29 noyabr 2023 02:58
277

ABŞ-ın qərəzli iddiaları heç bir nəticə vermədi

Azərbaycan öz mövqeyində qətidir, prinsipialdır və bu xətti sona kimi müdafiə etməkdə israrlıdır

Xəbər verildiyi kimi, noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Prezident İlham Əliyev telefon danışığı zamanı bildirib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. Dövlət başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib. Azərbaycan tərəfinin ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb. Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da bununla əlaqədar açıqlama verdiyini, Azərbaycan tərəfinin də öz növbəsində ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdiyini xatırladıb. Telefon söhbəti zamanı Dövlət katibi Blinken ABŞ-Azərbaycan münasibətlərinin normallaşdırılması məqsədilə dekabrda köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin diplomatı, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Konqresdəki dinləmələrdə çıxış edərkən Azərbaycan haqqında sərt tənqidlər səsləndirib. O deyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi əldə edilməyənədək, Azərbaycanla münasibətlər əvvəlki səviyyədə olmayacaq. Diplomat Azərbaycanın sentyabrın 19-da Qarabağda keçirdiyi hərbi əməliyyatlardan sonra ABŞ-ın Azərbaycana hərbi yardımı dayandırdığını və bir neçə yüksək səviyyəli görüşləri ləğv etdiyini deyib. Rəsmi Bakı Ceyms O'Braynın hesabatını "birtərəfli və qərəzli" hesab etdiyini deyərək, onun fikirlərini "səmərəsiz, əsassız və qəbuledilməz" kimi qiymətləndirib. Dinləmələrdə ABŞ diplomatları, həmçinin deyiblər ki, Azərbaycana güc tətbiq etməməklə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, sentyabrın 19-da Qarabağda keçirilən hərbi əməliyyatlardan sonra, demək olar ki, bütün etnik ermənilər - 100 mindən çox adam ərazini tərk edərək Ermənistana sığınıb. Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, belə açıqlamalar "regionda sülh və təhlükəsizliyi sarsıdır". ABŞ rəsmiləri dinləmələrdə bildiriblər ki, ABŞ-da Azərbaycana birbaşa yardımları qadağan edən, "907-ci düzəliş" kimi tanınan qanunun tətbiqini dayandıran qərarın müddətini uzatmayacaqlar. Halbuki, 2001-ci ildə 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-ın terrorla mübarizə səylərini dəstəklədiyi zaman həmin ildə 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması qərarını verən də ABŞ tərəfi olub. Məhz Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə öz yardım əlini uzadıb. Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də məhz Azərbaycan olub. Azərbaycan eyni zamanda, Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə olub.

ABŞ Konqresinin Azərbaycanın işğal altında olan ərazilərindəki xunta rejiminə üst-üstə 2 milyard dollardan artıq maliyyə ayırdığı hər kəsə bəllidir. Ermənistana dəstək isə dəfələrlə çox olub. 1992-ci ilin 24 oktyabrında ABŞ Konqresi Azərbaycanı guya “Ermənistanı blokadaya salmaqda” ittiham edərək “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəliş adlı faktiki olaraq sanksiya qətnaməsi qəbul etdi. Ağ Ev nədən qəzəblənmişdi? Bircə il əvvəl müstəqillik qazanmış ölkəmiz kiçik imkanlar hesabına işğalçılardan və onların havadarlarından Ağdərə şəhərini azad etmişdi. Qələbəmiz, ərazi bütövlüyümüzü təmin etməyimiz Ağ Evdə oturanların gözlərinə ağ olmuşdu. Odur ki, qələbəmizi sinirə bilmədilər, Azərbaycana qarşı əclafcasına davrandılar, ermənilərin çirkli pullarına payçı olan senator Con Makkeyn, konqresmen Veyn Ovensin ortaya qoyduqları qərəzli sənədi qəbul etdilər. Bir-birinə qarşı düşmən münasibətində olan Moskva və Vaşinqton Azərbaycana və Ermənistana münasibətdə eyni səngərdəydilər və bu mövqe son illərədək davam etdi. Azərbaycan ABŞ-ın hədəfə aldığı tək postsovet respublikası oldu ötən illərdə! Qarabağın işğalda olduğu illərdə separatçı liderlərin səsinin tez-tez Konqres dəhlizlərindən gəldiyinin az şahidi olmadıq. Azərbaycanın ərazi bütövlüyünə BMT Baş Assambleyasında “bitərəf” qalan ölkə idi ABŞ…

Blinkenin hazırkı yanaşması onu deməyə əsas verir ki, həm Konqres, həm də Dövlət Departamentinin nümayəndələri yanlış mövqedə olduqlarını anlamağa başlayıblar. ABŞ-ın Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən və antiterror tədbirlərindəki uğurlu fəaliyyətindən sonra Bakıya münasibətdə qeyri-konstruktiv davranışların hamısı nəticəsiz qaldı. Azərbaycanın nə ABŞ, nə də onun Konqresi qarşısında öhdəliyi var! Heç bir ölkə Azərbaycanla təzyiq dili ilə danışa bilməz. Amma hədsiz erməni sevgisi ABŞ-ın regiondakı maraqlarına ciddi zərbə vura bilər. Çünki Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada ABŞ-ın siyasəti ola bilər. Vaşinqton Bakıdan bu və digər geosiyasi məsələlərə onun prizmasından baxmasını istəyirdi. Ancaq bu mümkün deyil. Çünki Azərbaycanın da öz təhlükəsizlik maraqları, daxil olduğu regional və beynəlxalq əlaqələr sistemi var. Azərbaycan öz mövqeyində qətidir, prinsipialdır və bu mövqeyi sona kimi müdafiə etməkdə israrlıdır.

Prezident İlham Əliyev Xankəndidəki Zəfər paradında Ermənistanın havadarlarına sözünü deyib: “Hansı ki düşünürlər hansısa şəkildə Azərbaycana təzyiq edərək və Ermənistanı silahlandıraraq onların üzərindən ölkəmizə qarşı təxribatlar törədərək bizi nəyəsə məcbur edə bilərlər. Lakin hökumətimiz açıq şəkildə mesaj verdi ki, bizim qorxumuz yoxdur, öz mövqeyimizdə sabitik və Azərbaycanın ərazi bütövlüyü müzkirə mövzusu deyil. Bu bizim qırmızı xəttimizdir. Buna görə də Ermənistanın havadarları bu xam xəyallarıdan əl çəkməlidirlər”.

Sevinc Azadi, “İki sahil”