02 iyun 2023 22:03
290

Dağıdıcı ünsürlərə zəruri xatırlatma: Yalanla uzağa gedə bilməzsiniz

Son bir neçə ayda mətbuatda, xüsusilə də sosial şəbəkələrdə işğaldan azad olunmuş ərazilərdə mövcud olmuş yaşayış məntəqələrimizin bərpası ətrafında ciddi müzakirələr aparılır. İllər öncə hər bir azərbaycanlının ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması idisə, bu gün insanlar ata-baba yurdlarından didərgin düşmüş insanlarımızın öz yurd-yuvalarına necə və nə vaxt qayıdacaqları barədə suallara cavab axtarırlar.

Öncə onu deyək ki, bu proses “özünü hakimiyyətə müxalif sayan” bəzi sadəlov siyasətçilərin düşündüyü qədər də asan bir proses deyil. Söhbət dövlətin ümumi dəyəri on milyardlarla manatla ölçülən Böyük Qayıdış proqramının reallaşdırılmasından gedir.

Hər kəs bilir ki, işğaldan azad olunmuş torpaqlardakı yüzlərlə yaşayış məntəqələrində erməni vandalları daşı-daş üzərində qoymayıblar. Biz bu halda yaşayış məntəqələrini necə bərpa edəcəyik? Bununla bağlı 44 günlük ikinci Qarabağ savaşından ötən müddətdə hökumət öz strategiyasını hazırlayıb və hal-hazırda bu strategiyaya uyğun qəbul edilmiş Böyük Qayıdış Dövlət Proqramı əsasında yaşayış məntəqələrimizin bərpası ilə bağlı optimallaşdırma işləri davam edir. Bu, nə deməkdir?

Məlumdur ki, işğaldan azad olunmuş ərazilərdə mövcud olmuş yüzlərlə yaşayış məntəqələri içərisində rayon mərkəzlərindən çox uzaq məsafədə yerləşən və 5-10 evdən ibarət kəndlər də az deyil. Belə kəndlər zaman ilə bir qrup insanın və ya bir insanın təşəbbüsü ilə adi bir bulağın olduğu yerdə salınıb. Torpaqların erməni işğalından azad olunmasından sonra yetişmiş yeni tarixi zəmində belə yaşayış məntəqələrinin olduğu kimi bərpa edilməsinin heç bir məntiqi əsası yoxdur. Bir sözlə, vaxtilə hündür dağlıq ərazilərdə, 5- 10 evdən ibarət olmuş kəndi olduğu kimi bərpa edib, ora yeni yol çəkmək, məktəb, tibb müəssisəsi və digər sosial obyektlər inşa etməyin heç bir məntiqi əsası yoxdur. Belə kəndləri yaşayış məntəqələrinin optimallaşdırılması prinsiplərinə uyğun olaraq, modern yaşayış məntəqələrində birləşdirmək yaranmış durumda ən rasional seçimdir. Hesab edirəm ki, müasir dövrdə yeni salınan kənd, bu tip yaşayış məntəqələrinin dünyanın inkişaf etmiş ölkələrində mövcud olan modellərinə uyğunlaşdırılmalıdır. Biz bu gün artıq bu yolda Zəngilan rayonunda bir kənd inşa etmişik, Füzuli rayonunda ikinci belə kənd inşa edilir.

Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində yeni yaşayış məntəqələri salınarkən bir çox digər detallar nəzərə alınacaqdır. Məsələn, əgər bir kənd, orada yaşayanların sayının az olması səbəbindən bir başqa yaşayış məntəqəsinə birləşdirilərsə, ləğv edilən həmin kəndin tarixinin necə saxlanılması yolları nəzərdən keçiriləcəkdir. Yeni yaşayış məntəqələrinin salınması zamanı aparılan optimallaşdırma hər bir rayonda onun mövcud resurslarına, təbii şəraitinə və digər göstəricilərinə maksimum uyğunlaşdırılacaqdır.

İşğaldan azad olunmuş torpaqlarımızda Böyük Qayıdış Dövlət Proqramına uyğun işlərin aparıldığı bir dönəmdə sosial şəbəkələrdə hay-küy salıb, vaxtilə ata-baba yurdlarından didərgin düşmüş insanların nostalji hisləri ilə oynamaq heç kimə baş ucalığı gətirməz. Bütövlükdə yeni salınacaq yaşayış məntəqələri üzrə optimallaşma işlərinin davam etdiyi və real olaraq hələ nə qədər yaşayış məntəqəsinin salınacağına dair dəqiq məlumatların ortada olmadığı bir vaxtda, kimlərsə sosial şəbəkələrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə yeni salınacaq yaşayış məntəqələrinin “dəqiq” sayına dair məlumatlar paylaşır.  Nə demək olar, görünən budur ki, yalanı özünə peşə seçənlərin insanları aldatmağa cəhd etməkdən başqa seçimləri olmur…

Fikrət Yusifov,
sabiq maliyyə naziri,
iqtisad elmləri doktoru, professor