KÖŞƏ

Zahid Rza

Xalqımız heç vaxt imkan verməz ki...

17 aprel 2024 12:38
6519

Radikal müxalifət hakimiyyət hərisliyi, kreslo sevgisi naminə bu gün dünyada və regionda baş verən qanlı müharibələr, sonu görünməyən hərbi qarşıdurmalar, terror, aclıq, səfalət və qaçqınlıq fonunda sabitlik, təhlükəsizlik, əmin-amanlıq adası olan ölkəmizi xaos, anarxiya, özbaşınalıq, böhran, dərin sarsıntılar, fəlakət və qaranlıq fırtınalar girdabına sürükləsin

Radikal müxalifət aprelin 21-də mitinq keçirilməsinə şərait yaratmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu mitinq-şou oyunu ilə bağlı fikir və mülahizələrimizi qeyd etməyi gərəkli sayırıq.

Keçək əsas mətləbə. Əvvəllər bildirdiyimiz kimi, bir daha qeyd edək ki, şəxsi ambisiyaları və maraqları naminə uzun illərdən bəri işbirliyində olduqları xaricdəki anti-Azərbaycan dairələrin ətəyini öpüb biət edənlərin “Milli Şura”sının sağalmaz  xroniki hal alan mitinq mərəzi getdikcə ağciyərlərin xroniki obstruktiv xəstəliyinə-AXOX-a bənzəyir. Bu bənzətmə bir az üzdən görünsə də, demək olar ki, tamamilə yerinə düşür. Yeri gəlmişkən bildirək ki, AXOX xəstəliyi tənəffüsün çətinləşməsi və təngnəfəsliklə müşayiət olunan bir mərəz növüdür. “Milli Şura”nın sədri Cəmil Həsənlinin, AXCP sədri Əli Kərimlinin son vaxtlar sosial şəbəkələrdə uğursuz, ürək bulandıran, cəmiyyət tərəfindən ikrahla qarşılanan monoton sayıqlamalarından sonra radikal müxalifətin çıxış yolu olaraq aprelin 21-nə mitinq təyin etməsi, necə deyərlər, məlum düşərgədə yaranan təngnəfəsliklə, ictimai dəstəksizlikdən əmələ gələn tənəffüsün çətinləşməsi ilə bağlıdır. Uzun illərdən bəri anti-Azərbaycan dairələrin maşası olduqlarını pərdələmək üçün min bir oyundan çıxan bu marginallar radikal düşərgədəki tənəffüs çatışmazlığını meydanlara, küçələrə çıxaraq mitinqlə “müalicə etmək” istəsələr də heç nəyə nail ola bilmirlər.

Erməni lobbisinin təsir mərkəzləri rolunu məharətlə oynayan bəzi beynəlxalq qurumların dağıdıcı müxalifətin içinə desant-təxribatçı qrup kimi yerləşdirdiyi “Milli Şura”nın bütün mütərəqqi ideya və ideallardan yoxsul liderciklərinin əsas məqsədi mitinq adı altında yalan, şər-böhtan dolu şüarlarla küçələrdə meydan sulamaq, populist çıxışlarla düşüncələri qarışdırmaq, cəmiyyətdə narazılıq, qarşıdurma, kin-küdurət yaratmaqdır. Demokratiya, insan haqları və s isə onlar üçün imitasiyadan, qrant qazanmaqdan başqa bir şey deyil.

Şəxsi maraqları və ambisiyaları naminə milli mənafelərimizə zidd əməllərinin rəngini daha da tündləşdirən, dərin mənəvi-psixoloji sarsıntılar burulğanında çırpınan bu marginalların çirkin niyyətləri, mənfur planları aşkar görünür. Hazırda regionda və dünyada yaşanan hadisələrin fonunda insanları küçə iğtişaşlarına səsləməklə xainlik və məsuliyyətsizlik nümayiş etdirən “Milli Şura”nın və onun ekiz qardaş AXCP-nin son illərdəki fəaliyyəti bu xəyanətkarların əsl simasını, xaraktersizliyini, satqın mahiyyətini tam dolğunluğu ilə ortaya qoyur. Birmənalı deyə bilərik ki, uzun illərdən bəri radikal müxalifətin fəaliyyət proqramında dəyişən yalnız və yalnız öz şəxsi maraqları naminə gündən-günə gücləndirdikləri antimilli fəaliyyətdə irrasionallığı, pozuculuğu, anarxizmi daha da şiddətləndirmək naminə onu yeni “texnologiyalar”la zənginləşdirmək üçün ən məkrli və avantürist metodlardan istifadə edilməsi olub. Bütün bunlar məlum xəyanətkar düşərgənin antimilli fəlsəfəsinin imperativlərindən qaynaqlandığını desək, heç də yanılmarıq.

Milli maraq və mənafeləri anti-Azərbaycan dairələrdən aldıqları beş-üç qəpik tulapayına satan, sosial bazası olmayan, xəyalpərəstliyə, ifrat subyektivliyə yuvarlanan inkarçı müxalifət liderciklərinin əlləri hər yerdən üzüldüyünə görə anti-Azərbaycan dairələrin çirkli ətəyindən yapışsalar da heç nəyə nail ola bilməyəcəklər. Çünki siyasi iflasa, mənəvi tənəzzülə uğrayan radikal təfəkkürlü Ə.Kərimli, C.Həsənli kimilərin şər yuvası, anti-Azərbaycan dairələrin arxa bağçasına, antimilli ünsürlərin pərdəarxası sövdələşmələrinin mənzil-qərargahına çevrilən, tibbi terminlə desək, AXOX xəstəliyinə  tutulan “Milli Şura”  artıq iflasa uğrayıb, onun “yaşamaq” limiti isə çoxdan tükənib. Xalqın dəstəyindən məhrum olaraq siyasi proseslərdə uzun illərin acı məğlubiyyətini yaşayan radikal müxalifətin şəxsi ambisiyalarını və iddialarını gerçəkləşdirmək üçün bütün ən çirkli vasitələrdən istifadə etmək “taktikası” çoxdan deqradasiyaya uğrayaraq sıradan çıxıb. Belə olan halda hansı mitinqdən danışmaq olar?

Əminlikllə deyə bilərik ki, bütün bunların fonunda xalqın nifrət və qəzəbini qazanan antimilli ünsürlərin mitinq, demokratiya pərdəsi altında Azərbaycan əleyhinə göstərdikləri fəaliyyət tezliklə iflasa uğrayacaq. Bu gün ağı qaradan seçməyi, tərəqqi ilə tənəzzülü fərqləndirməyi bacaran cəmiyyətimiz imkan verməz ki, anti-Azərbaycan dairələrin direktivləri ilə hərəkət edən, hər addımda ümummilli və dövlətçilik maraqlarına zərbə vurmağa cəhd göstərən radikal müxalifət hakimiyyət, kreslo naminə ölkəni xaos və anarxiya girdabına sürükləsin…