Son 30 ildə bu sahəyə 200 milyard dollar investisiya qoyulub
Azərbaycanda qeydə alınan sürətli iqtisadi inkişafda neft və qaz sektorunun rolu aparıcı olsa da, son illər qeyri-neft sektorunda ümumi iqtisadi artım da önə çıxmaqdadır. Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası çox yaxşı bəhrələr verməkdədir. Bir çox ölkələr kimi, Azərbaycan da güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanır. Bu resurslardan əldə etdiyi maliyyə axını hesabına iqtisadiyyatının uğurla şaxələndirilməsi istiqamətində bir çox tədbirlər görür. Gənc ölkə olmağımıza baxmayaraq, qeyri-neft sənayesi, tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında komitə sədri Tahir Mirkişili son 30 ildə Azərbaycan iqtisadiyyatına 300 milyard dollar investisiya yatırıldığını, bu vəsaitin 200 milyard dollarının isə qeyri-neft sektorunun payına düşdüyünü bildirib. Qeyd edilib ki, son 20 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb, dövlət büdcəsinin gəlirləri 30 dəfədən çox artıb, Azərbaycanın xarici ticarət dövriyyəsində isə 10 dəfə artım qeydə alınıb. Qeyri–neft–qaz sektorunun payının artmasında istehlakçı fəallığının genişlənməsi və düşməndən təmizlənən torpaqlarda yeni layihələrin icrası, habelə infrastruktur investisiyaları əhəmiyyətli rol oynayıb.
Respublikamızın ixrac qabiliyyəti də davamlı şəkildə güclənməkdə davam edib, idxalı əvəzləyən məhsulların istehsalının artırılması reallaşıb. Bu, statistik göstəricilərdə də öz aydın ifadəsini tapıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”na əsasən, 2023-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ümumi ixracı 24,4 milyard dollar, qeyri–neft sektoru üzrə ixrac isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artaraq 2,2 milyard dollar təşkil edib. Bu ilin yanvar-avqust ayları ərzində yeyinti məhsulları üzrə ixrac isə 571,4 milyon dollara bərabər olub.
Cari ilin 8 ayı ərzində elektrik enerjisi 3,9 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 3,8 dəfə, qara metal məmulatlarının ixracı 36,6 faiz, şəkər ixracı 17,9 faiz, meyvə-tərəvəz ixracı isə 7,4 faiz artıb.
Hesabat dövründə aqrar və aqrar–sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,4 faiz artaraq 594 milyon dollar təşkil edib. Qeyri–neft–qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar–sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8 faiz artaraq 132,6 milyon dollar təşkil edib.
İxrac əməliyyatlatında diqqətçəkən bu uğurlu göstəriciləri bir sıra amillər şərtləndirir. Respublikamızda prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasəti aparılır, makroiqtisadi və büdcə dayanıqlığının reallaşdırılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsinə xüsusi əhəmiyyət verilir. Məhz bütün bunların nəticəsidir ki, hazırda qeyri–neft–qaz sənayesində artım neft qaz sektorundakı artımı üstələyir.
Azərbaycanın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun getdikcə güclənməsi öz növbəsində xarici ticarət dövriyyəsinin genişlənməsinə təkan verib. Məhz bunun nəticəsidir ki, ölkəmizin xarici ticarət əlaqələrinin coğrafiyası ildən–ilə genişlənib. Belə ki, cari ilin yanvar–iyul aylarında Azərbaycan Respublikası dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb. Hesabat dövründə Azərbaycan istehsalı olan məhsullar planetin 111 ölkəsinə ixrac olunub. Bununla yanaşı, ilin 7 ayında 181 ölkə ilə idxal əməliyyatları həyata keçirilib.
İİTKM-nin məlumatına əsasən, hesabat dövründə Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 45 ölkəsinə 12,7 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. Bu ilin avqust ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,5 milyon dollar dəyərində xidmət ixrac edib.
8 ayda peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 3,6 milyon dollarla Birləşmiş Krallıq, 2,7 milyon dollarla Lüksemburq, 1,1 milyon dollarla BƏƏ, 713,2 min dollarla Almaniya və 539,9 min dollarla Nigeriya qərarlaşıb.
Nigar Orucova, “İki sahil”