KÖŞƏ

Zahid Rza

İran Azərbaycandan üzr istəməlidir…

18 mart 2023 01:36
5357

Tarixən Azərbaycana düşmən münasibəti sərgiləyən Tehranın farsist rejimi ölkəmizin uğurlarına daim qısqanclıqla yanaşıb. Fars-molla rejimi xüsusilə Qarabağ Zəfərindən sonra Azərbaycana qarşı təxribatçı və pozuçuluq əməllərinin miqyasını daha da genişləndirib.

Bütün bunlar təsadüfi deyil. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra İran ölkəmizə qarşı daim qərəzli münasibət nümayiş etdirib, uzun müddət respublikamızın suverenliyini tanımayıb. Təsadüfi deyil ki, “İzvestiya” qəzetinin 27 noyabr 1991-ci il tarixli sayında dərc edilən məqalədə Ə.Ə. Vilayətinin “Exo Moskva” radiostansiyasına dediyi bu fikirlər xatırladılıb: “Biz Azərbaycanın müstəqilliyini tanımaq niyyətində deyilik. Bu respublika ilə münasibətlərimiz Sovet İttifaqı çərçivəsində inkişaf etdiriləcəkdir”.

Sir deyil ki, sözdə “islam respublikası” olan İran Birinci Qarabağ müharibəsində Ermənistana güclü dəstək verib. Bunu ermənilər dəfələrlə bəyan ediblər. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan vaxtilə bildirmişdir: “İran bizim üçün nəfəslik rolu oynayır, bu nəfəslik 2-3 günlüyə bağlansa, Ermənistan çökər”.

2001-ci ilin iyulunda Xəzər dənizində geoloji kəşfiyyat işləri aparan Azərbaycanın “Geofizik-3”, “Əlif Hacıyev” gəmiləri İranın hərbi təyyarələri tərəfindən təhdid edildi. Yalnız dost, qardaş Türkiyənin Azərbaycana həmrəylik dəstəyi sayəsində molla rejimi quyruğunu qısaraq ərazini tərk edib.

Bundan başqa, 2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsi dövründə Azərbaycanla ortaq dəyərlərdən, dostluq münasibətlərindən dəm vuran İran Ermənistana silah göndərilməsindən tutmuş ölkəmizin təhdid olunmasına qədər respublikamıza qarşı hər cür çirkin vasitələrdən istifadə edib. Fars-molla rejimi Azərbaycanın tarixi torpaqları olan Qarabağın və Şərqi Zəngəzurun təxminən 30 illik işğalı dövründə məscidlərimizdə donuz saxlayan Ermənistana hərtərəfli yardım edib. Təcavüzkar Ermənistanın sərhədlərini özünün “qırmızı xətti” təşkil etdiyini bəyan edən mollakratiya rejimi Azərbaycan - İran sərhədinin 130 kilometri ermənilər tərəfindən işğal ediləndə isə inadkarcasına susurdu. Qırx dörd günlük müharibədə İranın yük maşınları və yanacaq tankerləri Xankəndidəki ermənilərə yardım daşıyıb.

Nəhayət, 2023-cü il yanvarın 27-də səhər saat 08:30 radələrində avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış, farsist rejimin xüsusi xidmət orqanları ilə, daha doğrusu, SEPAH-la əlaqələri şübhə doğurmayan terrorçu Yasin Hüseynzadə Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı xain terror hücumu törətdi. Hücumun qarşısının alınması zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak oldu, iki nəfər isə yaralandı. Səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev əliyalın şəkildə terrorçunun üzərinə atılaraq, qorxmaz və çevik hərəkətləri ilə onu tərksilah etdi. Şübhəsiz, terrorçu tərksilah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağı istisna edilmirdi.

Danılmaz faktdır ki, Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum uzun müddətdir ki, İranın rəsmi dairələri və kütləvi informasiya vasitələri tərəfindən Azərbaycan əleyhinə aparılan təbliğatın, düşmənçilik siyasətinin məntiqi nəticəsi idi. İstənilən ölkənin səfirliyi beynəlxalq qanunlara görə həmin ölkənin ərazisi hesab olunur, odur ki, səfirliyimizə hücum da Azərbaycan ərazisinə hücum kimi qiymətləndirilir. Səfirliyin qorunması məsuliyyəti ilk növbədə İranın rəsmi qurumlarının öhdəliyi olduğundan baş vermiş terror hücumuna görə məsuliyyəti də İran dövləti daşıyır. Ekspertlərin də söylədiyi kimi, İran kimi totalitar dövlətlərdə bu kimi hadisələrin xüsusi xidmət orqanlarının nəzarətindən kənar baş verməsi inandırıcı deyil.

 Fars-molla rejiminin Azərbaycana qarşı şərəfsiz əməllərini saymaqla bitməz. Ancaq Tehran hökuməti bilməlidir ki, ölkəmizə qarşı təxribatçı əməlləri cavabsız qalmayacaq. Bir müddət əvvəl Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonuna səfəri zamanı bildirmişdir: “Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada-Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”.

Şübhəsiz, İran ölkəmizə qarşı bütün bu çirkin əməllərinə, ikiüzlü siyasətinə görə peşman olacaq və xalqımızdan üzr istəyəcək. Təxminən bir ay bundan əvvəl “Riyakarlıq, şər, terror yuvası olan İran Azərbaycan xalqından üzr istəməlidir” adlı məqaləmizdə bu barədə bəhs etmişdik. Haqlıyıq, həm də israr edirik. Bu məsələ ilə bağlı mövqeyimizi dəyişməmişik və dəyişmək niyyətində də deyilik. Haqqı, ədaləti müdafiə edən dünyada tanınmış ən nüfuzlu şəxslər də məsələ ilə bağlı beynəlxalq tədbirlərin kürsülərindən səsimizə səs verirlər.

Belə ki, Prezident İlham Əliyevin himayəsi ilə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumuna videomüraciətində Nobel mükafatı laureatı, iranlı hüquq müdafiəçisi, tanınmış yazıçı Şirin Ebadi bildirib ki, İran Azərbaycana bu və digər şəkildə müdaxiləyə görə üzr istəməlidir.