03 fevral 2023 17:43
351

Mingəçevir Gənclər Evi və Kür Olimpiya İdman Tədris mərkəzinə media-tur təşkil edilib

Mingəçevir Gənclər Evinə və Kür Olimpiya İdman Tədris mərkəzinə media-tur təşkil edilib.

“İki sahil” xəbər verir ki, mediatur çərçivəsində öncə Mingəçevir Gənclər Evində olan jurnalistlərə burada yaradılan şərait barədə məlumat verilib.

Qurumun direktoru Tural Kərimov bildirib ki, artıq 10 ildir fəaliyyət göstərən Mingəçevir Gənclər Evində bu illər ərzində müxtəlif layihələr həyata keçirilib: "Hər zaman öz fəaliyyətimizdə gənclərin maraqlarını əsas prioritet məsələ hesab edirik. 2018-ci ildə Gənclər evində "Əsas heyət bacarıqları" adlı kurs fəaliyyətə başlayıb. Bu kursun əsas məqsədi gənclərin gələcəkdə daha uğurlu karyera qurmasına dəstək göstərməkdir. Daha sonra 2019-cu ildə Mingəçevir Gənclər evində "Səyyar gənclər evi" layihəsi icra edilib. Layihə çərçivəsində qonşu rayonlarda və kəndlərdə gənclərin fəaliyyətləri təmin olunub. "Səyyar gənclər evi" layihəsi artıq "Səyyar Gənclər paytaxtı" adı altında fəaliyyət göstərəcək. Yeni layihəmizdən biri də texnologiya və dizayn sahəsində kursların təşkil edilməsidir. Əlavə olaraq demək istərdim ki, mütəmadi olaraq "Gənclərin şəxsi inkişafı və kariyerası" adlı kurslarımız fəaliyyət göstərir".

Gənclər Evində incəsənət sahəsinə həvəsi olanların məşq etmələri üçün səhnə, müxtəlif musiqi alətləri, eyni zamanda səsyazma studiyası da var. Həmçinin mərkəzdə rəssamlıq kursu da fəaliyyət göstərir.

Gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov isə açıqlamasında deyib ki, Azərbaycanın bütün bölgələrində yerləşən Gənclər evlərini əhatə edən yeni konsepsiya və inkişaf strategiyasının tətbiqinə başlanılıb.

"Burada həm sosial fəaliyyətlər, həm də gənclərin asudə vaxtlarının səmərəli təşkili, könüllü fəaliyyəti və s. digər layihələr gənclər evlərində həyata keçiriləcək. Yeni yanaşmalardan biri də odur ki, artıq Gənclər evləri araşdırma mərkəzləri kimi fəaliyyət göstərəcəklər" - deyə o qeyd edib.

Daha sonra media nümayəndələri Kür Olimpiya İdman Tədris Mərkəzində olub, idmançıların məşq prosesi ilə tanış olublar. Bildirilib ki, burada kanoe və avarçəkmə idman növləri ilə məşğul olmaq üçün müasir infrastruktur yaradılıb.

Qeyd edək ki, Mingəçevir şəhəri 2023 Gənclər Paytaxtı seçilib.