KÖŞƏ

Elçin Zaman

Vardanyan təxribatlarına son qoymasa…

15 dekabr 2022 00:58
3534

Xankəndidəki qondarma separatçı və terrorçu rejim bu gün də burada ölkəmizin təbii sərvətlərini barbarcasına talamaqda davam edir. Məhz bu talançılığın qarşısının alınması üçün  deabrın 3-də və 7-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və «AzerGold”» Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki  faydalı qazıntı yataqlarının  qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşlər keçirmişdilər. Görüşlər zamanı rus sülhməramlılarının  nəzarət etdikləri ərazilərimizdə  Xocalıda və digər ərazilərdə ekoloji montorinqlər aparmaq barədə razılıq əldə edilmişdi. Razılaşmaya görə, Azərbaycan mütəxəssisləri dekabrın 19-da sözügedən ərazilərdə ilkin monitorinq keçirməli idilər.  Lakin rus sülhməramlıları dekabrın 10-da buna icazə verməyiblər. Ona görə də üç gündür ki, azərbaycanlı QHT nümayəndələr və çoxsaylı ictimai fəallarımız Şuşa-Laçın yolunda aksiya keçirirlər. Tələbləri Azərbaycan torpaqlarındakı qeyri-qanuni əməllərə, ekoloji təxribatlara son qoyulmasıdır. Aksiyaçılar Laçın yolundan keçən dinc erməni əhalisinə məxsus avtomobilləri  və təcili tibbi yardım maşınlarını buraxmağa hazır olduqlarını bildirirlər. Lakin bununla bağlı hələlik onlara müraciət edən yoxdur.

Bu gün Xankəndidə erməni separatçı və terrorçularına faktiki rəhbərlik edən qondarma rejimin «dövlət naziri», erməniəsilli rusiyalı milyarder Ruben Vardanyandır. O,  Azərbaycan torpaqlarındakı ekoloji talanın təşkilatçısıdır. Bu həmin Ruben Vardanyandır ki, Rusiya-Ukrayna müharibəsinə görə rus milyarderlərə tətbiq olunan sanksiyalardan canını qurtarmaq üçün Rusiya vətəndaşlığından imtina edərək Xankəndiyə köçüb. O, Xankəndidə xeyriyyəçilik adı altında yenidən  qanunsuz vəsaitlərini realizə edir. 

Bəs bu Ruben milyardlarını niyə başqa ölkələrə deyil, məhz Azərbaycan ərazisinə, Xankəndiyə transfer edib? Əslində, Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Xankəndiyə köçməsi sanksiyalardan yayınmaq cəhdi kimi təqdim edilsə də əsas məramı buradakı erməni terrorçuları və separatçıları Azərbaycana qarşı səfərbərlik etməkdir. Məsələ ondadır ki, çirkli pulların yuyulması,  narkotik dövriyyəsi və qanunsuz  silah alveri  ilə məşğul olan bu quldur öz fəaliyyətinin bir qismini vaxtilə işğal altında olmuş Azərbaycan torpaqlarında gerçəkləşdirib. Qarabağın təbii resurslarının talanıb daşınmasında əsas fiqurlardan olub.

Təbii ki, o, Qarabağdakı talanları təkbaşına gerçəkləşdirməyib. Təhlükəsizlik Xidməti orqanlarının araşdırmalarına görə, Ruben bu işdə ortağı, əslən Livanlı,  paralel şəkildə  Kanada , ABŞ vətəndaşlığı daşıyan  milyader erməni Nubar Afoyanla müştərək hərəkət edib. Yaxın Şərq regionunda  qanunsuz silah alverçisi kimi tanınan  bu cütlük həm də işğal altında olan Azərbaycan torpaqlarının  qeyri-qanuni məskunlaşdırılmasında aktiv iştirak ediblər.     

«Azadlıq Radiosu» OCCPR-ə istinadən hazırladığı   «Troyka Camaşırxanası:  Ruben Vardanyan yeni simada» başlıqlı məqalədə qeyd edir ki, rusiyalı milyarder əslində xeyriyyəçilik adından sui-istifadə edib: «O, milyonlarla vəsaiti  məktəblərə, mədəniyyət müəssisələrinə yardım etmək adı altında leqallaşdırıb və mənimsəyib. Ruben məxfi biznesini, qanunsuz vəsaitlərini  realizə etmək üçün «Qarabağ layihəsin»dən də faydalanıb. Bölgəyə bugünkü transferi də həmin proqramın davamıdır».

Bu yaramaz erməni həm də qardaş Türkiyəyə  qarşı iqtisadi və siyasi sanksiyaların tətbiq olunması istiqamətində fəallıq göstərib.  Əslində, Ruben Vardanyan rusiyalı biznesmen olsa da, guya daha çox erməni milləti və onun gələcəyi üçün xidmət göstərən şəxs kimi tanınıb. Burada guya sözünü ona görə yazıram ki, o Xankəndidəki erməniləri Azərbaycan əleyhinə qısqırtmaqla onları növbəti dəfə səfalətə və ölümə təhkim etmiş olur. Bu isərəzillikdir.

Ən sonda qeyd edək ki, azərbaycanlı aksiyaçıların haqlı tələbləri yerinə yetirilməlidir. Bu aksiydakı mütəşəkkillik bir daha göstərir ki, vardanyanların, araiklərin ölkəmizə qarşı təxribatlarına qısa müddətdə son qoyulacaqdır.