30 noyabr 2023 02:15
918

Qururuq, yaradırıq və qayıdırıq...

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Hazırda Böyük Qayıdış sürətlə, planauyğun, həm də mərhələli şəkildə davam edir. Bu,  Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.

Artıq uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıtmaları təmin olunub. Yeri gəlmişkən qeyd edək ki, bu ay Laçın şəhərinə və Laçın rayonunun Zabux kəndinə, həmçinin Füzuli şəhərinə xeyli sayda məcburi köçkün qayıdıb. Belə ki, noyabrın 14-də 10 ailə (40 nəfər), 20-də  25 ailə (91nəfər),  22-də 21 ailə (81nəfər),  29-da 17 ailə (63 nəfər) Laçın şəhərinə, 16-da 20 ailə (71 nəfər), 18-də 25 ailə (103 nəfər), 23-də 25 ailə (93 nəfər) Zabux kəndinə, noyabrın 24-də  25 ailə (72 nəfər), noyabrın 27-də isə 25 ailə (106) Füzuli şəhərinə yola salınıb. Onlar öz dogma ocaqlarında, daha doğrusu, vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar. Bununla da Laçın şəhərində 363 (1389 nəfər), Zabux kəndində  121  (475 nəfər), Füzuli şəhərində 308  ailənin (1106 nəfər) daimi məskunlaşması təmin edilib

Təbii ki, yalnız köçürülmə ilə iş bitmir. Həmin yaşayış məntəqələrində 30 il vaqonlara, çadır düşərgələrinə, yataqxanalara sığınan insanların normal yaşaması məqsədilə hər cür infrastruktur da yaradılıb. Elə götürək Laçının Zabux kəndini… Burada kənd sakinlərinin rahatlığı və məşğulluğu nəzərə alınaraq bir sıra infrastruktur binalarının da inşası həyata keçirilib. Belə ki, kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa olunub, gözəl park salınıb. Zabuxda evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında "yaşıl enerji"dən istifadə edilir. Eyni zamanda, yaşayış məntəqəsində yüksəksürətli internet - fiberoptik şəbəkəsi yaradılıb. Bir sözlə, bütün sosial-texniki infrastrukturla təchiz edilən, yeni görkəm alan Zabux kəndində sağlam, müasir və abad yaşayış mühiti formalaşdırılıb. Bu mənada məcburi köçkünlər buradakı şəraitdən və doğma kəndə dönüşdən məmnundurlar. Məsələn, “Zabux kəndi mənim üçün çox əzizdir. Şükürlər olsun ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Vətən övladlarının şücaəti sayəsində öz doğma yurdumuza qayıdırıq” deyən keçmiş məcburi köçkün Dilbər Behbudova Böyük Qayıdışı gözləyən digər keçmiş məcburi köçkünlərə də bu günü yaşamalarını arzulayıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanışlıq çərçivəsində burada kənd sakinləri ilə görüşərkən demişdir: “Bütün zabuxlular qayıdacaq. Yəni, mən şübhə etmirəm. Çünki biz bu inşa işlərinə start verəndə mən dedim ki, keçmiş köçkünlər arasında sorğu keçirilsin. Mənə verilən məlumata görə, bütün əksər köçkünlər, onların mütləq əksəriyyəti qayıtmağa qərar vermişdir”.

Qeyd edək ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur.  Bu məqsədlə avqustun 25-də Laçın rayonunun Zabux kəndinə ilkin mərhələdə 20 ailə köçürülüb. Həmin gün yurd həsrəti bitən 88 kənd sakini bu torpağa yeni nəfəs gətirib.

Məlumat üçün bildirək ki, Zabux çayının sahilində, Qarabağ yaylasında yerləşən kəndin bütün tarixi dövrlərdə etnik tərkibi tamamilə azərbaycanlılardan ibarət olub. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zabux kəndi 30 illik əsarətdən sonra 2022-ci il avqustun 26-da azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib. Zabux kəndində tikinti-quruculuq işlərinə 2023-cü il martın 1-də start verilib.

Bəli, artıq üç ildir ki, yeni tarixi reallıqlar içərisində yaşayırıq. Yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərizin Azərbaycanın ən inkişaf etmiş regionuna çevriləcəyi şəksizdir. Bütün bunlar isə böyük Zəfərimizin sayəsindədir. Məhz bu qələbənin nəticəsi olaraq Vətən həsrətli məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıdırlar.

Qvami Məhəbbətoğlu, “İki sahil”