11 noyabr 2022 02:14
873

Müasir texnologiyamızın vacib istiqaməti - Rəqəmsallaşdırma

Rəqəmsallaşdırma həyatın və istehsalın müxtəlif sahələrində müasir rəqəmsal texnologiyaların tətbiqidir

XX əsrin 90-cı illərinin sonlarında dünya rəqəmsal iqtisadiyyat haqqında danışmağa başlamışdı. O vaxtdan artıq 20 ildən çox vaxt keçib. İndi internet də, smart cihazların istifadəsi də hər bir ailədə adi hala çevrilib. Yeni texnologiyaların inkişafı ilə həyatımızda çox şey dəyişib. İndi ətrafımıza nəzər salsaq 15-20 il əvvəl fantastik arzu hesab etdiyimiz texnoloji nailiyyətlərin artıq real həyatda istifadə edildiyini, onun üstünlüklərindən yararlandığını görərik. Yeni texnologiyalar sayəsində gündəlik işlərə qat-qat az zaman sərf edərək əvəzində digər fürsətləri dəyərləndirə bilirik. Hazırda rəqəmsallaşma məişətdə, istehsalda, işdə, dövlət strukturlarında, biznesdə tətbiq olunur.  

Qlobal rəqəmsallaşma ifadəsi son illər daha çox istifadə olunmaqla yanaşı, həm də bir qədər təsirli səslənir. Bəs, nə üçün iddia olunur ki, qlobal rəqəmsallaşdırma bizim xeyirimizədir? Gəlin, həyatımızı komponentlərə bölərək təhlil edək. Hamımız hökumətin səmərəliliyindən asılıyıq, mal və xidmətlərdən, məlumatlardan onlayn, oflayn istifadə edirik, ünsiyyət qururuq və s. Rəqəmsallaşma isə bütün bu prosesləri asanlaşdırır. Məsələn, smart evlər, yəni “ağıllı ev”lər və ya başqa bir rəqəmsal sistem - həyəcan siqnalları. İndi xüsusi sensor mənzildə yad şəxslərin olub-olmamasına nəzarət etmək olur. Hətta obyektə hansısa müdaxilə baş verərsə binalardan çıxışları bağlayan daha mürəkkəb sistemlər belə var.

Rəqəmsallaşma texnologiyaları uzun illərdir ölkəmizdə də uğurla tətbiq olunur. Uğurlu qlobal rəqəmsallaşmanın göstəricilərindən biri sosial, siyasi və biznes proseslərini dəyişdirən və həyat keyfiyyətinin yaxşılaşmasına səbəb olan açıq məlumatdır. Respublikamızda dövlət idarəçiliyində operativliyin və səmərəliliyin artırılması məqsədilə “Elektron hökumət”in formalaşması artıq təmin olunub. Hazırda dövlət qurumları informasiya sistemləri və ehtiyatlarından, onlar əsasında yaradılan elektron xidmətlərdən geniş istifadə edirlər. Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycan Respublikasının TIER III səviyyəli, ISO 20000 və ISO 27001 standartlarına uyğun Data Mərkəzi yaradılıb və fəaliyyəti təmin edilib. Eyni zamanda, Prezident İlham Əliyev 3 iyun 2019-cu il tarixində “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalayıb. Respublikamızda “hökumət buludu”nun yaradılması bir sıra müasir çağırışlarla bağlıdır. Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması, aparılması və inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət idarəçiliyində xərclərin azaldılması və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsi “Hökumət buludu”nun yaradılmasını şərtləndirən amillər sırasında yer alır.

Prezident İlham Əliyevin ölkənin gələcəyini müasir innovasiyaların inkişafında görməsi “ASAN xidmət” və DOST mərkəzlərinin sayının artmasını şərtləndirir. Artıq uzun müddətdir fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri bir çox sahələrdə uğurlu formul kimi çıxış edir. “ASAN xidmət”də “Vətəndaş həmişə haqlıdır” prinsipi əsas meyar kimi götürülüb və bu model dünyada Azərbaycan brendi kimi tanınıb. Onu da qeyd edək ki, dövlət sektorunda innovasiya yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün bir yenilik idi. Çünki innovasiyalar adətən özəl sektorda fəal şəkildə tətbiq olunurdu. Lakin təcrübə göstərdi ki, bəzən onlar dövlət strukturlarında da çox uğurla tətbiq oluna bilirlər və ölkəmizin bu sahədə təcrübəsi bir örnəkdir. Dövlət başçısı İlham Əliyev çıxışlarında ölkədə aparılan islahatlar proqramında innovativ texnologiyaların istifadəsini prioritet məsələlərdən biri adlandırır. Ölkəmiz bu sahədə nəinki regional liderdir, həm də bütün Avrasiya məkanında innovasiyalar sahəsində böyük nailiyyətlərə imza atıb. Respublikamızın rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı hədəfləri böyükdür. İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərimizin bərpasında rəqəmsal texnologiyaların tətbiqinə geniş yer verilir. O cümlədən Zəngilan rayonunun Üçüncü Ağalı kəndində reallaşdırılan “ağıllı kənd” pilot layihəsi maraq doğurur. Kənddə layihənin icrası əsasən, 5 komponent üzrə - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri həyata keçirilir.

Bu istiqamətdə atılan ən mühüm addımlardan biri də ölkəmizi qlobal internet şəbəkəsinə qoşan “AzerTelecom” şirkəti tərəfindən reallaşdırılan “Azerbaijan Digital Hub” proqramıdır. Proqram üç əsas blokdan - “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi çərçivəsində Asiya və Avropa arasında Azərbaycan vasitəsilə qlobal fiber-optik infrastrukturun yaradılması, “Google”, “Amazon”, “Alibaba”, “Tencent”“, “Apple”, “Netflix”, “Facebook”, “Microsoft”, “Baidu” və digər dünya provayderləri üçün qlobal Data Mərkəzin yaradılması, Azərbaycanda və bütövlükdə regionda rəqəmsal ekosistemin formalaşdırılması kimi üç əsas blokdan ibarətdir. “Rəqəmsal İpək Yolu” layihəsi təkcə Azərbaycana deyil, həm də qitələri birləşdirən yeni telekommunikasiya dəhlizinin keçəcəyi ərazilər vasitəsi ilə Avropa və Asiya ölkələrinə də inkişaf üçün imkanlar yaradır.

Bir sözlə, Azərbaycan davamlı olaraq xarici təcrübəni öyrənir və tətbiq edir.  Ağıllı infrastrukturların tətbiqi də bunlardan biridir. Bu sistemlər resursların limitli olduğu dünyamız üçün həm ekoloji, həm də iqtisadi faydalarını göstərir.

Günel Eyyubova, “İki sahil”