KÖŞƏ

Əhməd Qurbanoğlu
[email protected]

Meşədə çaqqal az idimi?.. Və ya bu Nikulin o Nikulin deyil

11 may 2023 23:07
8773

Günün nəbzi

Mövzuya keçməmişdən öncə bildirək ki, Nikulin soyadını eşidərkən hər kəsin gözləri önünə dərhal görkəmli komediya və sirk aktyoru, təkcə doğulduğu Rusiyada, “xalq artisti” statusunu daşıdığı keçmiş SSRİ məkanında deyil, bütün dünyada milyonların sevimlisi olan gülərüz Yuri Nikulin gəlir. Bəri başdan bəyan edim ki, haqqında söhbət açacağım Nikulin əsla o Nikulin deyil. Axı, necə o Nikulin ola bilər ki!.. O Nikulin milliyyətindən, dilindən, dinindən, irqindən, ictimai və sosial statusundan asılı olmayaraq bütün insanlara gülüş, xoş ovqat, şən əhval-ruhiyyə, müsbət emosiya paylayırdı. Mayası “velikorus şovinizmi”, qeyri-rus xalqlara nifrət, kin-küdurət, yuxarıdan aşağı baxmaq şakəri ilə yoğrulmuş, adını siyasi analitik qoysa da rusşüvənlikdən, qaragüruhçuluqdan uzağa gedə bilməyən bu Nikulin isə mərhum Yuri Vladimiroviçdən fərqli olaraq siyasət meydanında əsl təlxək rolunu oynamaqdadır. Amma... Amması odur ki, bu təlxək şovinistin oynadığı “siyasi analitik” rolu heç kimi güldürmək imkanında deyil. Əksinə, tragikomediya janrında oynanılan bu rol əvvəldən axıradək  millətlər arasında nifaq toxumu səpmək, təmsilçisi olduğu Rusiyanı bütün dünyanın ağası obrazında görüb təqdim etmək, dünən söydüyünü bu gün öymək kimi antibəşəri məqamlarla müşayiət olunur.

Beləliklə, aprelin 23-də Azərbaycan dövlətinin özünün suveren ərazisində- Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsini qurması Andrey adlı, Nikulin soyadlı rusiyalı “siyasi analitiki” əməlli-başlı cin atına mindirib.  Və bu hirs-hikkəsinin təsiri altında erməni-rus tandemi olan RUSARMİNFO (Rusiya-Ermənistan info) internet kanalının “Gün Nver Mnakasyanla” proqramının efirində açıb gül ağzını, yumub əsəbdən bərəlmiş gözlərini. Əvvəlcə ondan başlayaq ki, bir erməni (Nver Mnakasyan) ilə bir rus (Andrey  Nikulin)  birlikdə düşünüb-daşınıb müsahibəyə belə bir qıcıqlandırıcı başlıq da qoyublar: “Azərbaycan Qarabağda sülhməramlıları mühasirəyə alıb: Moskvanın sərt bəyanatını gözləməyə dəyərmi?”

Bu sərlövhənin özü əslində çox qara niyyətlərdən xəbər verir. Başabəla Andrey  Nikulin erməni aparıcı ilə müsahibəsində utanıb-qızarmadan bəyan edir  ki, “Laçın dəhlizi”ndə Azərbaycanın sərhəd-keçid məntəqəsinin qurulması üçtərəfli Bəyanatın tələblərinə zidd  addımdır. Digər özünün düşüncəsində olan həmyerliləri kimi “Velikorus şovinizmi” mərəzinə yoluxan bu siyasi avantürist Ukrayna müharibəsini nəzərdə  tutaraq təmsil etdiyi ölkənin  başqa regionlarda “başı qarışdığına görə Azərbaycanın siyasi rəhbərliyinin cəzasız qalması”nın rəsmi Bakının daha geniş anti-Rusiya və anti-Ermənistan fəaliyyətlərinə yol açdığını iddia edir. Siz Allah bu təlxəyin “məntiqinə” fikir verin: “Azərbaycan rəhbərliyi Dağlıq Qarabağı (artsax) Ermənistanla birləşdirən yolda nəzarət-buraxılış məntəqəsi qurmaqla Rusiyanı fakt qarşısında qoyur və bəyan edir: “Siz bizə nə edə bilərsiniz ki?.  Siz başqa regionlarla məşğulsunuz. Ona görə də bizə mane olmaq üçün sizin gücünüz yoxdur.”

Göründüyü kimi, Azərbaycanın Ermənistanla sərhəddə-Laçın-Xankəndi yolunun başlanğıcında onun təbirincə desək, “Rusiyadan icazə almadan” nəzarət-buraxılış məntəqəsi qurması ən qatı ermənidən də betər ermənilik edən Andrey Nikulinin “çestinə” toxunub. Məhz bu səbəbdən də Rusiyanı “Azərbycanın siyasi rəhbərliyini  cəzalandırmağa” təhrik etməkdən belə çəkinmir. Əlbəttə, onun bu iddiaları xam xəyaldan, milçəyin könül bulandırmasından başqa bir şey deyildir. Bununla belə yazının əvvəlində gah nala, gah da mıxa vurmaqda peşəkar olan bu “siyasi şoumen”in ünvanına  “dünən söydüyünü bu gün öyən” ifadəsini boş  yerə işlətmədik. Məsələ burasındadır ki, çox da uzaq olmayan tarixdə-martın 6-da həmin bu Nikulin Azərbaycanın Oxu.az saytına “Azərbaycan güclü, Ermənistan isə zəifdir, Avropa İrəvana kömək etməyəcək” başlıqlı müsahibəsində sərlövhədən də göründüyü kimi, ölkəmizin ünvanına təriflər yağdırmış, Ermənistanı, necə deyərlər, yıxıb-sürümüş, Paşinyan hakimiyyətini özünə Qərbdə yeni ağalar axtarışında ittiham etmişdi. O, sözügedən müsahibəsində Azərbaycanın bu gün Avropa üçün zəngin  enerji resurslarına malik Mərkəzi Asiyaya yeganə giriş qapısı olduğunu xüsusi vurğulamaqla, mövcud reallığı çox gözəl dəyərləndirən Prezident İlham Əliyevin bu istiqamətdə fəaliyyətini təqdir etmişdi:  “Bu gün Avropa böyük ölçüdə sizin ölkənizdən asılıdır. Azərbaycan Prezidenti İlham Əliyev bunu çox gözəl başa düşür və ona görə də öz siyasətini fəal şəkildə həyata keçirə bilir.” Yalançının yaddaşı olmaz deyiblər.  İki ay əvvəl Azərbaycan Prezidentinin müdrik xarici siyasətini belə dəyərləndirən “siyasi şoumen” bu gün özü ağılda digər üzdəniraq rusiyalı “politoloq”ların yaratdıqları xor kapellasına qoşularaq utanıb-qızarmadan rəsmi Moskvanı Azərbaycanın siyasi rəhbərliyini “cəzalandırmağa” çağırır. Bu məqamda “Meşədə çaqqal az idi, biri də bu yandan çıxdı” məşhur atalar məsəlimizi xatırlamamaq olmur. Zənnimizcə, kifayət edər...