24 iyun 2023 11:44
500

1993-cü il 24 iyun tarixi – müasir Azərbaycan dövlətçiliyinin mühüm səhifələrindən biridir

30 il bundan əvvəl Azərbaycan xalqı çox çətin bir şəraitdə,  Ulu Öndər Heydər Əliyevi ölkəni  xilas etməyə, yenicə müstəqilliyini bərpa edən dövləti  qorumağa, ona sahib çıxmağa dəvət etdi. Və bu seçimlə müasir Azərbaycan tarixində yeni bir mərhələ başlandı.  Bu çox məsuliyyətli bir məsələ idi. Hətta Ümummilli Liderimiz özü bu vəziyyəti  şərh edərkən bildirmişdir ki: “Azərbaycan Respublikasının bugünkü ağır,  mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə  dərk edirəm.  Bu vəzifəni üzərimə  götürərək  öz məsuliyyətimi anlayıram  və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm.  Ali Sovetin  sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi özüm üçün  əsas vəzifələrdən biri hesab edirəm.  Azərbaycan Respublikasının  dövlət  müstəqilliyi 1918-ci ildə  yaranmış ilk  Azərbaycan Demokratik  Respublikasının  ənənələri əsasında,  müasir tələblərlə,  dünyada  gedən proseslərlə  bağlı olaraq  təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin  şübhəsi  olmasın ki, ömrümün  bundan sonrakı  hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki,  mənim fikrimcə, Azərbaycan Respublikası,  bundan  sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə  daxil olmayacaq, heç bir  başqa  dövlətin əsarəti  altına  düşməyəcək.”  Əlbəttə, o böyük əzmlə, fədakarlıqla, öz xalqına, dövlətinə sədaqəti ilə müstəqil Azərbaycanı qurdu. Hansı bir şəraitdə? Elə bir zamanda ki, AXC-Müsavat cütlüyünün bir illik  hakimiyyəti  nəticəsində ölkədə anarxiya, xaos, özbaşınalıq yaranmışdı. Ölkə iqtisadiyyatı çökmüş,  əhalinin sosial durumu son dərəcə ağırlamışdı.  Azərbaycan erməni işğalına məruz qalmışdı, xalq torpaqları qorumaq üçün müharibə aparırdı, dövlətimizi istəməyən qüvvələr, mövcud hakimiyyət ölkəni vətəndaş müharibəsi ilə üz-üzə qoymuşdu. Separatizm baş alıb gedirdi, ölkə parçalanmaq həddinə çatmışdı. 

Məhz belə bir  dövrdə, mürəkkəb şəraitdə 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçildi. Ümummilli Lider Ali Sovetin sədri kimi ilk gündən Azərbaycanın tarixi parlamentarizm ənənələrini yenidən bərpa edərək  aşkarlıq, demokratik prinsipinə  üstünlük verdi. Ulu Öndər bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi. Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, bir məktəbi idi.  Milli Məclisin iclasları, mətbuat  konfransları,  respublika  əhəmiyyətli müşavirələr birbaşa  olaraq televiziya ekranlarında birbaşa yayımlanırdı. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi  həyatdakı  gərginliyin  aradan  qaldırılması  üçün lazımi tədbirlər  görülməyə başlandı. Həmin ilin 24 iyun tarixli iclasda Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi.  Ulu Öndər deyirdi ki: “Bizim bu yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir”. Əlbəttə ki, məqsəd nə qədər aydın idisə, buna nail olmaq isə bir o qədər çətin idi. Lakin təcrübəli, müdrik siyasətçi Heydər Əliyev ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini diqqət mərkəzində saxlayır, mövcud istiqamətdə davamlı islahatların reallaşdırırdı. Respublikamızda cinayətkarlıq və digər hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir. Ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparılaraq ölkədəki mövcud qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar  olundu. Separatçılıq cəhdlərin və vətəndaş qarşıdurmasının qarşısı alındı. Siyasi xəritədən silinmək üzrə olan Azərbaycana yenidən inkişaf və quruculuq mərhələsinə keçmək, iqtisadi, siyasi, hərbi islahatlar keçirmək üçün Azərbaycana onu sevən, xalqın tələb və istəyindən, onların problemlərindən xəbərdar olan və bu məsələləri həll etmək təcrübəsinə qadir olan şəxs lazım idi. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ümummilli Lider deyirdi ki: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. O, bu çətinliyin öhdəsindən  gəlməyi bacardı və bugünkü güclü Azərbaycan, qalib Azərbaycan  yarandı. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etmişdir. Məhz həmin dövrdə Atəşkəsin elan olunması, tarixə “Əsrin müqaviləsi” kimi düşən mühüm sənədin imzalanması, ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamış, görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoymuş və beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirmişdir. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.

Hər bir addımında, hər bir qərarında Azərbaycan üçün, onun inkişafı və gələcəyi üçün çalışırdı. Bütün  həyatını bu müqəddəs məqsədə həsr etmişdir. “Nə qədər Azərbaycan var, mən də olacam! ”- deyən Ümummilli Lider Heydər Əliyev canından çox sevdiyi Azərbaycan üçün, onun gələcəyi üçün çalışan   bu görkəmli ictimai-siyasi xadim  sözün əsl mənasında qüdrətli Azərbaycanın memarıdır. Hansı sahəyə baxsaq, orada Ulu Öndərin atdığı təməli görəcəyik. Bu möhkəm əsaslar Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi  ilə  daha da gücləndirilir.   Məhz bu siyasətin nəticəsində Azərbaycanın iqtisadiyyatı, insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlir, ölkənin hərbi qüdrəti daha artır. Azərbaycan  müasirləşir, şəhər və kəndlərin siması kökündən dəyişir. Bu gün Azərbaycan dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur, onun parlaq gələcəyinə hamı inanır.

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor