Mahir Rəsuloğlu |
USAID-ın etməli olduğu “yardım” və etdiyi riyakarlıqlar haqqında
Demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının qorunması, inkişaf etdirilməsi, bu istiqamətdə müxtəlif platformalarda əməkdaşlıq Azərbaycan dövlətinin təməl prinsiplərindəndir. Məhz buna görədir ki, ölkəmizdə Amerika Birləşmiş Ştatlarının və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatlarının uzunmüddətli fəaliyyəti üçün hər zaman lazımi şərait yaradılıb. Azərbaycanın sağlam əməkdaşlıq prinsiplərinə və vətəndaş cəmiyyəti ənənlərinə sadiqliyini onların bəzilərinin hazırda da fəaliyyətlərini davam etdirmələri təsdiqləyir. Yəni, Azərbaycan birmənalı olaraq ölkədə demokratik təsisatların, vətəndaş cəmiyyəti institutlarının aktiv mövcudluğunda və müasir çağırışlar səviyyəsində inkişafında maraqlı olduğunu hətta Qərbin bir sıra dövlətlərinə nümunə olacaq səviyyədə nümayiş etdirir.
Ancaq təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə “demokratiya”, “insan hüquq və azadlıqları” adı altında maskalanmış bu beynəlxalq təşkilatlar, fond və siyasi institutların bəzilərinin fəaliyyətində zaman keçdikcə Azərbaycanın maraqlarına zidd addımlar özünü qabarıq şəkildə göstərməyə başladı. Məlum oldu ki, həyata keçirdikləri və ya maliyyələşdirdikləri layihələrin məqsəd və məramı heç də ölkəmizdə qeyd olunan istiqamətlərdə görülən işlərə dəstək vermək deyil. Başda USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) olmaqla ABŞ hökumətinə bağlı, eləcə də guya müstəqil olan digər bu cür təşkilatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyəti qarışdırmaq, dövlətçilik prinsiplərini zəiflətmək məqsədi güdürlər. Bir sözlə, əsas məram Azərbaycanın daxili işlərinə qarışmaqla onu neqativ istiqamətə yönləndirmək cəhdidir. Azərbaycan isə özünün xarici siyasətinin dəyişməz prinsiplərini ən yüksək tribunalardan dəfələrlə bəyan edib. Bu prinsiplərin başında bütün dövlətlərlə beynəlxalq hüquq, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibətlərin qurulması dayanır. Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmədiyi kimi, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir.
USAID, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar müəyyən sahələrdə Azərbaycan dövləti ilə əməkdaşlıq etsələr də onların əsas fəaliyyət istiqaməti özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları yaratmaq, özünəməxsus şəbəkə formalaşdırmaq, radikal siyasi qüvvələrin antidövlət fəaliyyətinə dəstək vermək olub. Bu isə humanitar fəaliyyətdən daha çox müstəqil bir dövlətin daxili işlərinə kobudcasına müdaxilədir.
Məlum olduğu kimi, sözügedən qurumlar Azərbaycanın dövlət müstəqilliyini əldə etdiyi ilk illərdə mövcud olan vəziyyətdən ölkəmizdə “5-ci kolon” formalaşdırmaq, ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək və bununla da güzəştlərə nail olmaq üçün yararlanmağa çalışıblar. Həmin vaxt Ermənistan tərəfindən elan edilməmiş müharibə və torpaqlarımızın işğal edilməsi, bu təcavüz nəticəsində bir milyona yaxın insanın qaçqın və ya məcburi köçkünə çevrilməsi də sözügedən beynəlxalq təşkilatların maskalanması üçün münbit şəraitin yaranmasına səbəb oldu. Bu fəaliyyət təkcə Azərbaycanda həyata keçirilmirdi. Çox keçmədən Qərbin “demokratiya savaşçıları”nın əsl mahiyyəti özünü müxtəlif bölgələrdə büruzə verməyə başladı. Bu gün 2000-ci ilin əvvəllərindən start götürən postsovet məkanındakı rəngli inqilabların, sonrakı dövrdə Yaxın Şərqi qarışdırmış siyasi kataklizmlərin Qərbin formalaşdırdığı şəbəkələrin yaxından iştirakı ilə baş tutduğunu hamı yaxşı bilir və xatırlayır.
Məhz bu cür milli mənafeyə zidd faliyyətlərin qarşısını almaq məqsədilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının xaricdən maliyyələşməsi dayandırıldı. Qeyd edək ki, həmin dövrdə QHT-lər vasitəsilə siyasi partiyaların maliyyələşdirilməsi adi praktikaya çevrilmişdi. Radikal müxalifətin zaman-zaman təsis etdiyi SİDSUH, “Demblok”, “İctimai Palata”, “Milli Şura” və digər bu kimi oyuncaq qurumların “fəaliyyəti” də məhz Qərbin dəstəyi sayəsində baş tuturdu. Lakin bu yolla hakimiyyətə qarşı müxalifətin birliyini təmin etmək, ondan güclü alternativ formalaşdırmaq cəhdləri baş tutmadı. Çünki baş verənlərin fərqində olan Azərbaycan xalqı süni şəkildə stimullaşdırılan bu prosesi və onun pozucu aktorlarını birmənalı olaraq qəbul etmədi və təşkilatçıların arzusunu gözündə qoydu.
Bütün bunlara baxmayaraq, ABŞ-ın maliyyə yardımı adı altında ölkəmizdə qeyri-sabitlik, çevriliş və xaos üçün münbit şərait yaratmaq səyləri hələ də davam edir. Əvvəlcə Qərbin, sonra Rusiyanın və nəhayət, İranın təxribatçı şəbəkələri darmadağın edildikdən sonra boş qalan yerin yenidən Qərb təsisatları tərəfindən doldurulmasına cəhdlər göstərilir və bu fəaliyyətə indi ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılmış USAID, onun qatı ermənipərəst rəhbəri Samanta Pover başçılıq edir. Ümumiyyətlə, bu təşkilat hazırda yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etməklə məşğuldur. Təsadüfi deyil ki, USAID 2023-2025-ci illərdə müxtəlif ölkələrdə dırnaqarası vətəndaş cəmiyyəti quruculuğuna 9,5 milyard dollar vəsait ayırıb. Bu yaxınlarda açıqlanmış “Demokratiya doktrinası” çərçivəsində həmin vəsaitin müxtəlif ölkələrdə çevriliş planlarının reallaşdırılmasına yönəldiləcəyi şübhə doğurmur.
1991-ci ildən başlayaraq Azərbaycanda fəaliyyət göstərən USAID-ın rəsmi missiyası əslində zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək göstərməkdir. Bu baxımdan təşkilatın 90-cı illər Azərbaycanında mövcudluğu anlaşılan idi. Lakin indi Azərbaycan istər iqtisadi, istərsə də siyasi baxımdan Cənubi Qafqazın ən güclü dövlətidir. Üstəlik, özü bir çox dövlətə yardım edir və bir çox iri layihələr üçün donor funksiyasını yerinə yetirmək iqtidarındadır. Belədə USAID niyə Azərbaycan kimi inkişaf etmiş dövlətə sərf etdiyi vəsaiti həqiqətən ehtiyac olan ölkələrə xərcləmir? Uzağa getmək lazım deyil, yanımızda yardıma möhtac Ermənistan var. Ac-yalavac ermənilərə kömək etmək daha məntiqli deyilmi? Başqa məqsəd yoxdursa...