22 mart 2023 07:59
382

ABŞ Dövlət Departamentində Novruz bayramına həsr edilmiş tədbir təşkil olunub

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşəbbüsü, Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Özbəkistan və Tacikistanın ABŞ-dakı səfirlikləri və ABŞ-ın “Amerika Xarici Xidmətinin Dünya üzrə Tərəfdaşları” adlı qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə ABŞ Dövlət Departamentində Novruz bayramına həsr edilmiş tədbir təşkil olunub.

Səfirlikdən "İki sahil"ə bildirilib ki, tədbir ABŞ-ın Amerika Universitetinin hüquq elmləri üzrə elmi işçisi, doktorant Şəlalə Vəliyevanın moderatorluğu ilə keçirilib.

ABŞ Dövlət Katibinin müavini Vendi Şerman çıxışı zamanı ABŞ Prezidenti Co Bayden və Amerika xalqının adından dünyada Novruz bayramını qeyd edən xalqları təbrik edib. Baharı qeyd etmək üçün gözəl fürsət olan Novruzun yeni imkanlar üçün insanlara yeni nəfəs gətirdiyini söyləyib. O, yeni fəslin gəlişi ilə dünyadakı bütün çətinliklərin aradan qalxacağına, yeni ilin sağlamlıq və sülhlə yadda qalacağına ümidini ifadə edib.

ABŞ Müdafiə Katibinin köməkçisinin müavini Rebekka Zimmerman Novruz bayramı ilə bağlı təbriklərini çatdıraraq, regional əməkdaşlığın gücləndirilməsi, sülh və sabitliyin təşviq edilməsində region ölkələrinin töhfələrini yüksək qiymətləndirib. O, Mərkəzi Asiya ölkələri və digər tərəfdaş türk dövlətlərinə təşəkkürünü bildirib. R.Zimmerman indi hər zamankından daha çox ədalət və sülh üçün birliyə ehtiyac olduğunu vurğulayıb.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Anjali Kaur tədbiri təşkil edən səfirliklərə təşəkkürünü bildirərək Novruzun qeyd edildiyi regionlarda yaşayan xalqlara təbriklərini çatdırıb. O, qarşılaşdığımız çətin zamanlarda Novruzun ürəklərə istilik gətirərək birlik, müstəqillik və azadlıq kimi birgə dəyərləri təbliğ etdiyini qeyd edib.

Çıxışlarda sonra, Qazaxıstanın məşhur “Turan” ansamblı tərəfindən təşkilatçı ölkələrin milli musiqi səsləndirilib. Bununla yanaşı, ABŞ-ın “İpək Yolu Rəqs Qrupu” tərəfindən hər ölkəyə məxsus milli rəqslər nümayiş etdirilib.

Tədbirdə ölkəmizin mədəniyyətinin əks olunduğu guşə nümayiş etdirilib və milli mətbəximizin nümunələri iştirakçılara təqdim olunub.

Ümumilikdə Novruz tədbirində ABŞ dövlət rəsmiləri, ABŞ-da akkreditə olunmuş səfirliklərin diplomatları və icma nümayəndələri iştirak ediblər.