02 avqust 2023 01:16
523

Cəbrayılda bərpa-quruculuq işləri uğurla davam edir

Baş plana əsasən, 2026-cı ilin sonunadək şəhərdə təqribən 3 800 nəfərin yerləşəcəyi, 2040-cı ilin sonuna qədər isə 15 000 sakinin yaşayacağı gözlənilir

44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfərdən sonra işğaldan azad olunmuş rayonlarımız sürətlə abadlaşır, yeni görkəm alır və torpaqlarımızdan erməni vandalizminin izləri yavaş-yavaş silinir. O cümlədən tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrastrukturu yaradılır, yüksək gərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı”na əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yerləşən yaşayış məntəqələri layihələndirilir, şəhərlərin Baş planları hazırlanır və təsdiq edilir. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Belə ərazi planlaşdırılması sənədlərindən biri - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Britaniyanın “Chapman Taylor” şirkəti ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış Cəbrayıl şəhərinin Baş planıdır. Sözügedən sənəd 25 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 238 nömrəli Qərarı ilə artıq təsdiq edilib.

Ümumiyyətlə, Zəfər xronologiyamıza nəzər salsaq, Cəbrayılın işğaldan azad edilməsinin xüsusi yeri olduğunu görərik. Çünki Cəbrayıl şəhəri Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər - rayon mərkəzi olub. Hələ 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks - hücumu ilə Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş, Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi. Beləliklə, 2016-cı ildə başlayan Cəbrayıl şəhərinin işğaldan azad olunma prosesi 2020-ci ilin 04 oktyabr tarixində öz missiyasını tamamladı. Cəbrayılda qazanılmış qələbələr ordumuzun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut (Ağoğlan) qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratmış oldu. Prezident İlham Əliyev cəbrayıllılarla görüş zamanı bildirib ki, Aprel döyüşləri zamanı uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Və bu gün Cəbrayıl rayonu artıq azaddır, yaxın gələcəkdə cəbrayıllılar öz doğma el-obalarına qayıdacaqlar.

Xatırladaq ki, Cəbrayılın yaşayış məntəqəsi kimi tarixi VIII əsrə bağlanır. 1930-cu ildə inzibati mərkəzi olan Cəbrayıl rayonu yaradılıb və şəhəri də məhz həmin illərdə formalaşmağa başlayıb. Şəhərin ilk Baş planı 1984-cü ildə işlənilib. O zaman şəhərin ərazisi 258 hektar, əhalinin sayı 5 200 nəfər idi. Cəbrayıl şəhəri erməni işğalı nəticəsində illər ərzində urbisid və ekosidə məruz qalıb, əhali öz doğma yurdlarından didərgin salınıb, əraziyə külli miqdarda maddi ziyan vurulub. Nəticədə mövcud infrastruktur, yaşayış evləri tamamilə məhv edilib və şəhərin yenidən qurulmasına ehtiyac yaranıb. Təsdiq edilmiş yeni Baş plana əsasən, müasir Cəbrayıl şəhəri özü və yaxınlıqdakı beş kəndi əhatə edəcək və şəhərin ümumi ərazisi 625 ha təşkil edəcək. Layihədə şimaldan cənuba doğru uzanan Çaylaqçay ətrafında şəhərin mərkəz hissəsində təklif olunan “yaşıl zolaq” şəhərin əsas onurğası kimi verilib. Qeyd edək ki, rayon ərazisində bir çox tarix-memarlıq abidələrinin, o cümlədən Xudafərin körpüsünün yerləşməsi şəhərin gələcək özünəməxsus memarlıq görünüşünün yaradılmasında xüsusi rol oynayacaq. İşğaldan azad edilmiş şəhərdə ilkin mərhələdə təhlükəsizlik, infrastruktur məsələlərinin həlli, sosial xidmətlərin fəaliyyəti, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələləri əsas götürülür. Bu ərazilərdə bərpa və yenidənqurma strategiyalarının əsas məqsədi dayanıqlı iqtisadi inkişafa nail olmaqdır. Şəhərin bərpası və inkişafı üçün dörd mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3 800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82 faizinin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.

Baş planların hazırlanması zamanı məskunlaşma sisteminin formalaşdırılmasında əhalinin məşğulluğunun davamlılığı əsas götürülüb. Şəhərin məşğulluq imkanları rayon ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar və zəngin təbii ehtiyatlar nəzərə alınmaqla proqnozlaşdırılıb. Beləliklə, şəhərin iqtisadi inkişafında xidmət və sənaye sektorlarının böyük rol oynayacağı, kənd təsərrüfatı sahəsinin isə digər yaşayış məntəqələrində daha çox inkişaf edəcəyi göstərilib. Baş planda ictimai-işgüzar zona üçün 22,87 ha ərazi ayrılıb. Burada inzibati və ofis binaları, mərkəzi meydan, mədəniyyət, ictimai-iaşə və turizm obyektləri yerləşdiriləcək.

Şəhərin Baş planı hazırlanarkən nəqliyyatın planlaşdırılması zamanı insanyönümlü şəhər və təhlükəsiz hərəkət prinsipləri əsas götürülüb. Burada yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilib. Şəhərdaxili yol profillərində təxminən 60 km uzunluğunda piyada və velosiped yollarının salınması planlaşdırılıb. Sənəddə əhalinin artım tempi nəzərə alınmaqla sosial tələbata uyğun ən müasir təhsil və səhiyyə ocaqları da layihələndirilib. Belə ki, şəhər ərazisində öz doğma torpaqlarına qayıdacaq 1 880 cəbrayıllı şagirdin təhsil alacağı müasir şəhərsalma standartlarına uyğun üç tam və orta təhsil müəssisəsi, 960 uşaq üçün nəzərdə tutulan dörd məktəbəqədər təhsil müəssisəsi, mərkəzi rayon xəstəxanası, poliklinika, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman komplekslərinin inşası planlaşdırılıb.

Bir məsələni xatırladaq ki, 2021-ci il 4 oktyabr tarixində Prezident İlham Əliyevin Sərəncamına əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. Bu ilin may ayının 4-də ölkə başçısı Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələrinin təməli qoyulub. Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Logistik imkanlar baxımından əlverişli ərazidə təşkil olunması bura investorların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, Sənaye Parkı yeni salınan magistral avtomobil yolu və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaq.

Sevinc Azadi, “İki sahil”