KÖŞƏ

Elçin Zaman

İmitasiya limiti tükənəndə…

05 oktyabr 2022 01:58
4437

Bu da bir reallıqdır ki, Ermənistanın hərbi müttəfiqi olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək gözləntiləri  tamamilə iflasa uğrayıb.  Ona görə də bu təşkilatın əsas söz sahibi olan Rusiya indi ölkədə az qala düşmən dövlət kimi qəbul olunur. İrəvanda keçirilən aksiyalara diqqət edəndə Ermənistanın «dostlar»ının sayının çox məhdud olduğu da diqqət çəkir. Hər halda, İrəvandakı Rusiya səfirliyi qarşısında KTMT əleyhinə keçirilən aksiyalarda ermənilər sadəcə, bir neçə dövlətin -ABŞ, İran, Yunanıstan bayraqlarını qaldırıblar. Bəsit erməni düşüncəsinə görə, ABŞ və İran onların əvəzinə Ermənistan uğrunda savaşa bilərlər.

Halbuki, Ermənistan  xarici ölkələrə yalvarmaq əvəzinə bölgənin qalib və qüdrətli ölkəsi olan Azərbaycanla sülh müqaviləsi imzalasaydı gələcəyi üçün daha faydalı nəticələr əldə edə bilərdi. Axı  Rusiya səfirliyi qarşısında bayraqları qaldırılmış dövlətlərin heç biri Cənubi Qafqazda cərəyan edən proseslərə müdaxilə imkanlarına malik deyillər. Üstəlik, bu ölkələr siyasi bəyanatlarla nə qədər Ermənistana ürək-dirək verməyə çalışsalar da Azərbaycan-Türkiyə ittifaqı ilə hərbi-siyasi qarşıdurmaya getmək cəsarətində ola bilməzlər. Belə bir geosiyasi şəraitdə Ermənistanın yenə də güclü Azərbaycan Ordusu qarşısında təkbaşına buraxılacağı qətiyyən şübhə doğurmur.

Ermənistan və onun havadarları yaxşı anlayırlar ki, ordumuz çox qısa zaman içərisində bütün Ermənistan ərazisini nəzarət altına almaq qüdrətinə malikdir. Məhz bu reallıqdan çıxış edən rusiyalı hərbi ekspert, «Milli müdafiə» jurnalının təsisçisi və baş redaktoru İqor Korotçenko bildirir ki,  Azərbaycan Ordusunun Ermənistan müdafiəsini yararaq  Naxçıvana çatmaq imkanı var idi. Yəni, Azərbaycan istəsəydi dəhlizi açardı. Lakin bəzi geosiyasi məsələlərə görə səbir nümayiş etdirdi.

Rusiya baş nazirinin müavini Aleksey Overçuk da ötən ay İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumunda çıxışı zamanı deyib ki, Azərbaycanla Ermənistan arasında yolların açılması təxminən 4,5-5 milyard dollarlıq Rusiya sərmayəsinin Ermənistan bazarına daxil olmasına şərait yaradacaq: «Üçtərəfli sazişlərdə nəzərdə tutulan regionda nəqliyyat əlaqələrinin açılması Ermənistanın iqtisadi inkişafı və bura investisiyaların axını üçün yeni imkanlar açacaq.»

Bəzi erməni politoloqlar da vurğulayırlar ki, Azərbaycan məqsədyönlü şəkildə Ermənistan ərazisindən Naxçıvana dəhliz açmağa tələsməyib. Çünki  Azərbaycan Ordusu sərhəd bölgəsində əsas strateji yüksəkliklərdə olan mövqeləri ələ keçirib. Bu isə hərbi təhlükə ucbatından bölgənin tamamilə boşalmasına səbəb olacaq. Göründüyü kimi, Paşinyan hakimiyyətinin Ermənistanın sayı sürətlə azalmaqda olan himayədarlarına ümid bəsləməsi tamamilə mənasızdır. Əgər Ermənistanın sülh prosesini uzatması Azərbaycanın  səbrini daşırarsa  bu, ümumiyyətlə, Ermənistan dövlətçiliyinin sonunu gətirə bilər. Ermənistanın beynəlxalq himayədarları isə Azərbaycanın hərbi uğurlarını sadəcə, müşahidə etmək məcburiyyətində qalacaqlar.

Prezident İlham Əliyev də son açıqlamalarında müharibə dövründə 10 min fərarisi olan bir ölkənin nə fiziki cəhətdən, nə mənəvi cəhətdən savaş aparmaq iqtidarında olmadığını vurğulayıb. Ölkəmizin başçısı xarici himayədarlarına ümid bəsləyən Ermənistan rəhbərliyinə xatırladıb ki, Azərbaycanı heç kim və heç nə dayandıra bilməz: «Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər həyata keçirək».

Azərbaycan liderinin bu xəbərdarlığı da Ermənistanı düşdüyü mürəkkəb durumdan çıxaracaq yeganə yolun məhz sülh müqaviləsini imzalamaqdan keçdiyini təsdiq edir. Prezident İlham Əliyev Ermənistan hakimiyyətinin vaxtı uzatmaqda israrlı olduğunu da birmənalı şəkildə vurğulayıb: «Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır. Biz təklif edirik ki, delimitasiya prosesinə start verək. Bunu təxminən bir ildən artıq müddət ərzində uzatdılar. İndi isə bu proses başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danışıqlar, xəritələr üzrə heç bir müzakirə aparılmır.»

Prezident İlham Əliyevin açıqlamasından o da məlum olur ki, Ermənistandan fərqli olaraq Azərbaycan sülh prosesinə tam hazır vəziyyətdədir. Bütün bunlar onu göstərir ki, ölkəmiz haqqı çatan hər şey üçün hüquqi əsaslara malikdir. Yəni, Azərbaycan nə istədiyini tam dəqiqliyi ilə bilir. Üstəlik, istədiyinə gec ya tez maksimum səviyyədə nail olacağına əmindir. Bu baxımdan Paşinyan hakimiyyəti Azərbaycan Prezidentinin son xəbərdarlıq mesajlarından nəticə çıxararaq Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olması üçün delimitasiya prosesində konstruktiv mövqenin vacibliyini anlamağa məhkumdur.