KÖŞƏ

Əhməd Qurbanoğlu
[email protected]

ABŞ, yoxsa ABeŞe... Yaxud “köhnə bazara” kim(lər) və nə üçün “təzə nırx” qoyur?

14 noyabr 2025 11:15
142

Baxış bucağı

Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər...Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər.

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışından

 

Üç il bundan əvvəl,  bir az da dəqiqləşdirməli olsaq, 2022-ci ilin noyabrından etibarən bəzi mətbu orqanlarda, xüsusilə telekanallarda həmin vaxtadək bilik səviyyəsindən asılı  olmayaraq hər bir azərbaycanlının leksikonunda oturuşmuş, Amerika Birləşmiş Ştatlarının coğrafi adını xarakterizə edən, ABŞ kimi yazılan və  oxunan abreviaturanın yenə də ABŞ kimi yazılaraq amma bu dəfə ABeŞe kimi tələffüz edilməsinə, şəkilçilərinin isə -ın, -a, -dan formasından -nin, -yə, -dən-ə keçidinə  start verilməsi, belə demək mümkünsə, aydın səmada ildırım çaxması effekti doğurdu. İstər-istəməz ictimai fikirdə belə bir sual aktuallaşmağa başladı: Əcəba, bəzi mətbu orqanların, istisnasız olaraq bütün özəl telekanalların geninə-boluna tətbiq etməyə başladıqları  bu “yeni inqilabi kəşf” kim(lər) tərəfindən və  hansı zərurətdən icad olunub?

İnsafən, bu sualın cavabını çox gözləmək lazım gəlmədi. Özlərinin gündəlik fəaliyyətlərində “yeni inqilabi kəşf”dən həvəslə yararlanan yazılı və elektron media subyektləri, necə deyərlər, bir ağızdan  bəyan etdilər ki, biz bu metodun tətbiqində  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilk İnstitutunun müəyyən etdiyi qaydalara əsaslanırıq.  Xub! Çox gözəl, çox pakizə. Bəs, görəsən müasir şəraitdə əbədi dilimizin qorunmasında və inkişafında bir nömrəli məsuliyyət yükünü öz çiynində daşımalı olan AMEA-nın Dilşilik İnstitutunun mütəxəssisləri bu  “qaydaları” müəyyənləşdirərkən hansı elmi və nəzəri  kriteriyaları əsas götürüblər? Sözügedən elmi-tədqiqat institutunun mütəxəssislərinin gəldikləri nəticənin məğzi bundan ibarətdir ki, “yeni qaydalar”  Azərbaycan ədəbi  dilinin inkişaf  qanunlarına əsaslanaraq müəyyənləşdirilib. Yəni, Azərbaycan dilinin  qaydalarına görə,  abreviaturadakı  birinci hərf sait, ondan sonra gələn bütün hərflər samit olarsa, hərflər əlifbadakı adlarına uyğun tələffüz olunur. Bu bəndə əsasən Amerika Birləşmiş Ştatlarının adı qısaldılmış formada (yəni, abreviaturada) əvvəllər olduğu kimi, ABŞ yazılsa da dildə A-Be-Şe kimi səslənməlidir. O ki qaldı abreviatura ilə yazılan adlara əlavə olunan şəkilçilərə, əslində şəkilçi qısa oxunuş qaydasına əlavə edilir.

Türk qardaşlarımız demişkən, tamam. Anladıq.  Amma bir vacib məsələni heç cür anlaya bilmədik. Başqa sözlə ifadə etməli olsaq, “yeni inqilabi kəşf”in icad edilməsindən 3 il müddət keçməsinə baxmayaraq,  bir məsələ günü bu gün də  Azərbaycan ictimaiyyətinin böyük bir kəsimi, o cümlədən bizim üçün qaranlıq məqam olaraq qalmaqdadır. Bu “qaranlıq” məqam da ondan ibarətdir ki,  məgər Akademiyanın Dilçilik İnstitutunun həşəmətli alimlərinin 3 il bundan əvvəlki “yeni inqilabi kəşf”lərini, yəni “sait-samit  məsələsini” onlardan əvvəl dilçilik elminin müxtəlif sahələrində, o cümlədən türkologiya, dilimizin tarixi və ümumi dilçilik üzrə böyük və uğurlu  tədqiqatlar aparmış Əbdüləzəl Dəmirçizadə, Məmmədağa Şirəliyev, Ağamusa Axundov, Tofiq Hacıyev, Afad Qurbanov, Zərifə Budaqova  kimi adları  çağdaş Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış korifeylərimiz görmürdülərmi?  Cavab birmənalıdır: əlbəttə,  görürdülər.  Lakin indikilərdən fərqli olaraq onlar məşhur Azərbaycan zərb-məsəlində deyildiyi kimi, “köhnə bazara təzə nırx qoymağı” heç ağıllarının   ucundan belə keçirmirdilər. Hələ onu da dilimizə gətirmirik ki, adlarını çəkdiyimiz görkəmli  alimlərimizdən bəziləri, daha dəqiq desək  Məmmədağa Şirəliyev, Ağamusa Axundov və  Tofiq Hacıyev kimi nəhəng elm xadimləri müxtəlif  vaxtlarda AMEA-nın Dilçilik İnstitutuna rəhbərlik etmişlər.  Məgər onlar zamanında “ABŞ-ı ABeŞe”  edib bu “inqilabi kəşf”i öz adlarına yazdıra  bilməzdilərmi? Heç onu da demirik ki sözügedən institutun indiki rəhbərliyi də daxil olmaqla “yeni inqilabi kəşf”in müəlliflərinin əksəriyyəti çox da uzaq olmayan zaman kəsiyində tərəddüd etmədən çağdaş Azərbaycan dilçilik elminin “SONUNCU MAGİKANI” adlandıra biləcəyimiz, yüksəldiyi ali titul sözün əsl mənasında böyük hərflərlə yazılmağa layiq mərhum AKADEMİK Tofiq Hacıyevin tələbələri olmuş və bu azman  elm fədaisinin rəhbərliyi altında çalışmışlar. Bəs. nə əcəb  “yeni inqilabi kəşf”in müəllifləri bu “unikal” təşəbbüslərini  rəhmətlik Tofiq müəllimin rəhbərliyi dövründə irəli sürmürdülər? Yenə də cavab birmənalıdır: sürə də biməzdilər. Çünki yaxşı bilirdilər ki, AKADEMİK Tofiq Hacıyev heç vaxt əcaib, konyuktur məqsədlərə xidmət edən belə bir “kəşf”in, necə deyərlər, ayaq açıb yeriməsinə imkan verməz.

Digər bir vacib nüans. Necə olurdu ki, Amerika Birləşmiş Ştatları coğrafi adı Azərbaycan ictimaiyyətinə tanış olmağa başladığı gündən keçən uzun tarixi dövr ərzində, xüsusilə dilçilik elmimizin intibah mərhələsi hesab edilən XX əsrdə bu coğrafi məkanın abreviaturası ABŞ kimi yazılıb elə o cür də tələffüz edilirdi və cəmiyyəydə də  heç bir proplem yaratmırdı. Lakin kim(lər)sə günün birində  uzun tarixi dövr ərzində dilimizdə oturuşub, necə deyərlər, vətəndaşlıq hüququ qazanmış termini birdən-birə ölkə ictimaiyyətinə yeni ağırlaşmış ölçüdə, biçimdə təqdim edirlər və bəzi media qurumları da bunu zorla cəmiyyətə “yedirtməyə” çalışırlar? Nəhayət, Azərbaycan ictimaiyyətinin əhəmiyyətli kəsimini düşündürən və narahat edəın bu suala doğru-düzgün cavab verən tapılacaqmı?..

Məsələn, AMEA-nın Dilçilik İnstitutunun hörmətli alimləri etiraz edib deyə bilərlər ki, lap elə “sait-samit” anlayışını bir kənara qoymalı olsaq  nədən Birləşmiş Millətlər Təşkilatı BMT kimi yazılıb BE-EM-TE kimi tələffüz edilə bilər, amma  ABŞ  A-Be-Şe kimi oxuna bilməz? Bəli, ilk baxışda  hörmətli alimlərimizin bu tipli suallarını Azərbaycan ədəbi dilinin qanunları baxımından, o cümlədən “sait-samit” nöqteyi-nəzərindən haradasa əsaslı hesab etmək olar. Amma, ancaq və lakin  belə məqamlarda, eyni zamanda, hər hansı terminin işlənmə zamanı dilimizə yatıb-yatmaması kimi mühüm amili də unutmamalıyıq. Bir anlığa təsəvvür edək ki, BMT-ni yazıldığı kimi, yəni B-M-T şəklində  tələffüz etsək necə alınar?  Əlbəttə ki, çox uğursuz! Bax, bu nöqteyi-nəzərdən bizim  düşüncəmizə görə,  ABŞ-ı ABeŞe kimi qəbul etdirmək cəhdi də uğursuz addımdır və hər hansı səbəbdən orqanizmdə yerləşdirilmiş yad cisim insan bədənində  necə diskomfort yaradırsa, dilimizə gətirilən belə “inqilabi kəşf”lər də eynilə hər birimizin eşidən qulaqlarımızda və görən gözlərimizdə  o cür diskomfort yaradır.  Yeri gəlmişkən, görünür elə “yeni inqilabi kəşf”in  uğursuzluğunun nəticəsidir ki, bu gün özəl telekanalların aparıcılarının və bir çox saytların müxbirlərinin geninə-boluna yararlandıqları   sözügedən “inqilabi kəşf”in ortaya atılmasından ötən 3 il ərzində rəsmi instansiyalarda bircə dəfə də olsun ABŞ-ın ABeŞe  kimi tələffüz edilməsi faktına rast gəlinməyib.

P.S. Mən dilçi deyiləm və təbii ki, bu baxımdan yuxarıda qeyd etdiklərim  şəxsi mülahizələrimdir. Bu səbəbdən qətiyyən  özümün şəxsi düşüncələrimin cəmiyyətdə, o cümlədən elmi dairələrdə,  necə deyərlər, Quran ayəsi kimi qəbul edilib təsdiqlənməsi iddiasında da deyiləm. Eyni zamanda, o düşüncədəyəm ki, şübhəsiz, “yeni inqilabi kəşf”i “icad edən” dilçi alimlərimiz də özlərinin “ixtira”larını əsaslandırmaq üçün kifayət qədər dəlil-sübutlara malik olmamış deyillər. Buyursunlar, dəlil-sübutlarını ortaya qoysunlar və lütfən  bizi inandırsınlar ki, “yeni ixtira”larının tətbiqi  günün qaçılmaz  tələbidir. Əks təqdirdə bunun  “Köhnə bazara təzə  nırx qoymaq”dan başqa adı olmayacaq...