KÖŞƏ

Əhməd Qurbanoğlu
[email protected]

Bir zatıqırığın gecikmiş monoloqu

30 oktyabr 2022 20:58
3565

Rusiya Dövlət Dumasının ermənidən də betər ermənilik edən deputatı Konstantin Zatulinin dilindən

Əziz erməni xalqım!  Müraciətimə ona görə “əziz erməni xalqım” sözləri ilə başlayıram ki, mən milliyyətcə  rus olsam  da bütün varlığımla siz ermənilərdən betər erməni olduğumu 64 illik həyatımızın hər anında işimlə, əməlimlə sübut etmək üçün dəridən-qabıqdan çıxmışam. Hələ heç onu da demirəm ki, indiyədək sizdən fərqli olaraq doğulub boya-başa çatdığım Gürcüstanın, gürcü xalqının ünvanına nəinki bircə kəlmə də olsun xoş söz söyləməmiş, əksinə fürsət düşdükcə onlara badalaq gəlməyə çalışmışam. Yəni, sözümün canı odur ki, mən həmişə siz ermənilərin sadiq köpəyi olmuşam. Hara bağlamısınızsa orada sizə quyruq bulamış,  özünüzə tarixi düşmən hesab etdiyiniz  azərbaycanlılara və türklərə hər birinizdən daha uca səslə hürmüşəm. Bu gün məni xəyanətdə, azərbaycanlılara satılmaqda suçlasanız da, lap bütün dünyaya səpələnmiş qəddar terror təşkilatlarınız vasitəsilə qanıma qəltan eləsəniz  də açıq deyəcəyəm. Ermənistanın və “artsax”ın maraqlarını müxtəlif platformalarda ən qatı daşnak ideologiyasının daşıyıcısı olan ermənidən də betər sidqi-ürəklə müdafiə etdiyimə görə sizdən milyon dəfələrlə mədəni, intellektual səviyyəsi sizinlə müqayisədə ölçüyəgəlməz dərəcədə yüksək, Qarabağ məsələsində haqlı tərəf olan azərbaycanlıların dərin nifrətini qazanmışam. Deyə bilərsiniz ki, nə minnət qoyursan bizə? İş görmüsən puluna minnət.  İstər yaradıcısı və təsisçisi olduğun  “Lazarev klubu”nun hesabına milyonlarla dollar vəsait köçürməkdə, istər dəfələrlə Rusiya Dövlət Dumasına deputat seçilməkdə, istər Dumanın MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin müavini kimi yüksək bir məqama çatmaqda, istərsə də Soçidəki dəyəri on milyonlarla rublla ölçülən bağ evini ərsəyə gətirməkdə hər zaman pul kisən olmuşuq.

Bəli, olmusunuz. Bunların heç birini danmıram. Amma məşhur bir Azərbaycan filmində deyildiyi kimi, “iş pulda deyil, vnimatelnı olmaqdadır.” Doğrudur, filmdə söhbət puldan yox, “sosiska”dan gedir. Amma nə fərqi var ey? Yenə də deyirəm, əsas məsələ “vnimatelnı” olmaqdadır. Axı, yuxarıda xatırlatdığım kimi, mən də sizə qarşı heç vaxt naxələflik etməmişəm. Hər zaman qulluğunuzda əmrə müntəzir vəziyyətdə dayanmışam.

Əziz erməni qardaş və bacılarım! Təsəvvür edirsinizmi hətta ona-buna şər-böhtan atmaqda, şəbədə qoşmaqda, ağa qara, qaraya ağ deməkdə heç bir sərhəd-filan tanımayan, yeri gələndə məndən də qatı ermənipərəstlik nümayiş etdirən cəhənnəmlik dostum Vladimir Jirinovski də hərdən məni erməni sevgisində əndazəni aşmaqda suçlayardı. Heç bilirsiniz 2019-cu il oktyabrın 11-də separatçı rejimin Xankəndidə  keçirdiyi “Artsaxın dostları: Ədalət və sülh naminə əməkdaşlıq” adlı “beynəlxalq forum”dakı məşhur çıxışımdan sonra Dumanın iclasında bütün deputat həmkarlarımın gözləri qarşısında Vladimir Volfoviç mənə nə toy tutdu? Dedi ki, Kostya, səni xəbərdar edirəm: Qarabağ münaqişəsinin həllinə dair ehtiyatsız, düşünülməmiş bəyanatlar verməkdən çəkin: “Bunu etmək olmaz. Bu tipli bəyanatların  Rusiyaya heç bir xeyri yoxdur. Qarabağ münaqişəsi ən ağrılı nöqtədir və heç vaxt həll olunmayacaq.” Sonra da qayıtdı ki, Duma deputatlarının “həlli olmayan ağrılı nöqtələrə” toxunması arzuolunmazdır. Çünki bu, qətiyyən Rusiyanın maraqlarına uyğun deyil.

Görürsünüzmü, əziz erməni xalqım! Hətta mən yeri gələndə vətəndaşı olduğum ölkənin, beynəlxalq platformalarda təmsil etdiyim dövlətin maraqlarını sizin maraqlarınıza qurban verməkdən belə çəkinmirəm. Hərçənd ki, ağlı başında olan adam, Rusiya kimi nəhəng dövlətdə yüksək vəzifə tutan  məmur kimi fərqindəyəm ki, ilk gündən siz Qarabağ münaqişəsində haqsız tərəfsiniz. Qarabağ əzəli Azərbaycan torpağıdır. Bütün bunları bilə-bilə konflikt başlayan gündən haqsız tərəfin yanındayam. Bunu mən erməni xalqına olan sonsuz sevgimə, sadiqliyimə görə edirdim. Bəs  əvəzində siz nə etdiniz? Nikol Paşinyan kimi avantüristin, küçədən gəlib hakimiyyəti qamarlayan “Sorosun uşağı”nın məni “persona-non-qrata”  elan edərək Ermənistana girişimə qadağa qoymasına biganə qalmaqla, əslində bu absurd qərarı dəstəklədiyinizi nümayiş etdirdiniz. Mən bunu “O olmasın, bu olsun” məşhur  Azərbaycan filmində deyildiyi kimi, şəxsimə qarşı ən böyük təhqir sayıram. Bununla belə təmkinimi qoruyaraq həmvətənim, böyük  rus şairi Aleksandr Puşkinin siz ermənilər haqqında məşhur ifadələrini təkrar etmək istəmirəm. Onun da fərqindəyəm ki, xəyanətkarlıq,  naxələflik, nankorluq, “yediyi qaba tüpürmək”lik kimi alçaq xarakterlər (etiraf edirəm ki, məhz sizə görə azərbaycanlılar haqlı olaraq məni də bu cür qiymətləndirirlər) sizin xislətinizdədir. Yəni, bu baxımdan başqa xalqın nümayəndəsinə qarşı  belə münasibət bir növ başadüşüləndir. Hətta həmin şəxs sizi 200 il bundan əvvəl İrandan və Türkiyədən tarixi Azərbaycan ərazisinə köçürüb burada yoxdan Ermənistan dövləti quran, zaman-zaman bu qondarma dövlətin ərazilərinin genişləndirilməsinə, türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasətinizə “yaşıl işıq” yandıran rus xalqının nümayəndəsi olsa belə...

Bəs, başsız baş nazir Paşinyan iqtidarının Rusiya vətəndaşları olsalar da bu ölkənin siyasi, hərbi, maliyyə, informasiya və digər resurslarından geninə-boluna istifadə etməklə Ermənistanın militarist planlarının reallaşmasına hər birinizdən qat-qat artıq xidmət edən həmcinsləriniz- Marqarita Simonyanın və Andranik  Miqranyanın “persona-non-qrata”  elan etməsini  susqunluqla qarşılamasını necə başa düşək?! Biz nə deyirik? Deyirik ki, məhz başsız baş nazir Paşinyan İkinci Qarabağ müharibəsində Ermənistanı Azərbaycana uduzdurdu. Deyirik ki, Ermənistan hakimiyyəti antimilli diktaturaya doğru gedir. Deyirik ki, Paşinyan iqtidarının  Qarabağ ermənilərinə münasibətdə hazırkı mövqeyi xəyanətkarlıqdır.

Həm də onu deyirik ki, buqələmun kimi vaxtaşırı rəngini dəyişib gah Qərbə, gah da Şərqə meyillənməklə siz ermənilərin tarixi xilaskarınız olan Rusiyaya hər fürsətdə xəyanət edən başsız baş naziriniz işi bir az çətinə düşən kimi bizim  Prezidentimiz Vladimir Putinin  ayağına düşüb ağlayıb-sızlayır ki, bəs amandı məni əfv et. Amma ayağını Moskvadan kənara qoyan kimi ətrafındakı insanlara və Qərbdəki ağalarına başqa şeylər  söyləyir: Nə bilim, Rusiya bizi atdı, Rusiya bizə kömək etmədi, xoşbəxtliyimizi başqa yerdə axtarmalıyıq, daha nə bilim nələr… Biz  Nikolu  başa salmaq  istəyirik ki, bu çoxüzlü siyasətindən əl çəksin. Əgər  əl çəkə bilmirsə istefa verib rədd olub getsin. Onun bu siyasəti, əslində Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaq, onu Ermənistan-Azərbaycan münaqişəsinin həllindən kənarda qoymaq istəyən Qərbin əlinə oynamaq deyilmi?

Hə, əziz erməni xalqım, bütün bunların  fərqindəsənmi? Əgər fərqində deyilsənsə bir sirri də açım. Bir vaxtlar Paşinyan və arvadı Anna Akopyan hər addımbaşı şəxsən mənə yaltaqlanır, erməni xalqının xilaskarı adlandırırdılar. Hətta 2020-ci ildə Anna Akopyan ürəklərlə dolu mesajlar yazırdı mənə. İndi isə məlum olur ki, sən demə Nikolu haqqımda belə təhqiramiz qərar verməyə vadar edən Anna imiş. Halbuki, “Lazarev klubu” bu qərarın verilməsindən cəmi üç gün sonra, yəni oktyabrın 28-də mənim rəhbərliyimlə İrəvanda “Ermənistan-Rusiya münasibətlərinin tarixi keçmişi və bu günü” mövzusunda konfrans keçirəcəkdi. Tədbirə çoxlu sayda ekspertlər, siyasətçilər, analitiklər, jurnalistlər dəvət  etmişdik. Paşinyan rejimi məni “persona-non-qrata”  elan etməklə, əslində bu konfransın baş tutmasını yasaqladı. Məni bundan da çox yandırıb-yaxan Ermənistan parlamentinin deputatı, Nikol Paşinyanın qaynı Qraçya Akopyanın haqqımda dediyi “O, ilk dəfə deyil ki, Ermənistanın daxili siyasətinə qarışır. Burada məsələ təhdiddə deyil. Niyə biz xarici ölkə vətəndaşına imkan verməliyik ki, bizim daxili işlərimizə müdaxilə etsin?” sözləridir. Bundan sonra necə yanıb-yaxılmayım! Axı, vaxt vardı həmin o Paşinyanın qaynı  da daxil olmaqla siz ermənilər hamınız bütün dünya ictimaiyyəti, lap elə bizim Dumadakı bir çox deputatlarımız məni Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edəndə “Zatulindən yoxdur” deyib şənimə təriflər yağdırırdınız. İndi isə  abır-həya etmədən daxili işlərinizə qarışmaqda suçlayırsınız. Yox, artıq özümlə bacarmıram. Lap dədəm Fyodor xortlayıb gəlsə də gecikmiş monoloqumu  Puşkinin vaxtilə sizin haqqınızda dediyi “tı pab, tı vor, tı trus - tı armenin” məşhur kəlamını təkrarlamaqdan məni daşındıra bilməyəcək. Əminəm ki, nəhayət, 64 illik həyatımda ilk dəfə dilimə düz söz gəldiyinə görə məni qınayan olmayacaq...