18 sentyabr 2023 17:39
431

Naxçıvanda Milli Musiqi Günü qeyd olunub - FOTO

Sentyabrın 18-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında  Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki,  mədəniyyət və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov dünyaşöhrətli bəstəkar, ictimai xadim Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığından, Azərbaycan mədəniyyəti qarşısında misilsiz xidmətlərindən bəhs edib, Ulu Öndər Heydər Əliyevin  Fərmanına əsasən Milli Musiqi Gününün qeyd olunduğunu diqqətə çatdırıb.

Həsən Seyidov qeyd edib ki, Üzeyir Hacıbəyli 1908-ci ildə  yazdığı “Leyli və Məcnun” əsəri ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. Bir-birinin ardınca yazdığı  opera və operettaları, marşları, kantataları, mahnı və romansları, kamera və xor üçün əsərləri ilə musiqi xəzinəmizi zənginləşdirib. Ulu Öndər Heydər Əliyev  hər zaman Üzeyir Hacıbəylinin şəxsiyyətini  yüksək qiymətləndirdiyini deyən nazir müavini diqqətə çatdırıb ki, Şanlı Zəfərdən  sonra ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  iştirakı ilə Şuşada dahi bəstəkarın  heykəli yenidən ucaldıldı, əsərləri illər sonra yenidən doğma yurdunda səsləndi.

Bildirilib ki, bu il də ənənəyə sadiq olaraq  sentyabrın 18-dən 28-dək   keçirilən  Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək. Nazir müavini əlamətdar gün münasibəti ilə bütün mədəniyət, incəsənət nümayəndələrini  təbrik edib, onlara yeni sənət uğurları arzulayıb.

Sonra Naxçıvan Dövlət Filarmoniyasının  Simfonik  Orkestrinin  Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.

Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayan konsert zamanı dahi bəstəkarın əsərlərindən parçalar ifa edilib. Dinləyicilərdə xoş əhval-ruhiyyə yaradan konsertdə, həmçinin görkəmli bəstəkarlardan-Fikrət Əmirovun, Tofiq Quliyevin, Qara Qarayevin, Asəf Zeynallının əsərləri, xalq mahnısı ifa edilib.

Beynəlxalq müsabiqələr laureatı Orxan Həşimovun, Prezident mükafatçıları Cahangir Qurbanovun və Elvin Əliyarovun  dirijor olduğu musiqi şölənində əsərlər Azərbaycan Respublikasının əməkdar artistləri - Gülyanaq Fərzəliyeva, Mübariz Əsgərov, Tural Nəcəfov, Filarmoniyanın solistləri-Vəli Səfərov və İlkin Abdullayev tərəfindən təqdim olunub.

Konsert proqramı alqışlarla sona çatıb.