KÖŞƏ

Yaqut Ağaşahqızı

Suriyadan Qarabağa erməni köçü?!

25 aprel 2016 14:59
2491

Ermənistan rəhbərliyinin miqrant maxinasiyasının arxasında nələr dayanır?!

Dünyanı idarə edən siyası güclərin demokratiya pərdəsi altında qədim Şərqin siyası xəritəsinə əl gəzdirməsi və silahlı müdaxiləsi son nəticədə həmin regionda uzun illər hakimiyyətdə olan bəzi diktatura rejimlərinin süqutu ilə nəticələndi. Siyasi leksikonda az qala yumşaq şəkildə “Ərəb baharı” adlandırılan bu dəyişikliyin ağrı-acısını təxminən 5 milyona yaxın  insan öz taleyində hiss etməli oldu və beləcə, daldalana biləcək təhlükəsiz yer, sığınacaq axtarışında olan qaçqına və məcburi köçkünə çevirdi. Əvvəlcə Tunisdən başlayan bu məcburi köç dalğası tezliklə İraqa, Liviyaya, Misirə yayıldı, Türkiyə və Yunanıstan üzərindən Avropaya üz tutdu. Heç şübhəsiz ki, ən böyük miqrant axını dörd ildir davam edən vətəndaş müharibəsinin hökm sürdüyü Suriyanın payına düşür. 

Hələ ötən əsrin sonlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşən  Azərbaycan bunun necə ağır yük olduğunu yaxşı bilir. Yaxın və Orta Şərq regionunun  miqrant probleminin ağırlığı isə qardaş Türkiyənin üzərinə düşür. Belə ki, son beş ildə Türkiyə 3 milyondan çox  miqranta sığınacaq verib və onların sosial problemlərini həll etmək üçün əsasən daxili ehtiyatlar hesabına 10 milyard dollardan çox vəsait xərcləyib.

Politoloq, siyasi elmlər doktoru Hatəm Cabbarlının fikrincə, yalnız miqrant dalğasının kiçik bir hissəsi Avropaya qədəm basdıqdan sonra Avropa dövlətləri miqrant axınının qarşısını almaq üçün Türkiyəyə humanitar yardım etmək qərarına gəldi və bu məqsədlə ilkin olaraq 3 milyard dollar həcmində vəsait ayrılmasına qərar verildi. Miqrant probleminin beynəlxalq ictimai rəyin diqqət mərkəzində olduğunu görən Ermənistan hakimiyyəti fürsətdən istifadə etmək qərarına gəldi. Onsuz da Suriyadan qaçan erməniləri işğal altında olan Dağlıq Qarabağ regionuna yerləşdirməyə çalışan hakimiyyət dairələri miqrantların sayını  şişirdərək donor ölkələrdən pul qopartmağa və böhran girdabında boğulan iqtisadiyyatını  qismən də olsa dirçəltməyə çalışır.

Politoloq Hatəm Cabbarlı faktlara istinad edərək vurğulayır ki, Ermənistanın diaspor naziri Qranuş Akopyan 11 fevral 2016-cı ildə mətbuata verdiyi açıqlamada ölkədə 16 min Suriya ermənisinin olduğunu bildirsə də, martın 1-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komissarı Zeyd Raad  ilə görüşündə Suriyadan 20 min erməninin gəldiyini söyləyib. Nəzərə almaq lazımdır ki, sonradan qaçqınların bir qismi Ermənistanı tərk edərək Avropanın digər ölkələrinə üz tutur və təbii ki, bu statistika ictimaiyyətdən gizlədilir.

Heç şübhəsiz ki, Ermənistan XİN-in rəhbəri miqrant sayını artırmaqla daha çox maliyyə yardımı almaq məqsədini güdür. Üstəlik hökumət rəsmiləri miqrant ermənilərin böyük əksəriyyətini  Dağlıq Qarabağda yerləşdirdiklərini  gizlətməyə cəhd edirlər. Ermənistanın diaspor naziri Q.Akopyan hazırda Suriya məsələsi gündəmdə olduğu üçün hər vəchlə Suriyadan gələn ermənilərin sosial - iqtisadi problemlərini qabardaraq, Avropa İttifaqı və ABŞ-dan yardım almadıqlarını, amma xaricdəki erməni lobbisinin canfəşanlığı nəticəsində Küveyt, Avstriya və Rusiya kimi ölkələrdən vur-tut 1,5 milyon həcmində kredit aldıqlarını və 1500 nəfər Suriya ermənisinin işlə təmin olunduğunu bildirmişdir.