YAP-ın bu seçkilərdə də qələbəsi mütləqdir

30 oktyabr 2015 04:00
156

Müsahibimiz Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədi Mahir Abbaszadədir

-Mahir müəllim, deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası başa çatır. Seçicilərin etimadını qazanmaq üçün bu müddətdəki fəaliyyətinizi qənaətbəxş hesab edirsinizmi?

-Əlbəttə. Biz təbliğat-təşviqat kampaniyasının ilk günlərindən işimizi lazımi səviyyədə qura bildik. Burada Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının 121 saylı Laçın seçki dairəsindəki yerli qurumunun da təcrübəyə söykənən peşəkar fəaliyyətini ayrıca qeyd etmək istərdim.

Laçınlılar məcburi köçkün kimi respublikanın 58 rayon və şəhərində məskunlaşıblar. Bu, bizim işimizi bir az çətinləşdirsə də, demək olar ki, bütün bölgələrdəki seçicilərlə görüşlərimiz oldu. Komandamızın hər bir üzvü yüksək işgüzarlıq göstərdi və hesab edirəm ki, nəinki öz dairəmizdə, bütün dairələr üzrə təbliğat işini ən yaxşı formada təşkil edənlərdən biri də biz olduq.

-Siz Yeni Azərbaycan Partiyasının namizədi kimi vətəndaşların partiya namizədlərinə münasibətində hansı nüansı hiss etdiniz?

-Bir daha Azərbaycan xalqının YAP-a, onun rəhbərinə olan yüksək inamının və etibarının şahidi oldum. Xalqımız bugünədək olduğu kimi, indi də ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasətin Azərbaycanın inkişafının və milli təhlükəsizliyinin yeganə yolu olduğunu anlayır və bu yoldan dönmək fikrində olmadığını büruzə verir.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlmiş və Azərbaycanın müstəqil dövlət quruculuğunun sağlam təməllərini qoymuşdur. Bu gün də bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycanın gələcəyi yalnız bu siyasətlə bağlıdır.

-YAP-ın seçkilərin qalibi olacağını indidən söyləyə bilərikmi?

-Buna şübhə ola bilməz. Bu seçkilərin də qalibi YAP-ın olacağı mütləqdir. Təbii ki, bunun obyektiv səbəbləri var, bu uğurlar sadəcə təbliğatla əldə edilmir. Azərbaycanın son iyirmi iki illik iqtisadi inkişafı, güclü, qüdrətli dövlətə çevrilməsi YAP-ın və onun rəhbərinin adı ilə bağlıdır. Cənab Prezident İlham Əliyevin 2003-cü ildən bəri yürütdüyü məqsədyönlü və praqmatik siyasət Azərbaycanın sürətli iqtisadi inkişafını təmin etməklə ölkəmizi regionun ən qüdrətli dövlətinə çevirib. Əhalinin sosial rifah halı dəfələrlə yüksəlib, ölkəmiz sabitlik məkanına çevrilib. Bütün bunlar xalq-Prezident birliyini möhkəmləndirib və vətəndaşların iqtidara sarsılmaz inamını təmin edib.

Hər bir siyasətin əsasını vətəndaşın rifah halının yaxşılaşdırılması və təhlükəsiz həyatı təşkil edir. Mən burada sadəcə bir neçə statistik göstərici ilə cənab Prezidentin gördüyü işlərin miqyasına diqqəti cəlb etmək istərdim. 2005-2015-ci illərdə Azərbaycanda əməkhaqları orta hesabla 3,6 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə endirilmişdir, işsizliyin səviyyəsi 4,9 faizə düşmüşdür. Təhsilə ayrılan vəsait əvvəlki illərlə müqayisədə 4,2 dəfə, səhiyyə sahəsinə ayrılan vəsait 6,7 dəfə artmışdır. Bu, 1898 yeni məktəbin tikilməsi deməkdir, 87 yeni xəstəxananın tikilib istifadəyə verilməsi deməkdir. Göstərilən dövrdə məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması məqsədilə 5,1 milyard manat vəsait ayrılıb. Bu, 46 000 ailənin, 260 min insanın evlə təmin olunması deməkdir. Məcburi köçkünlər üçün 90 yeni qəsəbə salınıb. Budur xalqın öz liderinə inamına təminat verən səbəblər.

-Siz işğal olunmuş rayonu təmsil edirsiniz. Deputat seçiləcəyiniz təqdirdə torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək vermək işində fəaliyyətinizi necə quracaqsınız?

-Əgər seçicilərin etimadını qazanıb deputat seçilərəmsə, cənab Prezidentin Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda apardığı davamlı siyasətin dəstəkçisi olacağam. İşğal olunmuş bölgədən olan bir deputat kimi fəaliyyətimin əsas hissəsini bu istiqamət təşkil edəcək. Bu gün Azərbaycanın iqtisadi və hərbi gücü bizə imkan verir ki, torpaqlarımızı hərbi yolla da işğaldan azad edək. Lakin cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan bölgədə sülhün və əmin-amanlığın təmin edilməsində əsas rol oynayan dövlətdir. Bununla yanaşı, biz torpaqlarımızın Ermənistanın işğalı altında qalması ilə heç vaxt barışa bilmərik. İşğal olunmuş bir rayonun sakini kimi, seçiləcəyim təqdirdə bütün fəaliyyətimi bu amala, insanlarımızın tezliklə öz doğma yurd-yuvalarına dönməsi işinə həsr edəcəyəm.

-Bir gənc namizəd kimi partiya sizə böyük etimad göstərib...

-Doğrudur. Mən də bunun məsuliyyətini dərk edirəm. Bilirsiniz ki, gənclər siyasəti dövlətimizin diqqətində olan prioritet məsələlərdən biridir. Cənab Prezident İlham Əliyev hesab edir ki, gənclik ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamalıdır. Bu diqqətin ən bariz nümunələrindən biri də cənab Prezidentin rəhbəri olduğu partiya tərəfindən xeyli sayda gəncin deputatlığa namizəd irəli sürülməsidir. YAP-ın Sədri kimi cənab Prezident mənə böyük etimad göstərib. Deputat seçilərəmsə, bir tərəfdən YAP-ın etimadını, digər tərəfdən seçicilərin, məcburi köçkünlərin inamını doğrultmağa çalışacağam. Fürsətdən istifadə edərək bir daha namizədliyimi irəli sürərək mənə böyük etimad göstərən partiya rəhbərliyinə, YAP-ın Sədri cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm.

-Səsvermə gününə çox az müddət qalıb. Şansınızı necə qiymətləndirirsiniz?

-Yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, laçınlılar məni yaxşı tanıyırlar və təbliğatımızı yaxşı qura bilmişik. Həm də ona görə ki, mən xalqın mütləq əksəriyyətinin səsini və etimadını qazanan, Qafqazın ən böyük siyasi təşkilatı adlandırılan Yeni Azərbaycan Partiyasının namizədiyəm.

Qəzetiniz vasitəsilə bir daha seçicilərimə səslənərək bildirirəm ki, mənə etimad göstərsəniz, hər birinizin səsi olmağa çalışacağam.

-Sizə uğurlar arzulayırıq.

-Çox sağ olun.

Taleh Şahməmmədli, “İki sahil”