KÖŞƏ

Mahir Rəsuloğlu

Xankəndidə gərginlik...

09 iyun 2023 01:57
5647

Laçın yolundan ermənilərin istifadəsi separatçıları niyə narahat edir?

Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin fəaliyyətə başlamasından dərhal sonra həm İrəvanda, həm də Xankəndidə revanşistlərin və separatçıların “yol bağlandı” yalanı üzərində şou qurmaq, gərginlk yaratmaq cəhdləri tezliklə iflasa uğradı. Bu gün artıq hamı birmənalı şəkildə görür və qəbul edir ki, Qarabağda yaşayan erməni azlıqların nümayəndələrinin Laçın yolundakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə heç bir maneə yoxdur. Xüsusilə son günlər sosial şəbəkələrdə məntəqədə qeydiyyat üçün gözləyən, içərilərində qadınların və uşaqların da olduğu çoxsaylı ermənilərə qarşı Azərbaycanın sərhəd və gömrük orqanları əməkdaşlarının ləyaqətli, peşəkar və mədəni davranışları ilə bağlı videogörüntülər də bunu bir daha sübut etmiş oldu. Maraqlıdır ki, indi Ermənistan mətbuatında da Laçın yolundan mülki ermənilərin istifadə etdikləri barədə məlumatlar tirajlanır. Yəni, günlərdir yalandan qara-qışqırıq salan ermənilər yolun açıq olduğunu etiraf edirlər. Ancaq...

Gözlənildiyi kimi, son proseslər Qarabağdakı qondarma qurumun “rəhbərliyi” ilə müxalif separatçılar arasında gərginliyin son həddə çatmasına səbəb olub. Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə, baş separatçı Araik Arutyunyanın ermənilərin Azərbaycanın sərhəd-buraxılış məntəqəsindən keçməklə Laçın yolundan istifadəsi ilə bağlı bir neçə gün əvvəl verdiyi “qərar” birmənalı qarşılanmayıb. Başda rusiyalı cinayətkar Ruben Vardanyan olmaqla Araikin əleyhdarları Qarabağdakı mülki erməni sakinlərin hazırkı şərtlər altında, yəni vətəndaşların pasportlarının və avtomobillərinin Azərbaycanın dövlət qurumlarının nümayəndələri tərəfindən yoxlanılmaqla Laçın yolundan istifadəsini “təhlükəli tendensiya” hesab edirlər. Separatçıların qorxusu yoldan istifadənin artması ilə Azərbaycan hakimiyyətinin siyasi iradəsinə uyğun Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına start verilməsidir.

Məlumatda bildirilir ki, son bir neçə gün ərzində Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin nəqliyyat dəstəyi və müşayiəti ilə 28 nəfər Xankəndidən Ermənistana köçürülüb. Sağlamlıq, ailə üzvlərinin ayrı düşməsi və digər səbəblərlə əlaqədar 27 nəfər isə Ermənistandan Qarabağa qayıdıb. Xankəndini böyük qismi birdəfəlik olmaqla tərk etmək istəyən ermənilərin sayı isə yüzlərlədir və onlar nəqliyyat növbələrini gözləyirlər. Bu isə o deməkdir ki, tezliklə Laçın yolunda müntəzəm sərnişin daşımalarının şahidi olacağıq. Bax, separatçıları qorxudan əsas səbəb də bununla bağlıdır. Odur ki, müxalif qüvvələr Arutyunyana təzyiq göstərməklə bu prosesə mane olmağa çalışırlar.

“Hraparak” Qarabağdakı mənbələrinə əsasən iddia edir ki, Araik Arutyunyan altı aydan sonra ermənilərin Xankəndidən gedişinə Ermənistanın baş naziri Nikol Paşinyanın tələbi ilə razılıq verib və bununla da Qarabağdakı erməni azlığın Azərbaycana reinteqrasiyası prosesində ilk addım atılır. Yəni, dolayısı ilə separatçıların sonu yaxınlaşır.

İyunun 7-də rusiyalı cinayətkar Ruben Vardanyanın Qarabağda separatizmi gücləndirmək məqsədilə yaratdığı qondarma “Artsaxın (Qarabağ iqtisadi rayonu) Təhlükəsizlik və İnkişafı Cəbhəsi” ictimai hərəkatının üzvləri Araik Arutyunyanla görüşərək ona tələblər təqdim edib, mülki insanların Laçın yolundan istifadəsinə “yaşıl işıq” yandırdığı üçün izahat verməsini istəyiblər. Xatırladaq ki, Vardanyan və tərəfdarları bir neçə gün əvvəl Qarabağın erməni sakinlərini Laçın yolundan istifadə etməməyə çağırmışdılar.

Göründüyü kimi, separatçılar arasında gərginlik qarşıdurma həddinə çatıb və yaxın günlərdə hər iki tərəfdən daha radikal addımların atılması ehtimalı yox deyil. Nəticə etibarilə hadisələr Azərbaycanın maraqları çərçivəsində inkişaf etməkdədir, separatçılar tərəfindən Qarabağdakı erməni icmasının reinteqrasiyası prosesinin qarşısının alınması isə mümkün deyil. İndi Araik də, qondarma qurumun digər nümayəndələri də, hətta bəzi qüvvələrin barmaqlarında oynatdıqları kuklaya çevrilmiş Vardanyan və onun kimilər də ya Azərbaycan vətəndaşlığını qəbul etmək, ya da Qarabağdan birdəfəlik getmək kimi yalnız iki seçimlərinin olduğunu anlayırlar. Üçüncü variant da var. Ancaq həmin variantın icraçısı daha ermənilər deyil, rəşadətli Azərbaycan Ordusudur. Komandolarımızın yaxınlıqdakı təlimlərində yeri titrədən ayaq səsləri Xankəndidə də yaxşı eşidilir...

Son günlər Qarabağdakı Ermənistan ordusunun tör-töküntüləri tərəfindən törədilən təxribat cəhdləri, atəşkəsin pozulması və mövqelərimizin atəşə tutulması, onların ordumuzun mövqeləri qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmaq cəhdləri bu variantı da istisna etmir...