BMT və Ümumdünya Səhiyyə Təşkilatı bu fakta reaksiya verməlidir
Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun inşasının layihəsi ilə əlaqədar iyunun 8-də Bakıda ekoloji yönümlü QHT-lər yeni ekoloji fəlakətə yol açacaq bu layihə əleyhinə birgə bəyanat səsləndiriblər. Tədbirdə azərbaycanlı ekoloqlar ABŞ dövlətinə və Ermənistan ekoloqlarına da çağırış ünvanlayıblar.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Ermənistan ABŞ şirkəti ilə birlikdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır: “Tikintiyə 70 milyon dollar yatırılacaq. Erməni mətbuatın yaydığı məlumata əsasən, bu, böyük istehsal müəssisəsi olacaq. Belə ki, zavodun sahəsinin 16 500 kvadratmetr olması nəzərdə tutulur. Bu müəssisə zərərli istehsalat tullantılarını Araz çayına axıdacaq. Bu xəbər Azərbaycanda böyük narahatlıqla izlənilir. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və vətəndaş cəmiyyəti institutları məsələ ilə bağlı etiraz bəyanatları veriblər. Əvvəla, Ermənistan “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozub. İrəvanın özünün də imzaladığı həmin konvensiyaya görə, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda, bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır.”
E.Cəfərli qeyd etdi ki, ermənilər 30 illik işğal dönəmində Azərbaycanın yeratlı sərvətlərinə, flora və faunasına, meşə örtüyünə, su resurslarına qarşı amansız terror siyasəti həyata keçirib: “Bizi narahat edən əsas məsələ də məhz budur. Sərvətlərimiz barbarcasına talanıb, torpaqlarımızda zərərli tullantılar basdırılıb, zəhərli maddələr çaylarımza axıdılıb. Transərhəd Oxçuçaya vurulan böyük ekoloji zərərlər göz önündədir. Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. İşğalçı ölkənin iri mədən müəssisələri - Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir. Bununla bağlı ekoloqlarımız, vətəndaş cəmiyyəti fəalları dəfələrlə beynəlxalq təşkilatlara müraciət edib. Yeri gəlmişkən, ermənilər bu cinayəti də əcnəbi sərmayə ilə -alman şirkəti “Cronimet”lə birgə ediblər.”
E.Cəfərli onu da vurğuladı ki, Arazdəyəndə tikilən metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər: “Zavodun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Araz çayı onsuz da Ermənistan tərəfindən kifayət qədər çirkləndirilib. Bu çayın sol qollarından biri olan Razdan öz suyunun çirklənmə dərəcəsinə görə Ermənistanda birinci yer tutur. Razdan, Çarensavan, Abovyan, Yerevan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları və çayın sahilində yerləşən başqa yaşayış məntəqələrinin məişət tullantıları Araz çayına axıdılır. 1980-ci illərdə Razdana buraxılan çirkab sularının orta illik miqdarı 210 mln. m3 təşkil etmişdi. Yay aylarında Arazda səviyyə aşağı düşərkən Razdanda çirkab sularının sərfi azalmır. Nəticədə “Araz” su qovşağı anbarında çox təhlükəli vəziyyət yaranır. İsti hava şəraitində suyun “çiçəklənməsi” baş verir və balıqların kütləvi qırılmasına səbəb olur.”
QHT sədri qeyd etdi ki, biz vətəndaş cəmiyyəti olaraq həyəcan təbili çalırıq, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməliyik: “BMT və Ümumdünya Səhiyyə Təşkilatı bu fakta reaksiya verməlidir. Biz dünya ictimaiyyətini Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırırıq. Təbiət, su resursları hamınındır. Ermənistandakı ekofəallar da sözügedən məsələyə reaksiya verməli, hökuməti ekocinayətə son qoymağa çağırmalıdırlar. Arazdəyəndəki metallurgiya müəssisəsi işə düşərsə, Araz çayı və ətraf mühitin çirklənməsi prosesi daha da sürətlənəcək. Çayın və bölgənin eksositeminə ciddi ziyan vurulacaq. İnsanlarda müxtəlif xəstəliklər yayılacaq. Bir sözlə, Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan ciddi ekotəhdidlə üz-üzədir. Ermənilərin növbəti ekoterroruna göz yummamalı, bunu dayandırmalıyıq.”
Cavid Əkbərov, “İki sahil”
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər