Baş nazir Nikol Paşinyan əmindir ki, bundan sonra Rusiyadan haylara heç bir fayda yoxdur. Ermənistan onun federal subyektlərindən biri, məsələn, Maqadan kimi qaldıqca nə erməni xalqı xoşbəxt olacaq, nə də Qarabağda yaşayan ermənilərin günü xoş keçəcək.
Kütbeyin Paşinyan və onun bic komandası bunu çoxdan anlayıb. Ermənistanın Qərbdə olan havadarları da ona açıq deyiblər ki, rəsmi İrəvan Avropaya inteqrasiya etmək, erməni xalqını xoşbəxt və firavan görmək istəyirsə, Rusiyadan qopub “qoca qitə”nin ucqar da olsa, bir parçası olmalıdır. Qərbin güc mərkəzləri, xüsusilə də ABŞ və Fransa Ermənistana “onu burax, bana gəl” mesajı verirlər.
Baş verənləri Moskvada da yaxşı anlayırlar. Rusiya siyasiləri görürlər ki, Ermənistan əlini ondan üzüb. Artıq xeyli müddətdir ki, ağasına asilik edir və pişim-pişimlə, şantajla, hədələməklə yola gəlmir.
Bunların fonunda bizim üçün önəmli olan odur ki, indi Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyəti böyük ehtimalla səmimidir. Yuxarıda dediyimiz səbəblərə görə o, bilir ki, erməni xalqının “dənizdən-dənizə böyük Ermənistan” utopiyası baş tutmayacaq, ermənilərin bu ideyanı gerçəkləşdirmək üçün heç vaxt gücü olmayıb və 44 günlük müharibədən sonra artıq olan-olmaz əvvəlki gücün heç yarısı da qalmayıb. Baş nazir və komandası bu gerçəyi anlasalar da, reallığı həmvətənlərinə başa sala bilmirlər. Çünki beyinləri sarmış üç yüz ilin kirini-pasını belə qısa müddətdə silib-təmizləmək asan deyil.
Bu sırada Rusiyada və digər ölkələrdə yaşayan, müharibədə heç bir itkiyə məruz qalmayan, “böyük Ermənistan ideyası”ndan ötrü sadə erməniləri qırğına verməkdən çəkinməyən diaspor fəalları var. Özləri yüksək rifah və cah-cəlal içində yaşayan milyonçu və vəzifəli ermənilər kasıb camaatın 18 yaşlı övladlarının həyatı bahasına öz hikkələrini yeritmək istəyirlər.
"Erməni xəstəliyinə yoluxanlardan biri" Rusiyanın təbliğat ruporu olan Marqarita Simonyandır. Sülh sazişi ilə bağlı söhbətlərin intensivləşdiyi bir vaxtda adamın sosial şəbəkədə paylaşdığı statusda Paşinyana və ona dəstək verən erməni toplumuna nifrin və təhqir yağdırılır. Araqarışdıran mövqedə olan Simonyan yazır: “Paşinyan Qarabağı Azərbaycanın tərkibində tanıdı. Əslində, gözlənilən elə bu idi. Paşinyan məhz bunun üçün hakimiyyətə gətirilib. Bütün bunları əvvəldən demişəm. Sizlərə, onun kürkünün ətəyini öpənlərə, ona səs verənlərə, meydanlarda arxasınca qaçan, mənə tonlarla təhqir və təhdidlər yağdırıb məni “türk soxulcanı” adlandıranlara, sürü kimi təkəsinin arxasınca gedənlərə deyirəm, indi güzgüyə yaxınlaşın, öz üzünüzə tüpürün və ömrünüzün sonuna kimi Qarabağ eşşəyi olmağınız fikri ilə yaşayın. Siz elə eşşək olaraq qalacaqsınız. Amma bu dəfə Qarabağ eşşəyi ola bilməyəcəksiz”.
Göründüyü kimi, soydaşlarının ünvanına söyüş, təhqir yağdıran Marqarita və onun kimiləri sülhə qarşıdırlar.
Bəs bunlar nə gözləyirdilər ki? Yoxsa umurdular ki, meydana Ermənistanın bütün əhalisi qədər əli silah tuta bilən döyüşçü çıxarmaq gücündə olan Azərbaycan öz əzəli torpaqlarının işğalı ilə barışacaq, ermənilərin “sürünən işğalı”na göz yumacaq, Naxçıvana, Şuşaya, Goranboya, Tovuza, Qazaxa iddialarını sakitcə seyr edəcək? Düşünürdülər ki, daha bir 30 il də keçəcək, beynəlxalq təşkilatlarda Qarabağın adını tutan olmayacaq, ermənilər də özlərini Qafqazın cəsur, “vurub-tutan” milləti saymaqda davam edəcəklər. Hələ Gürcüstana da xox gəlib Cavaxetiyanı ondan qoparacaqlar?
Eyforiyaya qapılmış ermənilər belə düşünürdülər. “Sülh” deyə-deyə dövlət başına gələn, hakimiyyətinin ilk aylarında həyat yoldaşı Anna ilə birlikdə sülhdən danışan Paşinyan da elə düşünürdü. O, sülh müqaviləsinin zəruriliyindən danışarkən nəzərdə tuturdu ki, aldığımızı almışıq, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Şuşa, Kəlbəcər ermənilərdədir, məsələ bitib. Ən pis halda sonuncu üç rayonu özümüzə saxlayarıq, yerdə qalanların xarabalıqlarını Azərbaycana verərik, sülh əldə edərik. Bu niyyətlə Paşinyan "yeni müharibə, yeni ərazilər" deyə sınıq-salxaq erməni qoşunlarını üstümüzə qısqırtdı. Əsas məqsəd işğal edəcəyi "yeni əraziləri" Qarabağla dəyişdirmək idi. Lakin ağzı-burnu əməlli-başlı əziləndən sonra ciddi səhvə yol verdiyini başa düşdü. O “sülh” alınmadı. 44 günün içində ermənilər Qarabağın dağlıq hissəsində siçan deşiklərinə qısıldılar və kapitulyasiya aktına imza ataraq canlarını tamamilə məhv olmaqdan qurtardılar.
İndi simonyanlar, zatulinlər Moskvanın, Parisin, Los-Ancelesin qışda isti, yayda sərin villalarında kef içində yaşayaraq istəyirlər ki, Ermənistan və Azərbaycan arasında müharibə vəziyyəti davam etsin. Onlar anlamırlar ki, Hayastan heydən düşüb, savaşı davam etdirməyə hərbi gücü yoxdur və hərbi güc baxımından Azərbaycanla müqayisə olunmayacaq dərəcədə zəifdir. Hayastanın nicatı yalnız sülhdədir. Əgər hələ ondan bərk yapışsalar...
Vəli İlyasov, "İki sahil"