Bu sahədə işlərə yenidən start verilir
Qarabağın zəngin flora və faunası üç yüz il əvvəl də burada dərman və məlhəmlərin istehsalına zəmin yaratmışdı. Zəngəzur, Laçın, Şuşa, Qubadlı, Kəlbəcər dağları, eləcə də bölgənin aran hissəsi yaşıl bir xəzinəni xatırladırdı. Bu yerlədə bol olan qırxbuğum, itburnu, zirinc, gülxətmi, əvəlik, ələyəz, qayaçiçəyi, çobanyastığı, yarpız, çətənə, xaş-xaş, moruq, böyürtkən, çiyələk, baldırğan, quzuqulağı, yemişan və sair dərman bitkiləri, giləmeyvələr və yabanı meyvələr yetişirdi. Təbiblər və türkəçarəçilər onlardan kustar üsulla dərman hazırlayır və xəstələri müalicə edirdilər. Lakin zaman keçdikcə həmin dərmanlar yaxın bölgələrə, Şəkiyə, Gəncəyə, hətta Şərq ölkələrinə qədər yayıldı. Tacirlər bu dərmanları və məlhəmləri qızıl pulla alaraq öz ölkələrinə aparırdılar. Ona görə də ehtiyacın və tələbatın çox olduğunu görən tək-tək loğmanlar birləşərək əczaxanalar yaratmağa başladılar. Loğmanlar və onların şagirdləri dağlara, meşələrə, bağlara gedir, lazımi bitkiləri və meyvələri toplayıb gətirir, istehsalın həcmini genişləndirirdilər. Bir neçə şuşalı bu işin elmi əsaslarını dərindən öyrənmək məqsədi ilə yaxın xarici ölkələrdəki alimlərin yanına gedir, keyfiyyətli dərman və məlhəmlər hazırlamağı öyrənir və Şuşaya qayıdırdılar. Bu hazırlıq, yəni təhsil müddəti bəzən on ildən də çox olurdu.
Torpaqlarımız Ermənistanın otuz illik işğalından azad ediləndən sonra Şuşada əczaçılığın dirçəldilməsi və inkişafı gündəmə gəlib. Sahənin mütəxəssisləri öz fikir və təkliflərini irəli sürüblər.
“Biz bütün dünyaya Qarabağın flora və faunasını tanıtmaq istəyirik. Orada olan ekoloji terroru - ermənilərin 30 il ərzində floramıza nə qədər zərər vurduğunu, xüsusən də nadir dərman bitkilərimizin məhv edilməsini, yandırılmasını dünya ictimaiyyətinə çatdırmalıyıq”.
Bu fikri Fitoterapevtlər İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağın flora və faunası” mövzusunda elmi-praktiki konfransda təşkilatın sədri, “Nərgiz” klinikasının rəhbəri Məlahət Qəhrəmanova bildirib. O qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra əsas iş dərman bitkilərimizin yenidən bərpa edilməsi, floramıza vurulan zərərin aradan qaldırılmasını təmin etmək olmalıdır. Bu baxımdan, aidiyyəti institutların qarşısında böyük vəzifələr durur.
“Qarabağın flora və faunası” layihəsinin ideya müəllifi, Fitoterapevtlər İctimai Birliyinin fəxri üzvü Fəxriyyə Xələfova qeyd edib ki, ermənilərin Qarabağda həyata keçirdikləri ekoloji terrorun fəsadları ağırdır. Bu, təkcə ekoloji terror deyil, həmçinin ölkəmizə qarşı törədilən müharibə cinayətləridir.
F. Xələfovanın sözlərinə görə, Qarabağ, Şərqi Zəngəzur üçün vaxtilə xarakterik olan əczaçılıq və ipəkçilik yenidən bərpa edilməlidir. Qarabağ ipəyi, Qarabağ kəlağayısı bütün dünyaya təqdim olunmalıdır.
Milli Məclisin deputatı Qənirə Paşayeva isə Fitoterapevtlər Cəmiyyəti olaraq ilk işin 30 il ərzində Qarabağın flora və faunasına işğalçılar tərəfindən nə qədər ziyan dəydiyini hesablamaq lazım olduğunu dilə gətirib. Bildirib ki, dünyanın müxtəlif təşkilatları bununla bağlı məlumatlandırılmalıdır.
Çıxışlarda Qarabağın təbiəti, flora və faunası, azad edilmiş ərazilərin bərpası işləri barədə məlumat verilib. Həmçinin işğal zamanı Ermənistan tərəfindən törədilmiş ekoloji durumun acı nəticələri müzakirə olunub. Bildirilib ki, işğal dövründə hər il Qarabağda 1000 hektarlarla əraziyə ziyan vurulub. Nəticədə dərman bitkiləri, kolları və ağacları məhv edilib və ya az bir hissəsi qalıb.
Konfransda, həmçinin diqqətə çatdırılıb ki, bitki örtüyünün zənginliyi baxımından Qarabağ təkcə Qafqazın deyil, dünyanın ən zəngin ərazilərindəndir. Azərbaycan florasının 42 faizini məhz Qarabağ zonası təşkil edir. Bunların əksəriyyəti isə endemik və nadir dərman bitkiləridir. Qarabağda yetişən təkcə dərman bitkilərinin 606 növü məlumdur. Bunlardan 32 növü itmə təhlükəsi səbəbindən "Qırmızı Kitab"a salınıb.
Rəy və təkliflərdən belə məlum olub ki, Şuşanın, eıəcə də Qarabağın flora və faunasının “yaraları müalicə olunmalı”, yaşıllıqlar artırılmalı və daha zənginləşdirilməli, sonra dərman istehsalı üçün lazımi şərait yaradılmalıdır.
O da məlumdur ki, vaxtilə Şuşa dağlarından toplanıb kustar üsulla istehsal olunan dərman və məlhəmlər xarici ölkə istehsalından xeyli üstün idi, yəni, müalicə effekti daha yüksək idi. Keyfiyyətsiz və az effektə malik dərmanların ayaq tutub yeridiyi indiki zamanda bu, həm əhalimizə, həm də ölkəmizə böyük xeyir verəcəkdir.
Vəli İlyasov, "İki sahil"