Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manata çatdırılıb. Sərəncama əsasən, həmçinin minimum aylıq pensiya 280 manata çatdırılıb, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq.
Sözügedən Sərəncam sosial təminata daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımından vacibdir. 700 min vətəndaşımızı əhatə edəcək minimum aylıq əməkhaqqı artımı üçün dövlət büdcəsindən əlavə 450 milyon manat vəsait ayrılacaq. Maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaşımız birbaşa faydalanacaq. Bu, o deməkdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum aylıq əməkhaqqı alan bütün vətəndaşlarımızın maaşları artacaq. Artımlar özəl sektoru da əhatə edəcək. Yəni, yalnız dövlət sektorunda deyil, özəl sahədə də bu ildən 345 manatdan az əməkhaqqı verilə bilməz.
Son Sərəncamla Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq minimum aylıq əməkhaqqı 200 dollarlıq həddi keçdi. Beləliklə, minimum aylıq əməkhaqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu 40,2 faiz üstələyəcək. Bu Sərəncam, eyni zamanda, digər sahələrdə də artım üçün baza yaradacaq.
Sözügedən Sərəncam 2023-cü ildə də sosial təminat məsələlərinin prioritet olacağını bir daha təsdiq edir. Sosial proqramlarda artımlar il ərzində davam etdiriləcək.
Hansı sosial müavinətlər və təqaüdlər artırılacaq?
Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, yalnız minimum aylıq əməkhaqqı və pensiya deyil, həmçinin sosial müavinət və təqaüd məbləğlərinin də artırılması nəzərdə tutulur. Belə ki, sənədlə Nazirlər Kabinetinə 10 gün müddətində sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılıb. Bu isə o deməkdir ki, yanvarın 15-dək Nazirlər Kabineti sosial müavinətlər və təqaüdlərin artımı ilə bağlı təkliflərini dövlət başçısına təqdim edəcək. Bu, həm də o deməkdir ki, yaxın zamanlarda sosial müavinətlərin və təqaüdlərin artımı ilə bağlı da Sərəncam olacaq.
Qeyd edək ki, müavinətlərin növləri “Sosial müavinətlər haqqında” Qanunun 4-cü maddəsinə əsasən müəyyənləşir. Həmin Qanuna görə, dövlət qulluqçularına ömürlük, yaşa görə, ailə başçısını itirməyə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə, 3 yaşınadək uşağa qulluğa görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə), 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə aylıq müavinətlər verilir. Həmçinin bu qanuna əsasən vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəliyində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən, beşdən çox uşağı olan qadınlara, övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə aylıq müavinətlər verilir. Birdəfəlik müavinətlər isə radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, uşağın anadan olmasına görə və dəfn üçün verilir.
Sözügedən müavinətlərdən hansının və eləcə də neçə faiz artacağı Nazirlər Kabineti tərəfindən təkliflər hazırlandıqdan sonra bəlli olacaq. Deməli, çox yaxın zamanlarda sosial artımlar ilə bağlı yeni sərəncamlar olacaq.
Cavid Əkbərov, “İki sahil”