![]() |
Əhməd Qurbanoğlu |
[email protected] |
Bəs bu zəhər saçan yeni alaq otları haradan bitdi?!
Azərbaycan xalqının leksikonunda çox az işlənən bir deyim var. Əsasən bədniyyətli birisi cəhənnəmə vasil olan kimi onun yerini tutub pis əməllərini daha iyrənc formada davam etdirən mənfi tiplərə aid edilən bu el məsəlinin məzmunu təxminən belədir: “Filankəs itdi, yerində ondan da betəri bitdi.” Bu deyimi tərəddüd etmədən, necə deyərlər, yüzdə-yüz çağdaş Rusiya ictimai-siyasi elitasının bəzi üüzdəniraq nümayəndələrinə şamil etmək olar. Buna ən bariz nümunə kimi siyasət meydanına atıldığı ilk gündən ta son nəfəsinə, yəni 2022-ci il aprelin 6-da koronovirus səbəbindən cəhənnəmə ”bez bilet” yola salındığı günədək fəaliyyəti qatı antitürk, anti-Azərbaycan ovqatına köklənən, yeri gəldi-gəlmədi bu xalqların ünvanına kin-küdurət, nifrət püskürən Vladimir Jrinovski gorbagor olduqdan sonrakı prosesləri göstərə bilərik.
Bu məqamda yüngülvari haşiyə çıxaraq “velikorus şovinizmi”nin ən iyrənc daşıyıcılarından olan Vladimir Volfoviçin naxələfliyi ilə bağlı bir epizodu xatırlatmaq yerinə düşərdi. Hadisənin qısa xronologiyası belədir. İxtisasca türkoloq olan Jrinovski ötən əsrin 60-cı illərində SSRİ-nin Türkiyədəki səfirliyində tərcüməçi işləyərkən qardaş ölkənin ən nəhəng sənaye müəssisələrindən olan İsgəndərun Dəmir-Polad Fabrikinin fəhlələri arasında gizli şəkildə kommunist ideologiyasını təbliğ edir, hətta onlara üzərində Leninin şəkli olan döş nişanları paylayırmış. Məsələdən xəbər tutan Türkiyənin xüsusi xidmət orqanları bu ölkədə kommunist ideologiyası qadağan olunduğuna görə dərhal Jrinovskini həbsə atır. Bu qeyri-adi olay SSRİ səfirliyində böyük panika yaradır. İlk baxışda xırda məsələ kimi görünən bu təxribat əməlinin ciddiliyindən, beynəlxalq qalmaqala çevriləcəyindən, onsuz da reputasiyası sıfırın altında ləngər vuran SSRİ-nin bütün dünyada rüsvay olacağından təşvişə düşən səfirlyin rəhbər heyətinin Türkiyə hökumətinə yalvar-yaxışları heç bir nəticə vermir. Sonda səfir həmin vaxt Türkiyədəki xarici əks-kəşfiyyat sahəsinə nəzarət edən rezidenturanın rəis müavini vəzifəsində çalışan, qardaş ölkənin rəhbərliyi arasında böyük hörmət və nüfuz sahibi olan rəhmətlik Arif Heydərovdan məsələnin çözülməsinə yardım göstərməsini acizanə surətdə xahiş edir. Arif Heydərovun səyləri müsbət nəticə verir və Türkiyə hökuməti bu avantüristi 24 saat ərzində ölkəni tərk etməsi və bir daha Türkiyə torpağına ayaq basmaması şərti ilə həbsdən buraxır. Aradan bir neçə onilliklər keçəndən sonra su içdiyi qaba tüpürməkdə tayı-bərabəri olmayan Jrinovski tədbirlərin birində bu məsələ ilə bağlı jurnalistin sualına cavabında özünün xilaskarına minnətdarlıq duyğuları ifadə etmək əvəzinə saymazyana şəkildə “Да, был такой случи” (hə, belə bir hal olub) deməklə kifayətlənir.
Bu ibrətamiz epizodu təsadüfən xatırlatmadıq. Məsələ burasındadır ki, Vladimir Volfoviç cəhənnəmə vasil olduqdan, başqa sözlə ifadə etməli olsaq, itdikdən dərhal sonra onun boşalan yerində bitən Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin, Kremlin təbliğat maşınının aparıcı vintciklərindən olan Vladimir Solovyov, Marqarita Simonyan, Olqa Skabeyeva və başqaları o vaxtdan bu vaxta “Jrinovski məktəbi”nin “layiqli” müdavimləri funksiyasının öhdəsindən şərəfsizliklə gəlməkdədirlər. Onların arasında “xüsusi status”a sahib olan bədnam Konstantin Zatulin su içdiyi qaba tüpürməkdə heç də gorbagor sələfindən geridə qalmadığını dəfələrlə sübut edib.
Erməni sevdalı bu əbləh Cürcüstanda doğulub boya-başa çatsa da hazırda söz sahiblərindən biri olduğu Rusiyanın vaxtilə onun keçmiş vətənində həyata keçirdiyi separatizm, bölücülük, dağıdıcılıq siyasətinə qarşı bircə dəfə də etiraz səsini ucaltmayıb. Əksinə, hər fürsətdə bir zamanlar havasını udduğu, suyunu içib çörəyini yediyi ölkənin və onun xalqının ünvanına təhqiramiz, alçaldıcı fikirlər söyləməkdən çəkinməyib. Təbii ki, dünyaya göz açdığı ölkəyə, onu adam edib adamlar cərgəsinə qoşan xalqa belə münasibət bəsləyən bu zatıqırığın Ermənistanda “persona non-qrata” elan olunmasına baxmayaraq, gecə-gündüz erməniləri öyüb, onların sadiq köpəyi kimi Azərbaycan və Türkiyənin ünvanına olmazın iftiralar yağdırmasına qətiyyən təəccüblənmək lazım deyil. Heç bu zatıqırıq əbləhin oktyabrın 9-da Düşənbədə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevin və Vladimir Putinin son zamanlar AZAL-ın sərnişin təyyarəsinin Rusiya səmasında qəzaya uğramasından sonra iki ölkə arasında yaranmış gərginliyin aradan qaldırılmasına xidmət edən, son dərəcə səmimi atmosferdə keçən görüşünün konsturiktiv yekunlarına kölgə salmaq cəhdlərinə də təəccüblənməməliyik. Görün zatıqırıq yaramaz Düşənbə görüşü başa çatar-çatmaz, necə deyərlər, “isti izlərlə” erməni mediasına (?!) müsahibəsində bütün dünyanın, o cümlədən MDB dövlətlərinin təqdir etdikləri bu mühüm hadisəyə necə özünəməxsus don geyindirir: “Azərbaycan Prezidenti uzun müddətdir ki, Rusiya və onun təyyarə qəzasındakı günahı ilə bağlı hər cür ritorika təqdim edir. Amma bu, yalnız ritorika ilə məhdudlaşsaydı... Biz onun bu müddət ərzində həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Rusiya ilə fikir ayrılığını nümayiş etdirdiyi, Ukraynaya nümayişkaranə yardım göstərdiyini bilirik... Bütün bunlar Rusiya ilə Azərbaycan arasında təyyarə qəzasından kənara çıxan tərəfdaşlığı bir daha ifşa etdi. Amma təyyarə hadisəsi baş verdiyi üçün Rusiya Prezidenti bugünkü görüşdə məhz bu hadisəyə diqqət yetirdi. Mən Rusiya ilə Azərbaycan arasında mövcud olmayan strateji tərəfdaşlığın apoloqu deyiləm... Bizim ticarət-iqtisadi əlaqələrimiz, mədəni əlaqələrimiz və başqa əlaqələrimiz var... Bu, o deməkdirmi ki, biz Azərbaycanla ittifaq haqda hər hansı bir illüziyaya qapılmalıyıq? Hesab edirəm ki, bu görüş heç bir halda bizim bununla bağlı illüziyalara qapılmağımız üçün əsas deyil.”
Bax, belə! Rusiya-Azərbaycan münasibətlərinin pozulması üçün dəridən-qabıqdan çıxan qüvvələrin əlində alət olan bu sadiq erməni köpəyinin ölkəmizə və xalqımıza düşmən münasibətini qoyaq bir kənara. Zatən bu yaramazın zaman-zaman dövlətimizə və xalqımıza nifrətdən, kin-küdurətdən yoğrulmuş münasibəti hamıya məlumdur. Bəs bu əbləh növbəti dəfə özünün su içdiyi qaba niyə tüpürür? Yəni, nə səbəbdən onu indiki ali məqamına yüksəltmiş Rusiyanın bugünkü iqtidarının, bir az da konkretləşdirməli olsaq, Prezident Putinun problemin çözülməsinə hesablanmış konsturiktiv addımlarına köılgə salır?
Yəqin ki, lap yaxın günlərdə bu tipli açıqlamaları “Jrinovski məktəbi”nin digər müdavimlərinin-solovyovların, simonyanların, skabeyevaların da dilindən eşidəcəyik. “Jrinovski məktəbi”ndən söz düşmüşkən... Gözünüz aydın olsun. Bu “məktəb”in yuxarıda adlarını çəkdiyimiz stajlı müdavimləri itməmiş, yəni, necə deyərlər, ya zəlzələdən, ya da vəlvələdən gorbagor sələflərnin vasil olduğu ünvana (oxu: cəhənnəmin isti bucağına) yola salınmamış son vaxtlar “Jrinovski tarlasında” bu əbləhlərdən də betər zəhər saçan yeni alaq otları bitib. Görün “Jrinovski məktəbi”nin yeni müdavimi, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin daha bir birinci müavini (görəsən Dumanın bu komitəsində neçə nəfər birinci müavin var?) Viktor Vodolatski nə sayıqlayır: “Hazırda Azərbaycan və Ermənistan Avropa İttifaqının diqqət mərkəzindədir. Ümumiyyətlə, Avropa postsovet ölkələrində mənəvi dəyərləri məhv etməyə çalışır.” Daha sonra Rusiyanın Cənubi Qafqaz ölkələrinin Avropa ilə yaxınlaşmasından çox narahat olduğunu bildirən Vodolatski bu ölkələri təhdid edən hədə-qorxu bəyanatı səsləndirir: “Ermənistan və Azərbaycan bir zamanlar Ukraynanın etdiyini təkrarlayırlar. Ukrayna hadisələri bu region ölkələrinə dərs olmalıdır.”
Bu başabəla siyasətçinin sayıqlamalarına münasibət bildirməmişdən öncə qeyd edək ki, 5 il bundan əvvəl- 2020-ci il iyunun 21- də başçılıq etdiyi parlament nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarını “Report”un Rusiya bürosunun müxbiri ilə bəlüşərkən xalqımızın, dövlətimizin, Prezidentimizin ünvanına bolluca tərif yağdıraraq demişdi: ”Komitəmizin Azərbaycan Milli Məclisinə gəlişi hər zaman dostların görüşüdür. Çox isti qarşılıqlı münasibətlərimiz var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmişə Komitə nümayəndələrini çox isti qarşılayır və yeni birgə layihələrin həyata keçirilməsini dəstəkləyir. Ölkələrimiz arasında yeni müqavilənin imzalanması Rusiya və Azərbaycan xalqlarını daha da yaxınlaşdıracaq və yeni nəslə bir-birimizin mədəniyyəti, tarixi və adət-ənənələri haqqında daha çox şey öyrənməyə yardım edəcək.” İndi bu üzdəniraq siyasətçidən sorunmaq gərəkdir: Dünənki təriflərin hara, bugünkü xoxgəldilərin hara?.. O ki qaldı Dumanın “stajlı deputat”ının Azərbaycanı “Ukrayna dərsi” ilə təhdid etməsinə, cənab Vodolatskidən dübarə soruşmaq gərəkdir: Ukraynaya necə qulaqburası vermisiniz ki, bizə ondan dərs götürməyi tövsiyə edirsiniz? Artıq 4 ilə yaxındır ki, Donbas bataqlığından çıxa bilmirsiniz və hazırda tutduğunuz ərazi 3 il bundan əvvəl işğal etdiyiniz ərazidən kiçikdir. Budurmu Ukraynaya verdiyiniz dərs?!
“Jrinovski məktəbi”nin daha bir idbar müdavimi, Kremlin təbliğat maşınının Sergey adlı, Mardan soyadlı vintciyinin özünün sosial şəbəkə səhifəsində paylaşımları ilə tanış olarkən Viktor Vodolatskinin dədəsinə rəhmət oxumamaq olmur. Üfunət iyi verən paylaşımında Azərbaycanı və Qazaxıstanı hədəfə alan imperiya təfəkkürlü bu qatı şovinist utanıb-qızarmadan, abır-həya etmədən Rusiyanın bu ölkələrdə “SVO” (xüsusi hərbi əməliyyat) keçirməsini təklif edir. Buna səbəb kimi Qazaxıstanın suveren hüquqlarından istifadə etməklə, öz ərazisindən Rusiyaya keçən yük avtomobillərini yoxlamasını göstərir. Daha sonra Qazaxıstanı və eyni zamanda, konkret bu məsələyə heç bir aidiyyəti olmayan Azərbaycanı “SVO” ilə təhdid edir: “Heç cür seçə bilmirəm ki, “SVO” birinci haradan başlamalıdır - əvvəl Azərbaycan, sonra Qazaxıstan, yoxsa əksinə?”
Jrinovski məktəbi”nin bu idbar müdaviminin sonrakı paylaşımında qarnının ağrısının əsl səbəbi aydın olur. Sən demə, Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, yeni-yeni dostlar, tərəfdaşlar qazanması bu vintciyin ürəyincə deyilmiş. Əgər belə olmasaydı namərd Mardan Azərbaycan və Ukrayna liderlərinin Danimarkadakı görüşünə və bu görüşdə ingilis dilində danışmalarına istehza ilə yanaşmazdı. Paylaşımında daha sonra vaxtilə Qafqazın işğalına rəhbərlik etmiş keçmiş Rusiya imperiyasının ən qəddar və şərəfsiz generallarından olan Sisianovu xatırladan Mardan əvvəl-axır Azərbaycanın rus dilinə qayıdacağına eyham vurur. Belə yerdə necə deməyəsən ki, ay səni köpüb qudurasan, qurbağa! Necə deməyəsən ki, keçdi o əyyamlar, Mardan! Nəhayət, reallıqlarla barışmaq zorundasınız! Sən də, müdavimi olduğun bədnam “Jrinovski məktəbi”nin digər yetirmələri- imperiya təfəkkürlu, sovinizm ruhlu zatulinlər, solovyovlar, simonyanlar, skabeyevalar da bilin və birdəfəlik yadda saxlayın ki, bugünkü Azərbaycan 35-40 il bundan əvvəlki Azərbaycan deyil. Bugünkü Azərbaycan imzası imzalalar içində olan, beynəlxalq məsələlərin həllində söz sahibi statusuna yüksəlmiş qüdrətli, qalib Azərbaycandır və heç kim onunla zor, təhdid, hədə-qorxu, diktə dilində danışa bilməz! Son proseslər bunu bir daha sübut etdi! Anladınızmı?..