23 noyabr 2023 10:02
320

Azərbaycanın incisi - Kəlbəcər

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu qarşısında diz çökən Ermənistan 10 noyabr 2020-ci il tarixdə kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Üçtərəfli Bəyanatın imzalanması ölkəmiz üçün diplomatik qələbə oldu və 3 rayon Ermənistan tərəfindən hərbi əməliyyatlarsız azad edildi. Həmin üç rayondan biri Kəlbəcər rayonu idi və 25 noyabr tarixində Azərbaycana təhvil verildi. Beləliklə, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

Kəlbəcərin şimal hissəsi İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman, Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Bununla da Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bilmiş və nəticədə erməni silahlı qüvvələri Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilməmişdilər.

Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmiş və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu bu medalla təltif olunmuşdur.

2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan sonra Kəlbəcərə ilk səfəri oldu. Səfər zamanı Kəlbəcərdə Azərbaycanın Dövlət Bayrağı qaldırıldı, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11.6 kilometrlik tunelin, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin təməlqoyma mərasimləri keçirildi, 10/35/10 kv-lıq “Kəlbəcər” yarımstansiyasının açılışı oldu, yeni tikilən 51 kilometr uzunluğunda İstisu-Minkənd avtomobil yoluna baxış keçirildi.
2022-ci il iyunun 25-də Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun təməlqoyma mərasimləri keçirildi. 2023-cü il mayın 27-də Yanşaq kəndinin, Zallar kəndinin ilk yaşayış məhəlləsinin, 960 şagird yerlik məktəb binasının təməlqoyma mərasimləri keçirildi. “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının, “Meydan” Kiçik Su Elektrik Stansiyasınını açılışı oldu...
Bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə aparılan quruculuq işlərinin Kəlbəcərə aid müfəssəl xronikasıdır.

Şəfiqə Qurbanova,
YAP Xətai ratyon təşkilatının  "General Əliağa Şıxlinski küçəsi 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü