“ChatGPT chatbot” kimi süni intellekt (AI) alətlərinin mövcudluğu səbəbindən texnologiya sənayesi əhəmiyyətli bir transformasiya yaşayır. Bu inkişafın nəticəsi olaraq “Google”un internet axtarışlarında monopoliyasına ilk dəfə yeni AI proqramı meydan oxuyur. Bununla belə, bu texnoloji pozğunluğun təsiri təkcə Silikon Vadisi ilə məhdudlaşmır.
Süni intellekt Kaliforniyanın texnoloji mərkəzlərindən kənarda bir çox insanın gündəlik işini də kökündən dəyişəcək. Bu, süni intellekt inqilabının iş dünyasındakı nəticələri ilə məşğul olan iki araşdırmanın nəticəsində məlum olub.
İlk araşdırma “ChatGPT” yaradıcılarının özləri tərəfindən aparılıb: “OpenAI start-up” şirkətinin tədqiqatçıları “ChatGPT”dən ən çox hansı işlərin təsirləndiyini öyrənmək üçün Pensilvaniya Universitetinin alimləri ilə birləşiblər.
Araşdırmaya görə, mühasiblər generativ süni intellektin imkanlarından ən çox təsirlənən peşəkar qruplar sırasındadır. Mühasibat uçotu işlərinin ən az yarısı bu texnologiya ilə daha sürətli yerinə yetirilə bilər.
Riyaziyyatçılardan tutmuş yazıçılara qədər
Tədqiqata görə, riyaziyyatçılar, proqramçılar, tərcüməçilər, yazıçılar və jurnalistlər də hazır olmalıdırlar. Çünki süni intellekt onların əvvəlki vəzifələrinin bir hissəsini də öz üzərinə götürə bilər.
Çünki süni intellekt sistemləri hələ də öz cavablarında bəzən yanlış faktları “halüsinasiya” etsə də tərcümə, təsnifat, yaradıcı yazı və kod yaratmaq kimi vəzifələrdə artıq diqqətəlayiq nəticələr verir.
ABŞ-da işçilərin artıq təxminən 80%-i ən azı bir tapşırığın generativ süni intellekt tərəfindən daha tez tamamlana biləcəyi işlərdədirlər. Ancaq süni intellektin yalnız kiçik rol oynayacağı peşələr də var: Bunlara aşpazlar, avtomobil ustaları və neft və qaz hasilatında iş yerləri, həm də meşə təsərrüfatı və kənd təsərrüfatı daxildir.
Generativ süni intellekt: pozucu
“Goldman Sachs” investisiya bankının tədqiqat departamenti apardığı araşdırmada bu inkişafın əmək bazarı üçün konkret olaraq nə demək ola biləcəyini hesablayıb. Əgər generativ süni intellekt özünün vəd etdiyi imkanları yerinə yetirərsə, bu, "əmək bazarında əhəmiyyətli pozuntulara" səbəb ola bilər. Generativ süni intellekt dedikdə sadəcə əvvəlcədən müəyyən edilmiş qaydalar və ya təlimatlarla işləmək əvəzinə yeni ideyalar, məzmun və ya həllər yarada bilən kompüter proqramları başa düşülür.
“Goldman Sachs” hesab edir ki, mövcud iş yerlərinin təxminən üçdə ikisi süni intellektlə avtomatlaşdırmanın müəyyən səviyyəsinə məruz qalacaq. Generativ süni intellekt cari işin dörddə birini əvəz edə bilər. Təxminləri dünya üzrə proqnozlaşdırsanız, generativ süni intellekt 300 milyon tam iş vaxtının ekvivalentini avtomatlaşdırmaya məruz qoya bilər.
Münhen Lüdviq Maksimilian Universitetinin İnformasiya və Dil Emalı Mərkəzinin direktoru Hinrix Şütze generativ süni intellektin inkişafını texnoloji cəhətdən internet və ya smartfonlarla müqayisə edilə bilən bir inqilab kimi görür. Bununla belə, süni intellekt sistemləri mövzuların məzmununu real dərk etməkdən hələ çox uzaqdadır. Süni intellekt modellərini öyrətmək və onları daha ağıllı etmək üçün hər kəs öz sorğularını və məlumatlarını bilməlidir. Məsələn, təqdimat yaratmaq üçün məxfi maliyyə məlumatlarını müəyyən platformalara yükləyən hər kəs bilməlidir ki, bu, həm də biznes sirlərinin açıqlanması ilə nəticələnə bilər.
Nubar Süleymanova, “İki sahil”