03 dekabr 2022 23:00
528

İranın Xankəndiyə terrorçu diversantları göndərməsi bizdə narahatlıq doğurur

İranın Rusiya sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərə diversiya qrupu göndərməsi molla rejiminin ikiüzlü və qorxaq siyasi gedişlərinin davamıdır. Arazboyu hərbi təlimlərlə və Azərbaycandakı xəyanətkar çuğullarının vasitəsi ilə heç bir nəticə hasil olmadığını görən İran özünün ən yaxşı bacardığı işə, terrora əl atmalı olub. Sirr deyil ki, İran özlüyündə terror dövlətidir və dünyanın əksər dövlətləri və təşkilatları Tehranı məhz terrorçu qruplaşmalar yetişdirdiyinə, terrorçulara dəstək verdiyinə və dövlət səviyyəsində terror aktları sifariş və realizə etdiyinə görə açıq formada siyahılara salıb, sanksiyalara məruz qoyub.

Əlbəttə, İranın Xankəndiyə terrorçu diversantları göndərməsi bizdə narahatlıq doğurur, amma bu narahatlığımız daha çox Tehran-Bakı münasibətlərində ziddiyyətlərin dərinləşməsi ilə bağlıdır. Mollaların terrorçularına gəlincə, bildiyiniz kimi, biz 14 nəfərlik diversiya qrup üzvlərinin hər birinin hətta şəxsi məlumatlarına qədər informasiyalara malikik. İnformasiya və təhlükəsizlik tədbirləri baxımdan Azərbaycan xüsusi xidmət orqanları  bölgədə əməliyyat şəraitinə nəzarət etməklə hər kəsdən, o cümlədən də molla rejiminin təxribatlarından dəfələrlə addım öndədir. Tehran Azərbaycanı Suriya, yaxud Livanla qarışıq salmasın. Təmkinli davranışlarımızın fonunda səbrimizi sınamasınlar, diversantlar deyil, onları ezam edən əmmaməli terror təşkilaçılarını belə əli-qolu bağlı Bakıya gətirmək imkan və gücümüz var.

İran başa düşsün ki, Azərbaycanla mövcud ritorika hazırkı ixtişaşlar fonunda molla rejimini nəinki xilas etməyəcək, əksinə terror dövlətinin çöküşünü sürətləndirəcək.

Eyni zamanda baş verənlər Rusiya süıhməramlıların missiyasından kənar fəaliyyətlərlə məşğul olduğunu, sülh üçün təhdidə çevrilən qeyri-qanuni tədbirlərə şərait yarandığını göstərir və hesab edirəm ki, Rusiya Müdafiə Nazirliyi bu məsələyə aydınlıq gətirməlidir.

Bəhruz Məhərrəmov,

Milli Məclisin deputatı