklə, təbiri-caizsə, “at belində” keçirdi. Örüş və otlaqların məhdudluğu, heyvanların sürətlə artıb törəməsi köçəri həyat tərzini şərtləndirən əsas amillər idi. Köçərilər həyati önəm verdikləri otlaqlar, yaylaq və qışlaqlar, su mənbələri və ov yerləri uğrunda amansız qardaş qırğınlarına qalxmaqdan da çəkinmir, bəzən bu önəmli zənginliklərin əvəzini qanları ilə ödəyirdilər. Belə bir şəraitdə, aydın məsələdir ki, icma üzvlərinin döyüş və özünümüdafiə qabiliyyəti daim yüksək olmalı idi. Bu cəhətdən ovçuluq həm bir məşğuliyyət sahəsi, həm də gənclərin hərbi hazırlıq və manevr üsulu kimi Noqay uluslarının həyatında az qala, heyvandarlıq qədər mühüm yer tuturdu. Köçəri həyat tərzi güclü, monolit qəbilə və icmalar qarşısında geniş üfüqlər açır, zəifləri isə başqaları ilə ittifaqa və nisbi asılılığa məhkum edirdi. Noqaylar güclü olsalar da, onlarda daxili birlik və həmrəyliyin səviyyəsi yüksək sayıla bilməzdi.
Mövcud araşdırmaların ümumiləşdirilməsi bizi istər-istəməz bu qənaətə gətirir ki, köçərilik noqay həyatının bütün sahələrinə “möhür vurmuş”, dərindən sirayət etmişdir. Təsadüfi deyil ki, V.Trepavlov Noqay Ordasında iqtisadiyyatın durumunu araşdırarkən klassik anlayışlarla tam bir ziddiyyət təşkil edən mənzərə ilə qarşılaşır və bunu ictimai həyatın köçəri xarakteri ilə əsaslandırır. Fikrimizcə, onun təsvirləri oxucu üçün də maraqlı olar: “Pul-tədavül münasibətləri yox dərəcəsindədir, əmtəələrin qiyməti zəruri hallarda qoyun və at ekvivalentində müəyyən olunur. Biy (bəy) və mirzələrə vergilər də natural şəkildə (mal-qara, yun, heyvandarlıq məhsulları və s.) ödənilir. Əkinçilik rüşeym halındadır. Sənətkarlıq yalnız köçəri heyvandarlığın tələblərinə xidmət edə biləcək səviyyədədir. Noqaylar çörək, metal məmulatlar, parça və s. tələbat mallarını kənardan alırlar. Qonşu ölkələr, xüsusən rus dövləti ilə ticarət əlaqələri bu məqsədə xidmət edir. Noqay Ordasının Orta Asiyadan Persiya və Şərqi Avropaya uzanan karvan yolları üzərində yerləşməsi fəal əmtəə mübadiləsi üçün imkanlar açır”.
Deyilənlərdən də göründüyü kimi, Noqay uruqlarının sosial quruluşunu, icmadaxili iyerarxiya sistemini doğru-düzgün anlamaq və şərh etmək üçün köçəriliyə xas müəyyən universal əlamətlər, ilk növbədə, parçalanma və ayrılmalar nəzərə alınmalıdır. (İ.Qəfəsoğlu həmin əlamətlərin köklərini bozqır köçərilərinin uşaqlıqdan əxz etdikləri daxili azadlıq ruhunda, hərəkət sərbəstliyində axtarır və onların müstəqil olmaları ilə əlaqələndirir.) Mövcud tarixi-etnoqrafik ədəbiyyat və müqayisəli təhlillər bizi o qənaətə sövq edir ki, sürəkli parçalanan və müxtəlif konfederasiyalara daxil olan Qızıl Orda etnoslarından ən barizi elə noqaylardır ki var. Bunu noqayların, bir növ, etnik taleyi hesab etmək, hətta noqay tarixini bütünlükdə parçalanma və köçlər tarixi kimi də səciyyələndirmək də mümkündür. Əlbəttə ki, XVI əsr bu cəhətdən daha “məhsuldar” sayılmalıdır. Böyük Ordanın süqutundan (1502) dərhal sonra noqay tayfalarının əhəmiyyətli bir qismi Krım xanlığının təbəəliyini qəbul etmişdi (A.Vinoqradov, S.Faizov). Yuxarıda da qeyd olunduğu kimi, 1519-1520-ci illərdə qazax xanı Qasımın hücumlarına məruz qalan noqay mirzələrindən də bir çoxu da Volqanın sağ sahilinə, Krım xanlığı hüdudlarına keçmişdi.
50-ci illərdə Kazan və Həştərxanın işğalı ilə əlaqədar bölgədə siyasi vəziyyət qarışır və noqaylar üzərində Rusiyanın süzerenliyi məsələsi ortaya çıxır, Yusuf və İsmayıl arasında düşən nifaq get-gedə böyüyüb qardaş qırğını həddinə çatır və Noqay Ordasının olan-qalan siyasi vəhdətini də kökündən sarsıdır. Rusların himayəsini qəbul etməyən icmaların bir neçə köçü məhz bu dövrə təsadüf edir. Krım xanlığı tərəfindən Qafqazın şimal-qərbində, Kabarda bölgəsi ilə Azov qalası aralığında ayrılan ərazilərdə Kiçik Noqay Ordası (Qazı ulusu və ya rus salnamələrindəki adı ilə Kuban Ordası) yaranır və bundan sonra İsmayıl mirzənin hökmranlığı altında qalan hissə artıq Böyük Noqay Ordası adlandırılmağa başlayır. X.İnalcıq bu köçlərdən birini belə təsvir edir: “Sahib Girey babalarının siyasətini davam etdirərək, bir çox noqay qəbiləsini Krım yarımadasına gətirib yerləşdirdi. Orak, kasay, Ur-Məmməd (Or-Membet) və Tokız (?) qəbilələrinin bir qismi qərbə, Qara dənizin şimalındakı steplərə, Bessarabiyaya (Bucak) nəql edildi”. Görünür, elə bu sonuncu noqay qrupları Bessarabiyanın cənubunda yerləşən Bucak torpaqlarında (Bucak həmin dövrdə Osmanlı dövlətinin hakimiyyətində idi) öz ordalarınını- Bucaq Ordası, yaxud rus mənbələrindəki adı ilə Belqorod Ordasını qurmuşlar. Yeri gəlmişkən, Xəlil bəyin yuxarıdakı təsvirdən sonra söylədiklərini də diqqətdən yayındırmaq zənn edirik, yolverilməz olardı: “Ümumiyyətlə, noqay qəbilələrinin zəifləməsi steplərdə rus kazaklarının sərbəst hərəkət etmələri üçün geniş meydan açmış, eyni dövrdə krımlılar tərəfindən sıxışdırılan önəmli miqdarda çərkəz qrupları da kazaklara qoşulmuşlar”.
Kiçik noqaylarla təxminən eyni vaxtda daha bir qol ayrılaraq şərqə hərəkət edir və tədricən (bəzi mənbələrə görə, 1555-ci ildə) Emba (Cim), Yaik (Ural) və Sır-Dərya çayları arasında Altıul ulusunu yaradır. Başqa bir noqay uruğuna mənbələrdə “Dobruca noqay tatarları” adı altında təsadüf edirik. Bunların 1632-ci ildə Osmanlı sultanı IV Muradın əmri üzrə Əflak və Boğdan voyevodaları ilə birlikdə Lehistan (Polşa), sonra isə kazaklar üzərinə axın etdikləri deyilir. XVII əsrdə yeni bir bəla- kalmık hücumları ilə üzləşən noqaylar təzədən bölünmək zorunda qalırlar. Böyük Noqayların bir hissəsi kalmık idarəçiliyini qəbul etsə də, bir hissəsi Osmanlı-Krım himayəsinə sığınır. 1634-cü ildə kalmık basqınlarının ikinci dalğası başlayanda Böyük Noqay Ordası darmadağın edilir. Salamat qalanlar Volqanın sağ sahilinə adlayıb Kiçik Noqay Ordasına pənah aparır. 1636-cı ildə Krım xanı İnayət Girey itaət göstərmələri şərti ilə onlara köç yerləri ayırır və noqaylar Şimali Qafqazda məskunlaşırlar. Göründüyü kimi, parçalanma və köçlərin əksər qismi kənar təsirlər və məcburiyyət üzündən baş verib (hərçənd könüllü ayrılma və köçmə halları da az olmayıb).
Noqayların Qızıl Orda əraziləri boyunca səpələnməsindən söz düşmüşkən, ayrı-ayrı dəstələrin hərbi qulluğa girməsi ilə bağlı baş verən miqrasiya hallarını da yaddan çıxarmaq olmaz. Həddən artıq hərəkətli və dinamik həyat sürən noqaylar bölgədə cərəyan edən, demək olar, heç bir mühüm hadisədən kənarda qalmamış, əksər siyasi proseslərin əsas iştirakçılarından olmuşlar. Noqaylar hər yerdədirlər; səbəb və nəticələrini sərf-nəzər etsək, Qızıl Orda uluslarında və sonrakı xanlıqlarda harda bir döyüş əməliyyatı varsa, onlara rast gələ bilərsiniz (XVI əsrdə şərqə doğru hərəkət edən noqayların orada qazax tayfaları ilə qaynayıb-qarışması, Ulu Cüz və Kiçik Cüzün formalaşmasında yaxından iştirak etməsi də mühüm faktdır). Amma burada bir xüsusu da nəzərdən qaçırmamaq lazım gəlir. Mənbələrdə hamısı “noqay” adı ilə keçsə də, sözügedən qruplar, güman ki, başqa-başqa sosial status daşımış, ayrı-ayrı ailə və nəsillərə, qəbilə və ya tayfalara mənsub olmuş, etnik tərkibcə bir-biri ilə simmetriklikdən daha çox müxtəliflik kəsb etmişdir. Başqa sözlə, “noqay” adı altında hansısa konkret və yekcins bir etnik-sosial vahiddən danışmaq əksər hallarda yalnız şərti şəkildə mümkündür. Böyük ehtimalla, orda-burda sıx-sıx gördüyümüz “noqay”ların çoxu özlərini hələ də ilkin hərbi-qəbilə birləşmələrinin təmsilçiləri sayan və bu cür təqdim edən, yaxud yerlilər tərəfindən “noqay” ümumi adı ilə qəbul olunan daha kiçik, kompakt və dəyişkən dəstə və kollektivlərdən ibarət olmuşlar.
Diqqət yetirin. Qızıl Ordanın süqutundan sonra baş verən hərbi-siyasi proseslərdə noqayların fəallığı xüsusilə nəzərə çarpır ki, bu da hakimiyyət uğrunda mübarizə aparan müxtəlif qüvvələrin onları öz tərəflərinə çəkmələri ilə izah edilir.
ARDI VAR
N.MUSTAFA