Bəşər mədəniyyətinin hərtərəfli inkişafına böyük töhfələr verən Azərbaycan xalqı həmişə öz dili ilə fəxr etmiş, öz dilini yaşatmış, öz dili ilə böyük mənəvi irs yaratmışdır. Bu dilin taleyi də, tarixi də qəribə olmuşdur. Dilimiz əsrlərin və nəsillərin süzgəcindən keçərək indiki mərhələsinə çatmışdır. Adətən, qalib xalqın dili də qalib olur. Bəli, Azərbaycan dili tarixin bütün dövrlərində, bütün ictimai – siyasi quruluşlarda, bütün mübarizələrdə qalib gəlməyi bacaran qüdrətli bir dil olmuşdur.
Ciddi elmi əsasları, geniş ifadə imkanları, zəngin söz ehtiyatı olan Azərbaycan dili həmişə tanınmış tədqiqatçıların, böyük alimlərin diqqət mərkəzində olmuşdur. Bu möhtəşəm dildə milli folklorumuz, milli ədəbiyyatımız, milli mədəniyyətimiz yaranmışdır. Analar laylasını, atalar oxşamasını məhz bu dildə oxumuşlar. Görkəmli şəxsiyyətlər, dahi insanlar bu dildə danışmış, bu dildə yazıb – yaratmışlar.
Bu gün Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. Dövlət dilimizin bütün incəliklərini mükəmməl şəkildə bilən, dilimizin statusunu ən ali səviyyələrə qaldıran böyük tarixi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ana dilimizə yüksək dəyər verirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.
Ümummilli lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə düşdü. Ümmummilli liderin rəhbərliyi ilə ölkədə ardıcıl dil siyasəti aparıldı. Heydər Əliyev 1978-ci il aprelin 27-də tarixi bir uğura imza etdi. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-nin növbəti Konstitusiyasında ilk dəfə Azərbaycan dili rəsmi dil kimi təsbit edildi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, Azərbaycan dilinin inkişaf etdirilməsi məsələsinə də xüsusi önəm vermiş və ana dilimizin nüfuzunu özünə qaytarmışdır.
1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da sürətlənmişdir. Bir – birinin ardınca fərmanlar imzalanmış, qanunlar qəbul edilmişdir.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq aləmdə tanınmasında ulu öndər Heydər Əliyevin mühüm xidmətləri olub. Ulu öndər Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanı Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının bariz nümunəsidir.
Ulu öndər Heydər Əliyev ana dilimizin inkişafı istiqamətində müxtəlif vasitələrdən müdriklə istifadə edirdi. Azərbaycanın dilçi alimlərinə göstərilən diqqət və qayğı, Azərbaycan dilində nəşr edilən kitab, qəzet və jurnalların yüksək tirajla yayımlanması, dil məsələləri ilə bağlı qanunvericilik bazasının gücləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi ana dilimizin daha da inkişaf etdirilməsinə yönəlmişdir.
Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dili kimi qəbul edilməsi, beynəlxalq aləmdə tanınması, mötəbər kürsülərdən eşidilməsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dil siyasətinin nəticəsidir. Bu siyasət bu gün uğurla davam etdirilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan dilinin inkişafı ilə əlaqədar gördüyü böyük işlər, həyata keçirdiyi mühüm tədbirlər ana dilimizin parlaq gələcəyindən xəbər verir. Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ölkəmizdə aparılan dil siyasətinin əyani sübutudur.
Bu məqamda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan dili haqqında söylədiyi dəyərli fikirlərdən biri yada düşür: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”.
Bəli, bu gün cənab Prezident İlham Əliyevin ölkədə apardığı sistemli dil siyasəti nəticəsində Azərbaycan dilinin bütün istiqamətlərdə inkişafına və qorunmasına geniş imkanlar yaradılır. Ulu öndərin əsasını qoyduğu dil siyasəti cənab İlham Əliyevin sayəsində özünün intibah dövrünü yaşayır.
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan xalqının, dünyada yaşayan bütün azərbaycanlıların müqəddəs ana dilidir. Azərbaycan dili Azərbaycanın mənəvi sərvətidir. Xalq şairi Bəxtiyar Vahabzadənin sözləri ilə desək:
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir – birimizlə əhdi – peymanımızdır.
Şükran Mustafayev,
YAP Xətai rayon təşkilatının “Aşıq Ələsgər 64” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü