17 may 2025 01:57
98

Milli ruh, torpağa bağlılıq hissi sarsılmaz olanda…

İşğal dövründə Ermənistan məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Özü də bu dağıntılar müharibə zamanı yox, atəşkəs zamanı törədilmişdir. Həyata keçirilən vandallıqda təcavüzkar ölkənin arxasında duran bəzi xarici dövlətlərin də əli olmuşdur. Onlar Ermənistanı inandırmağa çalışırdılar ki, Azərbaycan cürət edib heç vaxt azadlıq müharibəsinə başlamayacaq. Bununla da xalqımız haqqında yanlış təsəvvür yaradırdırdılar. Odur ki, təcavüzkar ölkə işğalçılıq siyasətində daha da gücləndirirdi. Amma bütün bunlar Azərbaycanı haqq yolundan döndərə bilmədi.

Prezident İlham Əliyevin Ağdam Muğam Mərkəzinin açılışında bildirdiyi kimi, ancaq onlar bir şeyi hesablaya bilməmişlər, o da Azərbaycan xalqının iradəsi, milli ruhu, xalqımızın əyilməz ruhu və bu torpağa olan bağlılığımız.

Bəli, düşmən və onun havadarları Azərbaycan xalqının milli mənəvi ruhunu düzgün qiymətləndirmirdilər. Məhz milli ruh, torpağa bağlılıq ölkəmizin hüdudlarında erməni separatizminə son qoydu. Azərbaycan 44 günlük Vətən müharibəsi və birgünlük lokal antiterror əməliyatı ilə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. 30 il ərzində 5-6 xətdən ibarət qurulan müdafiə istehkamları bu milli ruhun, birliyin gücü qarşısında tab gətirmədi, dağıdıldı, təcavüzkar ölkəni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bununla da xalqımız öz yüksək mənəvi ruhu ilə başının bəlasını çevrilmiş Qarabağ münaqişəsini tarixin zibilliyinə göndərdi və bölgəyə yeni reallıqlar bəxş etdi.

Bəli, məhz bu milli ruh, milli təfəkkür tariximizə yeni səhifələr əlavə etdi. Ölkəmiz bütün dünyaya xalqımızın nə qədər böyük milli ruha malik olduğunu nümayiş etdirdi. Göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır. Həm də dünyaya göstərdi ki, müharibəni necə ləyaqətlə aparmaq lazımdır.

Bizim tarixi Zəfərimiz artıq dünyada bir möcüzə kimi qəbul olunur.  Hətta bu faktı dünyanın tanınmış siyasi xadimləri də dəfələrlə etiraf ediblər. Bu Zəfərdə isə hər bir soydaşımızın payı vardır. Bu məqamda dövlət başçısının  sözlərini də xatırlatmaq yerinə düşərdi: “Çünki xalq arxamda durmasaydı, əgər müharibə dövründə hər hansı bir tərəddüd hiss olunsaydı, yaxud da ki, cəmiyyətdə hər hansı bir fikir ayrılığı olsaydı, bu Qələbəni belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmazdı”. Bu isə o deməkdir ki, vətənpərvərlik yalnız orduda xidmət deyil, eyni zamanda, Vətəni dərin məhəbbətlə sevməkdir, torpağa, yurda bağlı olmaqdır.  Bu mənada xalqımızın sıravi nümayəndəsindən tutmuş Ali Baş Komandanınan qədər hər bir üzvü qəhrəmandır. Belə bir xalqı isə məğlub etmək mümkün deyil. Bəli, hər bir vətəndaşımızın Vətənə bağlı olması xalqımızın və dövlətimizin böyük üstünlüyüdür.

Hazırda azad edilmiş bütün ərazilərimizdə dünyanı heyrətə gətirəcək geniş quruculuq, bərpa işləri aparılır. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır. Şübhəsiz, bu quruculuqda da milli ruh, torpağa bağlılıq yenə öz sözünü deyir. Artıq işğaldan azad edilmiş ərazilərimiz bu milli ruhun sayəsində gülüstana çevrilməkdədir. Qısa müddət ərzində Füzulidə, Laçında, Zəngilanda beynəlxalq hava limanlarının tikilməsi və yüz kilometrlərlə yolun çəkilməsi, o cümlədən, Zəngəzur dəhlizi ilə əlaqədar olaraq avtomobil yollarının, dəmir yolunun çəkilməsi çox böyük işlərin görülməsindən xəbər verir. Keçmiş köçkünlər Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində mərhələ-mərhələ öz doğma yurd-yuvalarına qayıtmaqdadırlar. Yeri gəlmişkən qeyd edək ki, keçmiş məcburu köçkünlər artıq 14 yaşayış məntəqəsində məskunlaşıblar.  Şübhəsiz, onlar bu torpaqlarda əbədi yaşayacaqlar.

2026-cı ilin sonunadək Böyük Qayıdış Proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Böyük Qayıdış Proqramının ikinci mərhələsi isə üç fazadan ibarət olmaqla 2026-2040-cı illəri əhatə edəcək və proses 2040-cı ilə qədər yekunlaşacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”