Qaraş Əmirov – 100
Allah tərəfindən seçilmiş insanlar hər tərəfdən görünən uca dağlara bənzəyirlər. Onlar yaşadıqları zamanın və məkanın nişangahlarına çevrilir, həndəvərin ünvanını onlara görə müəyyənləşdirirlər. Belə insanlardan biri - Qaraş İbrahim oğlu Əmirov da onlardan, o dağlardan biri kimi yaşadı, sayıldı, seçildi. El-obasının, Vətəninin ləyaqətli oğluna çevrildi, başını uca, dilini uzun elədi.
Qaraş İbrahim oğlu Əmirov 16 sentyabr 1926-cı ildə qədim Zəngəzur mahalında, Zəngilan rayonunun Tatar kəndində anadan olub. Doğulduğu dövr kəndlərdə kolxoz quruculuğunun ilkin dövrləri idi. Onun valideynləri də - atası İbrahim kişi və anası Gülüstan xanım kənd təsərrüfatı ilə məşğul olan sadə, yoxsul kəndli ailəsinə mənsub idilər.
On səkkiz yaşında ikən Bakıya yollanan gənc Qaraş əmək fəaliyyətinə Bibiheybətdə qazma kontorunda qazmaçı köməkçisi kimi başlayıb. O, burada Ağa Nemətulla, Hacı Temirxanov və başqa tanınmış ustalarla çiyin-çiyinə işləyib, qısa bir zaman ərzində dərin quyuların qazılmasının sirlərini öyrənərək bu sahədə qabaqcıl ustalardan birinə çevrilib.

İkinci Dünya müharibəsindən sonra ağır itkilərin öhdəsindən gəlmək və iqtisadiyyatı gücləndirmək üçün əsasən aparıcı sahəni - neft sənayesini dirçəltmək, hasilatı artırmaq lazım idi. Bu məqsədlə 1945-ci ildə Azərbaycan SSR Neft Sənayesi Nazirliyinin qərarı ilə Aşağı Kür çökəkliyində və Şirvan zonasında perspektivli hesab edilən sahələrdə axtarış-kəşfiyyat işlərinin genişləndirməsi və dərin quyuların qazılması qərarı verildi və bunun üçün ən bacarıqlı geoloqlar və neft ustaları bu işə cəlb edildi. Həmin tanınmış və təcrübəli mütəxəssislər arasında Qaraş Əmirov da vardı. O, Kür ovalığında aşkar olunmuş neft yataqlarını istismara vermək üçün 1957-ci ildə oraya göndərildi. On il ərzində bir-birinin ardınca "Kürovdağ", "Mişovdağ", "Qarabağlı", "Kursəngi" və başqa bu kimi iri neft yataqları bilavasitə onun iştirakı ilə kəşf edildi.
Elə o vaxtlarda Qaraş Əmirovun bacarığı və təşkilatçılıq qabiliyyəti üzə çıxdı, cəmi otuz bir yaşında təcrübəli və mahir usta kimi tanındı. Onun briqadası çətin və sərt iqlim şəraitində, Şirvan torpağının altındakı mürəkkəb kəsilişli laylardan sərvəti üzə çıxarmaq üçün daha dərin və maili quyular qazaraq təhvil verdi. Q.Əmirov öz briqadası ilə birlikdə 10 il ərzində 44 quyu qazıb ki, onların da ümumi dərinliyi 113 min metrdən artıq olub. Bu isə bir qazma qurğusu ilə ayda 1000 metrdən çox qazma aparılması demək idi. O vaxtlar bu nəticə rekord göstərici sayılırdı. Məhz belə qəhrəmanlıq və gərgin əmək sayəsində respublikanın Aşağı Kür zonasından neft istehsalı artmağa başladı və Azərbaycanda istehsal edilən neftin üçdə biri həmin yataqların payına düşdü. Qeyd etmək lazımdır ki, o zamanlar Xəzərdə də bir-birinin ardınca “Gürgan-dəniz”, açıq dənizdə "Neft Daşları", "Çilov adası”, "Darvin bankası", "Palçıq pilpiləsi" və digər neft yataqları kəşf olunmuşdu ki, bu, sanki dəniz və quru sahələrində aparılan işlərin vəhdətinə, yarışına çevrilmişdi.
Bir faktı da vurğulamaq yerinə düşərdi: tarixi şəxsiyyət olmaq bilik və bacarıqdan başqa böyük cəsarət də, yeri gələndə risk də tələb edir adamdan. O vaxtlar Şirvanda böyük təzyiqlə fontan vuran neft quyusunu da məhz təkbaşına Qaraş Əmirov cilovlayıb, neft itkisinin və ekoloji çirklənmənin qarşısını alıb.

1969-cu ildə Qaraş Əmirovun təşkilatçılıq, neft işinin dərin bilicisi, insaniyyətliyi, bacarıqlı rəhbər kimi keyfiyyətləri nəzərə alınır və o, “Azneftkəşfiyyat” Trestinin 1 nömrəli qazma kontoruna direktor vəzifəsinə irəli çəkilir, sonra isə Carlı və Qobustan kəşfiyyat-qazma idarələrinə rəhbərlik edir. Çox dərin quyuların sürətlə qazılmasında və yeni yataqların kəşfində qazandığı müvəffəqiyyətlərə görə 1963-cü ildə o, "Sosialist Əməyi Qəhrəmanı" kimi yüksək ada layiq görülüb, 1971-ci ildə isə ona "Azərbaycan neft ustası" fəxri adı verilib. Qaraş Əmirov, həmçinin ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edib, 6-cı və 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Sov.İKP-nin XXII və XXIII qurultaylarının nümayəndəsi olub.

Bacarıqlı istehsalatçı olmaq, ölkənin siyasi həyatında fəal iştirak etmək bir ayrı, ölkənin ictimai həyatında aktiv görünmək, məşhur sənət və elm adamları ilə, şagirdlərlə, sadə xalqla, el-oba adamları ilə görüşüb təmasda olmaq bir ayrıdır. Bunlar insanın zəngin iç dünyasının, şəxsiyyətinin göstəricisidir. Onun tanınmış şəxsiyyətlərlə, ziyalılarla, məktəblilərlə, zəhmətkeş həmkarları və seçiciləri ilə saysız-hesabsız görüşlərini misal çəkə bilərik.
Neft sənayesinin bacarıqlı təşkilatçısı, geniş qəlbli insan, qayğıkeş rəhbər olan Qaraş Əmirov təəssüf ki, çox cavan yaşında, 22 mart 1973-cü ildə xidməti vəzifəsini yerinə yetirərkən helikopter qəzasında həlak olmuş, Bakı şəhərindəki İkinci Fəxri xiyabanda dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2006-cı il tarixli Sərəncamına əsasən, Qaraş Əmirovun anadan olmasının 80 illiyi münasibətilə tanınmış neftçinin xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı binanın üzərinə xatirə lövhəsi quraşdırılıb, Qaradağ rayonundakı küçələrdən biri onun adını daşıyır.

"Azneft" İstehsalat Birliyi və neft-qaz sənayesi işçiləri həmkarlar təşkilatı onun ölümündən sonra, dərinliyi 4500 və daha çox olan kəşfiyyat quyularının sürətlə və keyfiyyətlə qazılması uğrunda yarışan qazma briqadaları üçün “Qaraş Əmirov adına” mükafat təsis etmişdilər.
Təhsil aldığı Zəngilan rayonu Cahangirbəyli kənd orta məktəbinə onun adı verilmiş və burada onun əmək fəaliyyətini əks etdirən guşə yaradılmışdı. Lakin sonradan torpaqlarımız xain düşmən tərəfindən qəsb olunduqda bütün şəhər və kəndlərimiz kimi həmin məktəb də dağıdılmışdır. Bu yerdə bir rəqəmin mifik və mistik tərəflərini xatırlamaq yerinə düşərdi. Şərqi Zəngəzurda, dağlar qoynunda dünyaya göz açmış Qəhrəmanımızın özünün görmədiyi, ancaq ruhunu sevindirən 44 günlük müharibədə tarixi Zəfərimizi deyirəm. Artıq Vətənimizin tarixinə qızıl hərflərlə yazılmış 44 rəqəmi Qaraş Əmirovun tale yolunda da bir neçə dəfə özünü göstərib. 1944-cü ildə neft istehsalının inkişafı üçün hərbi komissarlığın müraciətinə qoşulması, fəaliyyəti dövründə briqadası ilə 44 quyu qazması təsadüf də olsa, bu qudsal rəqəmin ömürlüyünə həkk olunması maraqlı bir sirdir.
Bu, Qaraş Əmirovun fədakarlıqlarla dolu, zəngin və mənalı ömrünün axırıncı cümləsi deyil. Əksinə, onun ömür kitabının ən dəyərli səhifələri bu gün övladlarının və nəvələrinin həyatında yazılmaqda davam edir. Dörd ali təhsilli, neftçi peşəsinə sədaqətlə bağlı ziyalı oğlu atalarının müqəddəs yolunun layiqli davamçıları oldular. Böyük oğlu, mərhum Rəsul Əmirov SOCAR-ın “Neft Kəmərləri” İdarəsində iqtisadiyyat üzrə rəis müavini və bir sıra digər məsul vəzifələrdə çalışaraq neft sənayesinə öz töhfəsini verdi. İkinci oğlu, kimya elmləri namizədi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Sabir Əmirov elmi və pedaqoji fəaliyyəti ilə bu ənənəyə yeni məzmun qazandırdı. Üçüncü oğlu Rza Əmirov qazmaçı ixtisasını seçərək atasının peşə yolunu davam etdirdi və hazırda Şimali Kipr Türk Respublikasında yaşayır və çalışır. Sonbeşik oğlu İbrahim Əmirov isə “Neft Kəmərləri” İdarəsinin Qaradağ İstehsalat Bölümündə xidmət sahəsinin rəisi kimi əmək fəaliyyətini uğurla davam etdirir. İllərin keçməsi ilə bu ailədə estafet dayanmadı, sadəcə olaraq növbəti nəslə ötürüldü. Bu gün Qaraş Əmirovun nəvələri də ali təhsil alaraq müxtəlif sahələrdə özlərini təsdiqləyir, babalarının və atalarının adını şərəflə yaşadırlar. Böyük oğlu Rəsulun qızı Mehriban xanım 1997-ci ildən başlayaraq “Ansad Petrol”, Karasu Əməliyyat Şirkəti və “Azertrans LTD” kimi qurumlarda məsul vəzifələrdə çalışıb, hazırda isə uzun illərdir Azərbaycan beynəlxalq dövlət qurumlarından birində milli rəhbər vəzifəsində fəaliyyət göstərir. Sabir müəllimin qızı Sabirə xanım elmlə məşğul olaraq elmlər namizədi adını qazanıb və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində çalışır. Digər nəvələr də seçdikləri sahələrdə öz zəhmətləri, bilikləri və əməlləri ilə bu nəcib ailə ənənəsini davam etdirirlər. Bu şəcərənin ən kiçik nümayəndəsi, İbrahim Əmirovun sonbeşik qızı Selin isə hələ məktəbli olsa da, Bakı-İstanbul liseyinin ən yaxşı şagirdləri sırasında yer alır. Beləliklə, Qaraş Əmirovun bir zamanlar neft qoxulu quyuların, ağır əməyin və sonsuz zəhmətin içərisində başladığı yol bugün başqa simalarda, başqa arzularla, amma eyni ruh və sədaqətlə davam edir.
Bu günlərdə Qaraş Əmirovun anadan olmasının 100 illiyi tamam olur. Ölkəmizin tarixində əvəzi olmayan 44 günün Zəfər sevincini bizə yaşadan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə minnətdarlıq hissi ilə, artıq özümüzdə olan Cahangirbəyli kəndində Qaraş Əmirovun adını daşıyan məktəbin yenə də onun adına bərpa olunacağına inanırıq. O zaman təkcə bu müqəddəs olayların şahidi olan insanlar deyil, torpağa, Vətənə bağlı ruhlar da sevinəcəkdir.
Bəli, nəsillərə nümunə olan insanları zaman-zaman anmaqla, həyata və istehsalata atılan gənc nəslə stimul vermiş oluruq. Əbədiyaşarlar yaddaşımızın ləyaqət rəmzidir.
Rasim Vəliyev,
SOCAR-ın şöbə rəisi, “Fəxri neftçi”
Sülhün ikitərəfli arxitekturası: Bakı və İrəvan regional sabitliyi necə formalaşdırır?