21 aprel 2023 00:58
366

Avrasiyanın yeni qlobal “mavi yanacaq” habı

Türkiyənin yeni regional qaz habına çevrilməsi qardaş ölkənin dünyadakı müsbət imici, xüsusilə də Prezident Tayyib Ərdoğanın yürütdüyü uğurlu daxili və xarici siyəsətinin nəticəsidir

Hazırda enerji mənbələri dövlətlər arasındakı münasibətlərə və dövlətlərin iqtisadi, siyasi və sosial inkişafına təsir edən əsas amillərdən birinə çevrilmişdir. Bu mənada təbii qaz mənbələrinin mövcudluğu istənilən ölkə üçün olduqca əhəmiyyətlidir, çünki bu yanacaq növü ənənəvi yanacaqlar arasında dünya enerji istehlakında əhəmiyyətli paya sahibdir. Məsələn, qlobal enerji istehlakında təbii qazın payı təqribən 23 faizə bərabərdir. Son zamanlar dünya enerji sektorunda cərəyan edən proseslər göstərir ki, məhz təbii qazdan istifadə alternativ və bərpa olunan enerji vasitələri ilə birgə daha da artacaqdır. Bu proses artıq Avropa enerji siyasətində öz əksini tapıb. Belə ki bir çox dövlətlər öz enerji təhlükəsizliyini təmin etmək üçün müxtəlif layihələr həyata keçirirlər.

Avropa İttifaqı məkanındakı kritik reallıqlar fonunda qardaş Türkiyə üçün yeni fürsətlər yaranıb. Söhbət bu ölkənin regional qaz habına çevrilmə perspektivlərindən gedir. İndiyədək qaz tələbatını idxal hesabına qarşılayan Türkiyənin regional “mavi yanacaq” ixracatçısı habına çevrilməsi perspektivləri aşağıdakı kimi qiymətləndirilir: Rusiyanın öz qazını Türkiyə vasitəsilə istehlak bazarlarına çıxarmaq istəyi və qardaş ölkənin buna qarşılıq verməyə siyasi qətiyyət göstərməsi, istehlakçıların Türkiyənin vasitəçiliyinə müsbət yanaşması, əlverişli coğrafi mövqe, istehsalçı və istehlakçı ölkələrlə qonşuluqda yerləşməsi, hazır, işlək nəql infrastrukturuna malik olması, Türkiyənin özünün qaz istehsalçısına çevrilməsi perspektivi, qardaş ölkənin müsbət beynəlxalq imici, Prezident Rəcəb Tayyib Ərdoğanın nüfuzu və liderlik rolu. Hazır nəql infrastrukturuna malik olması da Türkiyəyə əlavə şans qazandırır. Qardaş ölkə böyük həcmlərdə Rusiya qazını Avropa bazarlarına daşımaq üçün şaxələndirilmiş nəql marşrutlarına malikdir. Bu marşrutlar aşağıdakılardır: Türk axını, TANAP, TAP, İrandan çəkilmiş İTE xətti. Sadalanan boru xətlərinin çəkilməsində zamanında qardaş ölkə həm siyasi fəallıq nümayiş etdirib, həm də layihələrin reallaşmasına investisiyalar yönəldib. Bəhs olunan kəmərlərin hamısı işlək vəziyyətdədir. Türkiyənin qaz nəqli şəbəkəsi Avropa ilə birləşib. Yəni, burada yeni xətlərin çəkilməsinə lüzum yoxdur. Ehtiyac yaranacağı təqdirdə infrastrukturun genişləndirilməsi mümkündür. Qardaş ölkə şaxələndirilmiş nəql marşrutları ilə müxtəlif mənbələrdən - Rusiyadan, İrandan və Azərbaycandan ildə 90-100 mlrd. kubmetr qaz ala və onu ötürə bilər. Eyni zamanda, perspektivdə Türkmənistanda çıxarılan qazın da Türkiyə üzərindən ixracı tam realdır.

Hazırda Türkiyənin Qara dənizin ona məxsus olan hissəsində aşkarlanan zəngin qaz yataqlarının işlənməsinə ciddi hazırlıq görülür. Deyə bilərik ki, qardaş ölkədə yerli istehsalın başlayacağı gün uzaqda deyil. Söhbət Türkiyənin Qara dənizdəki “Sakarya” yatağının işlənməsindən gedir. Xatırladaq ki, 2020-ci ildə Türkiyə hakimiyyəti Qara dənizdə 540 milyard kubmetr həcmində proqnozlaşdırılan qaz ehtiyatının kəşf olunduğunu elan edib. Onların ən böyüyü olan “Sakarya” yatağında ehtiyatların həcminin 400 milyard kubmetri keçdiyi bildirilir. Yataqdan təbii qazı quruya nəql edəcək kəmərin tikintisinə 2022-ci ilin iyununda start verilib. Dənizin dibi ilə çəkilən kəmərin böyük hissəsinin boruları artıq düzülüb. Verilən məlumatlara görə, Ankara ölkə sərhədləri daxilində, o cümlədən Qara dənizdəki bütün yataqların kəşfiyyatını və gələcək işlənməsini məqsəd kimi qarşıya qoyub. Bütövlükdə, Türkiyə Qara dənizdə 540 mlrd. kubmetr qazın hasilatı və nəqlinə təxminən 10 mlrd. dollar sərmayə qoymağı planlaşdırır. Bildirilir ki, Qara dəniz 45 il ərzində dünyanın qaz ehtiyacını ödəməyə qadirdir. Qardaş ölkə, həmçinin Aralıq dənizində kəşfiyyat işlərini bərpa etmək niyyətini də açıqlayıb.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez Ankaranın Avropaya qaz nəqli və satışı üçün digər ölkələrlə də əməkdaşlıq variantlarını nəzərdən keçirdiyini, o cümlədən birgə müəssisə yaradılmasına dair Azərbaycanla razılaşmanın olduğunu qeyd edib. Fatih Dönmez xatırladıb ki, Türkiyə ildə 100 milyard kubmetr qaz ala bilər, bunun 60 milyard kubmetri daxildə istehlak olunacaq, 40 faizi isə qonşu ölkələrə satılacaq. Nazirin sözlərinə görə, əvvəlki qanunvericilik təbii qazın ixracı imkanları baxımından çoxsaylı məhdudiyyətləri nəzərdə tuturdu. Bir müddət öncə Türkiyə parlamenti ölkə ərazisində energetik habın qurulması üzrə layihənin reallaşması çərçivəsində BOTAŞ şirkətinin strukturunda dəyişikliklə bağlı qanun layihəsini qəbul edib. Bundan sonra qaz idxalı ilə həm BOTAŞ, həm də özəl sektorda fəaliyyət göstərən hüquqi şəxslər məşğul ola biləcək. Bu fonda Türkiyənin təbii qazın idxal və ixracında haba çevrilməsi daha dinamik xarakter alacaq. Nəticədə ilk mərhələdə Türkiyə qaz habı vasitəsilə ildə 40 milyard kubmetr “mavi yanacaq” sata biləcək.

Göründüyü kimi, Avropa İttifaqının Rusiyadan birbaşa təbii qaz almaqdan imtinası fonunda Türkiyə üçün yeni fürsətlər yaranıb. Belə ki, yaranmış “enerji müharibəsi” vəziyyətindən həm istehlakçı Avropa, həm də istehsalçı Rusiya ziyan çəkir. Bu məsələnin çözümü Türkiyə vasitəsilə mümkün ola bilər. Hazırda Türkiyədə enerji qovşağının yaradılması ilə bağlı görülən işlər sayəsində qardaş ölkə təbii qazın paylanması mərkəzinə çevriləcək. Türkiyə ərazisindən yeddi ixrac qaz kəmərinin keçdiyini, ölkədə iki mayeləşdirilmiş təbii qaz terminalı, iki üzən mayeləşdirilmiş təbii qaz saxlama və qazlaşdırma qurğusu və iki yeraltı qaz anbarı olduğunu nəzərə alsaq, qardaş ölkə bunun üçün tam hazırdır.

Türkiyədə qaz ticarətinin aparılacağı regional mərkəzin fəaliyyət göstərməsi Azərbaycan üçün də əlverişli ola bilər. Azərbaycan Avropaya uzanan kəmərləri genişləndirmək üçün artıq ötürüləcək həcmlərə dair alqı-satqı müqavilələrinə ehtiyac duyur. Artıq Şərqi Avropanın 10-a yaxın dövlətindən əlavə qaz həcmi alışına dair müraciətlər alan Bakı öz məhsulunu satmaqda çətinlik yaşamayacaq. Türkiyədə regional mərkəzin formalaşması Bakının qaz ticarətinin coğrafiyasını daha da genişləndirməsinə imkan yarada bilər.

Sevinc Azadi, “İki sahil”