06 dekabr 2023 11:37
420

Xarici diplomların tanınması üçün nə etmək lazımdır? - Ekspert AÇIQLADI

Qəbul imtahanlarında iştirak edib keçid balı toplaya bilməyən abituriyentlər xaricdə, daha çox isə qardaş Türkiyədə distant və ya fərdi qrafik üzrə təhsil almağa üz tuturlar. Valideyn və abituriyentlərin məlumatsızlığından istifadə edərək, bəzi xaricdə təhsil üzrə fəaliyyət göstərən şirkətlər onları Azərbaycanda diplomları tanınmayan universitetlərdə təhsil almağa yönəldirlər.

Bu sözləri “İki sahil”ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, bəzi universitetlərin diplomları Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycandakı normativ hüquqi aktlara uyğun olmadığı üçün tanınmır: “Hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır. Amma bu formada da təhsilalma hələ diplomun tanınması demək deyil. Bir neçə xüsusi hallarda diplomların tanınmasına aid mənfi qərarlar verilə bilər. Bu hallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində öz əksini tapıb. Belə ki, əgər tələbə xaricdəki ali təhsil müəssisəsində tələb olunan müddətdən az vaxt keçirərsə, Elm və Təhsil Nazirliyi onun diplomunu tanımır.

Prosedurdan əmin olmaq üçün nazirlik tələbənin xarici pasportunda ölkədən giriş-çıxış möhürlərinə diqqət edir. Ona görə də, tələbələr ölkədən giriş-çıxışlarına diqqət etməlidir. Xaricdə qiyabi, xüsusilə də Türkiyə, Ukrayna və Rusiyada təhsilalanlar isə hər 2 smestr, yəni 1 il ərzində ölkədən giriş-çıxış müddətinin 30 günü keçməməsinə diqqət etməlidir. Ən əsas göstəricilərdən biri isə tələbənin seçdiyi ixtisasın Azərbaycanda hansı formalarda tədris olunmasıdır. Əgər, xaricdə əyani və ya qiyabi tədris olunan ixtisas Azərbaycanda yalnız əyani formada keçirilirsə, bu halda da diplom tanınmayacaq. Xaricdə təhsil almış şəxsin diplomunun tanınma müddəti minimum 6 ay, maksimum isə 2 il ərzində baş tutur. Prosedur uzunmüddətli həyata keçirildiyinə görə tələbələr ölkəyə qayıdan kimi elektron ərizə vasitəsilə qeydiyyatdan keçməlidirlər”.

Kamran Əsədov vurğulayıb ki, təhsil aldığınız ali təhsil müəssisəsinin Agentliyin məktubunu cavablandırması da nostrifikasiya prosesinə aid edilir: “Diplomun tanınması proseduruna təqdim olunan sənədlər universitetə göndərildikdə, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) araşdırma edib ona uyğun olaraq müsbət və ya mənfi cavab verir. Eyni zamanda, əgər TKTA-ya və təhsil aldığınız ali təhsil müəssisəsinə təqdim olunan sənədlər eyni olmazsa, bu halda da diplom tanınmır. Xarici diplomların Azərbaycanda tanınmasını həyata keçirən TKTA öz rəsmi saytında bildirir ki, tanınan universitetlərin siyahısı nə ETN, nə də TKTA tərəfindən müəyyənləşdirilməyib. Yəni, tələbə universitet və ölkə seçimində sərbəstdir. Lakin diqqət olunmalı məqam təhsil alacağı universitetin öz ölkəsində tanınması ilə bağlıdır. Hər iki qurumun tövsiyə etdiyi ENIC-NARIC bazasından akkreditə olunan, yəni öz ölkəsi tərəfindən rəsmən tanınan universitetlərin siyahısını əldə edə bilər”.

Sayalı Abasova