Mədəaltı vəz kiçik bir orqan olsa da, həzm prosesində mühüm rol oynayır və eyni zamanda orqanizmi diabetin inkişafından qoruyur. Bütün bunlarla yanaşı, mədəaltı vəz asanlıqla zədələnir. “Rossiya” telekanalında yayımlanan “Ən vacib şey haqqında” proqramında doktor Aleksandr Myasnikov mədəaltı vəzi necə qorumaq lazım olduğundan danışıb.
Statistikaya görə, son illərdə pankreatit (mədəaltı vəzinin iltihabı) xəstələrinin sayı kəskin şəkildə artıb. Üstəlik, bu, yalnız pis vərdişlər - alkoqoldan sui-istifadə, siqaret və həddindən artıq yemək - deyil, həm də digər amillərlə bağlıdır.
Kəskin pankreatit çox yüksək ölüm nisbəti ilə mədə-bağırsaq xəstəlikləri arasında təcili xəstəxanaya yerləşdirmənin əsas səbəblərindən biridir. Bundan əlavə, mədəaltı vəzi xərçəngi xərçəngdən ölüm səbəbləri arasında yeddinci pillədəddir.
Aleksandr Myasnikov deyir ki, pankreatitin demək olar ki, 90%-nin iki əsas səbəbi spirtli içki və öd daşıdır.
Kəskin pankreatit öd daşı olan xəstələrin 3%-də baş verir. Bu daşıyıcıların hər onda birində kəskin xolesistit (öd kisəsinin iltihabı) baş verir.
Bir çox dərmanlar da pankreatitə səbəb olur: bəzi QİÇS dərmanları, bir çox ağrıkəsici dərmanlar. Bəzi antibiotiklər və hipertoniya dərmanları pankreatitin inkişaf riskini artıra bilər. Bununla belə, aspirin və bir sıra iltihab əleyhinə, analgezik və qızdırmasalıcı təsiri olan dərmanların əksinə, onun inkişaf riskini azaltdığına inanılır.
Bəs mədəaltı vəzinizi qorumaq üçün nə edə bilərsiniz? Həkimlər alkoqoldan, narkotikdən istifadə etməməyi və ya həddindən artıq yeməməyi məsləhət görürlər, ancaq artıq pankreatitdən şübhələnirsinizsə, pəhrizinizə nəzarət etməli və vaxtında mütəxəssislə məsləhətləşməlisiniz.
Nubar Süleymanova, “İki sahil”