Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yenə də öz ampluasındadır. O, iddia edib ki, guya Azərbaycanın Laçın dəhlizinə girişi bağlaması Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarının pozulmasıdır və bu, gərginliyin dərinləşməsinə gətirib çıxarır. Üstəlik, bildirib ki, bu addım Rusiyanın dəstəyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermir. Odur ki, xanım Zaxarova Bakını Laçın dəhlizini nəqliyyat üçün tamamilə açmağa çağırıb. Mariya Zaxarovanın bu çağırışı https://armenpress.am erməni saytında yayımlanıb.
Gəlin görək, məlum Bəyanatın müddəalarını pozan Azərbaycandır, yoxsa Mariya Zaxarovanın hər fürsətdə tərəfini saxladığı Ermənistan? Bəri başdan Mariya Zaxarovanın diqqətinə çatdırmaq istərdik ki, Laçın yolunun müvəqqəti bağlanmasının əsl səbəbkarı Ermənistandır. Bu mənada hayların cəfəng iddialarına əsaslanaraq humanistlikdən dəm vuran Zaxarovanın buna görə məsuliyyəti Azərbaycanın üzərinə yıxmağa çalışması absurdddur. Halbuki yol iyun ayının 15-də erməni separatçılarının təxribatı, daha doğrusu, sərhəd-buraxılış məntəqəsini atəşə tutması nəticəsində müvəqqəti bağlanılıb. Azərbaycan dəfələrlə bəyan edib ki, bir hərbçimizin yaralanması ilə nəticələnən məlum təxribatın hərtərəfli araşdırılmasından, müqəssirlərin müəyyən edilməsindən, Ermənistanın gələcəkdə belə təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanəti verməsindən sonra Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti bərpa ediləcək. Yəni, aparılan istintaq tədbirləri ilə əlaqədar sərhəd keçid məntəqəsinin tam fəaliyyətinin bərpasında zamana ehtiyac var. Bu mənada keçid-məntəqəsinin bağlanılmasından söhbət gedə bilməz.
Xanım Zaxarovadan soruşmaq gərəkdir: Azərbaycan öz ərazisində törədilən bu kimi təxribatları tam araşdırmalı deyil? Ona hüquqi qiymət verməli deyil? Əgər Rusiya XİN-in sözçüsü Laçın yolunun bağlı qalmasından bu qədər narahatdırsa, o zaman həmin təxribatı törədənləri Azərbaycana təhvil verilməsi ilə bağlı Ermənistana çağırış etsin. Bir sözlə, bu məsələdə məlum Bəyanatın müddəalarının Azərbaycan tərəfindən pozulmasından əsla söhbət gedə bilməz.
Yeri gəlmişkən, srağagün xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşündə Azərbaycan tərəfinin bu qurumun vasitəsilə erməni sakinlərinin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinə və zəruri tibbi ləvazimatların təchizatına imkan yaratmağa hazır olduğu bildirmişdi. Dünən isə Laçın rayonu ərazisində Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-buraxılış məntəqəsindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidə şərait yaradılıb. Bu, bir daha göstərir ki, bəzi dairələrin, o cümlədən Mariya Zaxarovanın iddia etdiyi kimi, yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı istintaq tədbirləri həyata keçirilir.
Yəqin Zaxarova bilməmiş deyil ki, Ermənistan üçtərəfli Bəyanatı imzalamaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Məsələn, niyə Mariya Zaxarova ölkəsinin Qarabağdakı “sülhməramlı” kontingentinin rəhbərindən soruşmur ki, Ermənistan ordusunun tör-töküntülərinin və digər qanunsuz silahlı dəstələrin Azərbaycanın suverən ərazisində nə ölümləri var? Halbuki razılaşmanın 4-cü bəndinə əsasən, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə paralel şəkildə Rusiya Federasiyası sülhməramlı kontingenti burada yerləşdirilməli idi. Sülhməramlılar yerləşdilər, amma erməni silahlıları yerlərindən belə tərpənmədilər. Halbuki suverən ərazimizdə onların qalmasına heç bir ehtiyac yoxdur. Bəs niyə indiyədək onlar oradadırlar? Yəqin deyəcəksiniz ki, bunu Ermənistan istəmir. Bəs bu, Bəyanatın müddəalarının pozulması demək deyilmi? Şübhəsiz, heç bir müstəqil siyasət yürüdən dövlət öz ərazisində hər hansı separatçı qüvvələrin mütəmadi olaraq ordusuna qarşı atəş açmasına, mina basdırmasına sakit qala bilməz. Elə isə bəs niyə bu məsələ ilə bağlı Hayastan rəsmilərinə çağırışlar etmirsiniz, fikirlər səsləndirmirsiniz?
Digər tərəfdən, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir”. Elə isə niyə Ermənistan öz havadarları ilə birgə bu missiyaya xidmət edəcək Zəngəzur dəhlizinin açılmasına mane olur? Halbuki həmin məsələdə İrəvan Moskva ilə açıq qarşıdurmaya getmək yolunu tutub. Amma unutmayın ki, bütün ölkələr üçün yeni imkanlar yaradacaq Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib.
Qvami Məhəbbətoğlu, “İki sahil”
Emosional zəka insana hissləri ilə deyil, düşünərək reaksiya verməyə imkan yaradır - Psixoloq
Hər birimiz gündəlik həyatda su ehtiyatlarından qənaətlə istifadə etməliyik - Sadiq Qurbanovdan ÇAĞIRIŞ
Bakı metrosunun hərəkət xəritəsi dəyişir: Sıxlıq azalacaq, intervallar qısalacaq