KÖŞƏ

Mahir Rəsuloğlu

“Makron, get!”

30 mart 2023 02:36
1135

Künc zərbəsi

Fransız xalqı niyə daha “kef eləmir”?

Prezident Emmanuel Makronun yarıtmaz fəaliyyətinin nəticəsi olaraq fransız xalqı daha “kef eliyə” bilmir. Ciddi sosial-iqtisadi problemlərin yaranması, inflyasiya, üstəgəl hökumətin son pensiya islahatları xalqın səbrini daşırıb. Onminlərlə insan paytaxt Parisin və digər iri şəhərlərin küçələrinə axışaraq polis dəyənəkləri altında genişmiqyaslı etiraz aksiyaları keçirir, Makronun istefasını tələb edirlər. Fransa sanki iki əsr əvvələ - Viktor Hüqonun “Səfillər”inin barrikadalar quraraq monarxiya ilə mücadilə dövrünə qayıdıb...

Məlum olduğu kimi, Fransanın Baş naziri Elizabet Born martın 16-da hökumətin ölkə konstitusiyasının 49.3-cü maddəsinə uyğun olaraq Milli Assambleyanın razılığı olmadan pensiya islahatı qanun layihəsini qəbul etmək qərarını açıqlayıb. Yeni qanunla pensiya yaşının 62-dən 64-ə qaldırılması onsuz da Makron hakimiyyəti dövründə sosial rifah şəraiti gündən-günə pisləşən fransızların qəzəbini daha da artırıb, bütün ölkə islahatlara etiraz olaraq ayağa qalxıb. Başqalarına demokratiya dərsi keçməyə çalışan Fransa Prezidentinin öz ölkəsindəki polisi dinc nümayişçilərə qarşı qəddar davranış nümayiş etdirməkdən çəkinmir, aksiya iştirakçılarına zor tətbiq edilir, yüzlərlə insan saxlanılır. Son məlumatlara görə, martın 16-dan demək olar fasiləsiz keçirilən xalq etirazlarını yatırtmaq üçün paytaxt Parisdə və digər şəhərlərdə 13 min polis və jandarma əməkdaşı səfərbər edilib, 500-dən artıq adam həbs olunub.

Martın 27-də pensiya islahatına qarşı onuncu ümummilli tətil fonunda həmkarlar ittifaqlarının çağırışı ilə Parisdə başladılmış aksiyada onminlərlə insan iştirak edib. Rusiya mətbuatı xəbər verir ki, nümayişçilər “Pensiyalarımıza toxunma!”, “Makron, get!” şüarları səsləndirirlər. Fransanın Lion şəhərində isə nümayişçilər pensiya islahatına qarşı etiraz yürüşü zamanı hüquq-mühafizə orqanlarının müqaviməti ilə üzləşiblər. Polisin gözyaşardıcı qazdan istifadə etməsindən sonra etirazçılar asayiş keşikçilərinə daş, boş şüşə atıblar. “BFM” telekanalının məlumatına görə, Parisdəki son mitinqdə etirazçıların sayı 93 mindən artıq olub. Fransanın digər şəhərlərində isə təxminən 740 min insan pensiya islahatları ilə razılaşmadığını bildirərək küçələrə çıxıb.

Son hadisələr Fransa Prezidentinin reytinqinə təsirsiz ötüşməyib. “RTL” radiostansiyasının sifarişi əsasında keçirilmiş sorğunun nəticələrinə əsasən, Emmanuel Makronun fəaliyyəti respondentlərin cəmi 28 %-i tərəfindən bəyənilib ki, bu da “sarı jiletlilər” böhranının başladığı 2018-ci ilin noyabrından indiyədək sorğularda Makron üçün ən pis göstəricidir. Martın 24-25-də aparılmış sorğu Prezidentin reytinqinin bir ayda 6 faiz aşağı düşdüyünü göstərir.

Yeri gəlmişkən, respondentlərin 70%-i pensiya islahatlarının aparılmasının əleyhinə çıxıb, 64%-i isə etirazçıları dəstəklədiyini bildirib. Makronun nüfuzu o qədər aşağı düşüb ki, onu hətta ölkənin “təhlükəsizliyinə əsas təhdid” hesab edirlər. Fransanın sağçı Vətənpərvərlər Partiyasının lideri, Avropa Parlamentinin keçmiş deputatı Florian Filippo şəxsi “Twitter” hesabında yazıb: “Fransızlar üçün ölkə Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putin və ya Çin lideri Si Çinpidən daha təhlükəlidir.”

F.Filippo ABŞ-ın keçmiş Prezidenti Donald Trampın “Amerikalılar üçün ən böyük təhlükə xarici ölkələrdən deyil, ölkəni daxildən dağıtmaq istəyən xəstə və radikal siyasətçilərdən” gəlir fikrini xatırladıb və Makronu nəzərdə tutaraq “Fransada da belədir”, - deyə qeyd edib.

Yerli KİV yazır ki, Makronun prezidentliyi dönəmində Fransada cinayətkarlığın statistikası da narahatlıq doğurur. “Agence France-Presse”in (AFP) məlumatına görə, gündən-günə kriminallaşan Fransada 2022-ci ilin sonunda məhbusların sayı 73 min nəfərə yaxınlaşıb ki, bu da ölkə üçün rekord hesab edilir. Təkcə ötən il ərzində məhbusların sayı təxminən 3 min nəfər artıb. Eyni zamanda, həbsxanalarda yer çatışmazlığı yaranıb və bu səbəbdən təxminən 2,2 min dustaq döşəmədə yatmağa məcbur olur.

Bax belə, müsyo Makron, erməni “bacı”ların “dərdini çəkməkdənsə”, burnunu Cənubi Qafqaza soxmağa çalışmaqdansa cinayətkarlığın səviyyəsi gündən-günə artan Fransanın, polis dəyənəkləri ilə qarşısını almağa çalışdığın narazı fransızların qayğısına qalsan daha yaxşı olmazmı? Əgər sənin başqalarına sırımaq istədiyin “demokratiya” budursa, özündə saxla və gör Parisin barrikadalar qurulmuş küçələrindəki “səfillər” nə deyirlər. Deyirlər ki, Makron, get!..

Məhərrəm Ağalaroğlu
Anama məktub