Arxeoloji tapıntılar hər zaman hər kəsin marağına səbəb olub. Bəzən tapıntılar o qədər fantastik olur ki, alimlər arasında uzun illər mübahisələr yaradır. Bu yazıda dünyanın qeyri-adi tapıntılarını təqdim edirik.
Kavriliya üzüyü
2001-ci ildə arxeoloqlar 2-ci əsrin əvvəllərinə aid iki mərmər qəbrin yerləşdiyi ailə türbəsini aşkar etmişdilər. Araşdırma nəticəsində məlum olur ki, həmin qəbirlər 18 yaşlı Roma gənci Titus Carvilius Gemellius və anası Ebutia Quarta aiddir. Qəbirlərdən çıxan ən təəccüblü tapıntı oğlanın anasına məxsus holoqrafik portretli qızıl üzük olub. Kavriliya üzüyü adlanan bu üzüyün çox maraqlı bir tarixçəsi olub. Arxeoloqlar gəncin əvvəlcə öldüyünü aşkar etdilər (bunu qəbirdə olan yazılar sübut edir). Görünür, onun ölümündən sonra anası oğlunun həmişə yanında olması üçün özünə belə qeyri-adi üzük sifariş etmək qərarına gəlib.
Baillidə 1959-cu ildə başlanan qazıntı işləri davam edir
Bailli bir neçə yüz il əvvəl vulkanik fəaliyyət nəticəsində sular altında qalmış İtaliya şəhəridir. Sualtı şəhərdə qazıntılar 1959-cu ildə başladı, çünki o dövrdə bunu etməyə imkan verən xüsusi avadanlıq meydana çıxdı. Qazıntılar hələ də davam edir.
2000 yaşı olan kəllə sümüyü
Peruda qeyri-adi uzunsov formada olan kəllə sümüyü aşkar olunub. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, kəllə sümüyündə cərrahi yolla implantasiya olunmuş metal protezi mövcüddur. Tapıntının yaşının təxminən 2000 il olduğu təxmin edilir. Mütəxəssislər belə nəticəyə gəliblər ki, xəstə cərrahi əməliyyatdan uğurla sağ çıxıb və bir müddət başında metal ilə yaşayıb.
Pişik mumiyaları
2019-cu ildə Misirdə aparılan arxeoloji qazıntılar zamanı fironlar dövrünə aid 25 sandıq dolusu heyvan mumiyaları tapılıb. Aşkar olunan sandıqlardan 75 pişik heykəli və mumiyalanmış pişiklər çıxarılıb. Tapıntılar arasında 5 ədəd böyük pişik mumiyası olduğu və bunlardan ikisinin aslan balalarına aid ola biləcəyi bildirilib. Əgər mumiyaların aslanlara aid olduğu sübut edilərsə ilk dəfə aslan mumiyası kəşf edilmiş olacaq.
Qazıntılar zamanı pişiklərdən başqa o dövrdə müqəddəs olaraq qəbul edilən Apis buğası, kiçik timsahlar və keçmiş firon tanrılara aid heykəllər də tapılıb.
Qeyd edək ki, mumiyaların tapıldığı Saggara bölgəsi 2.600 il öncə antik Misir pişik tanrıçası Bastet və oğlu aslan tanrısı Miysis üçün anma yeridir. Eyni bölgədə daha öncə də aparılan araşdırmalar zamanı pişik mumiyaları və aslan skeletinin qalıqları tapılıb.
Kambocadan tapılan cinin heykəli
Kambocada arxeoloqlar qəyyum cinin qədim heykəlini tapıblar. Tapılan heykəlin hündürlüyü 1,9 metr, eni isə 58 santimetrdir. Heykəlin ayaq və qol hissələrinin olmamasına baxmayaraq, artefakt böyük tarixi dəyərə malikdir.
Batmış gəmidə şüşə külçələr
Arxeoloqlar eramızdan əvvəl 1330-1300-cü illərdə Türkiyə sahillərində batmış Uluburun gəmisinin qalıqlarını aşkar ediblər. Həmin gəmidə ümumilikdə mavi, firuzəyi və lavanda rəngi 175 disk formalı külçə aşkar edilərək götürülüb.
Yadplanetlilərə məxsus üç barmaqlı əl?
2017-ci ildə Peruda arxeoloqlar üç uzun barmağı olan qəribə əl tapmışdılar. Laborator analizi zamanı alimlər rentgen aparatın köməkliyi ilə tapılan skeletin insan əlindən çox fərqləndiyini aşkarlayıblar. Onun ovcunda bir neçə sınıq görülüb. Falanqalardan birində isə mənşəyi bilinməyən metal tapılıb. Bütün bunlar alimlərin çaşqınlığına səbəb olub. Bəzi fərziyyələrə görə, bu müəmmalı əlin yadplanetlilərə aid olduğu söylənilir. Lakin hələ də bu tapıntı açılmayan bir sirr olaraq qalır.
Qədim ətir şüşəsi
Arxeoloqlar Tutanxamonun məzarından kalsit alebastrdan hazırlanmış ətir şüşəsi aşkar ediblər. Araşdırmalar göstərir ki, həmin ətir şüşəsi eramızdan əvvəl 1323-cü ildə hazırlanıb.
Aralıq dənizində nadir tapıntılar
2020-ci ildə Britaniya tədqiqatçıları ilk dəfə olaraq e.ə. III əsrdən eramızın XIX əsrinədək böyük bir dövr ərzində batmış gəmilərin qalıqlarını aşkar ediblər. Həmin gəmilər Roma, erkən İslam və Osmanlı dövrlərinə aiddir.
Arxeoloqları gəmilərin anbarlarında aşkarlanan əşyalar olduqca təəccübləndirib. “Enigma Shipwrecks Project” layihəsinin iştirakçısı Şon Kinqslinin sözlərinə görə, bu, Aralıq dənizində aşkarlanan ən nadir tapıntılardan biridir. Ekspertlərin fikrincə, tapıntıların tədqiqi bütün tarixi yenidən yazmağa vadar edə bilər.
Batmış gəmilərdən biri XVII əsrin Osmanlılara aid ticarət gəmisidir. Onun apardığı yük 14 müxtəlif mədəniyyətə aid yüzlərlə artefaktdan ibarətdir. Tədqiqatçılar hesab edirlər ki, Misirdən İstanbula və əksinə dövr edən gəmi təxminən 1630-cu ildə batıb. Bu gəminin yükü dünyada baş verən qloballaşma prosesinin başlanğıcı haqqında xəbər verir.
Gəmidə çoxlu sayda çini qablar (Çunçjen dövrünə aid 360 ədəd bəzəkli fincan, nəlbəki və şüşə qab) aşkarlanıb. Ehtimal olunur ki, bu dəst Şərqdə kofe içmək üçün istifadə olunub.
Tapıntıları araşdıran tədqiqatçılar bildirib ki, Avropa mədəniyyət anlayışının burada yarandığını düşünür. Lakin kofe fincanlarının qalıqları və tütün sübut edir ki, Şərq mədəniyyətdən uzaq bir məkan olmayıb. Əksinə, ilk London qəhvəxanası 1652-ci ildə açılıb, bu isə tapıntılardan yüz il sonraya təsadüf edir.
Didilmiş insanların qalıqları
2010-cu ildə İspaniyada aparılan qazıntılar zamanı arxeoloqlar adamyeyənlərin təcavüzünün qurbanı olmuş bir qrup insanların qalıqlarını aşkar etmişdilər. Arxeoloqlar bu didilmiş qalıqların üç qadın və üç kişidən ibarət olduğunu müəyyən ediblər. Deyilənlərə görə, onların arasında uşaq qalıqları belə olub. Sümüklərin hamısı tapdanmış vəziyyətdə olub.
Heydərpaşa vağzalı ətrafındakı məzarda sirlər gizlənir
2018-ci ildən bəri bərpa işlərinin davam etdiyi Türkiyənin İstanbul Heydərpaşa vağzalı ətrafındakı arxeoloji qazıntılarda 2000 illik məzarda bütövlüyü xarab olmayan, 1000 yaşında olduğu hesab edilən və üzərində qoxu boyunbağısı olan bir skelet tapıldı.
Qazıntılarla birlikdə Bizans dövrünə aid bir çeşmə də aşkarlanıb. Məlumata görə, qazıntı sahəsində yerləşən su kanalları bu bulağa bağlanır. İstanbulun axar vəziyyətdə olan, tək Bizans bulağı olduğu bildirilən bulağının suyunun içməli olduğu müəyyənləşdirilib. Arxeoloqlar, suyun təmiz qalmasını o vaxtkı mükəmməl memarlıq işlərilə əlaqələndirib.
Qazıntı sahəsində davam edən işlərdə indiyə qədər təxminən 2 min sikkə tapılıb. Qızıl və gümüş sikkələr diqqətlə öyrənilir. Bəzi sikkələr olduqca təmizdir, üzərindəki yazılardan harada basıldığı və dövrünə aid məlumatlar var. Tapılan sikkələrdən bəziləri 610- 641-ci illərə - III Konstantinos və 527- 565-ci illərə - I Yustinianusa (Justinianus) aiddir. Ərazidə qazıntı işləri hələ də davam edir.
13.000 illik tarixə malik olan meteorit
2015-ci ildə NASA alimləri Antraktidada on üç min illik tarixə malik meteorit aşkar ediblər. Məlum olub ki, Marsdan düşən bu sirli meteoritin daxilində Qırmızı planetə məxsus mikroblar hələ də var.
Həmin ildə Antraktida da 342 m dərinlikdə Amerika tədqiqatçıları qorxunc canlının cəsədini aşkar etmişdilər. Bu canlı indiyədək bəşəriyyətə məlum olan heç bir canlıya bənzəmir. Qabaran çənə, sümük çıxıntları ilə örtülmüş bədəni və qəribə quruluşu alimləri çaşdırır. Onun hansı canlıya aid olduğu hələ də bilinmir.
Samirə Tağıyeva, “İki sahil”