Keçən tədris ilinin Müəllimlər Günündə təbrik etmişdim Səbinə xanımı. Ürəyimin dərinliklərindən gələn xoş sözlərimi, duyğularımı tökmüşdüm sətirlərə. Sənətinə bu cür vurğunluq, istirahətini də pianonun, tarın, kamanın müşayiəti ilə gənclərin ifasında, kollektivi ilə Respublikanın ictimai həyatında-Zəfər Bayramında, yubiley günlərində, ildönümlərində, bayramlarda keçirən Sumqayıt Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva haqqında danışmaqdan zövq alıram.
Səbinə xanımın bu kollektivə rəhbər təyin olunmasından iki il ötür. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı, dosent Səbinə Mətləb qızı Mehdiyeva 1975-ci ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə fortepiano ixtisası üzrə daxil olub. 1993-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirərək Asəf Zeynallı adına gənc ifaçıların I Respublika müsabiqəsində diploma layiq görülüb. 1993-1997-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə bitirib. 1997-ci ildə magistraturaya daxil olub, magistraturanı 2000-ci ildə bitirərək magistr dərəcəsi alıb. 1999-cu ildən ADMİU-da müəllim işləyir. 2021-ci il oktyabrın 1-dən Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktorudur.
Sənətinə tükənməz enerji ilə bağlı olan musiqiçi fortepianoçu olsa da, musiqi sənətinin hər sahəsini bilir. Bu da onun müsabiqələrdəki fəal iştirakında, rəhbərlik etdiyi kollektivin musiqi yarışmalarında özəlliklə seçilməsində özünü büruzə verir. Təltifləri, ödülləri, xalqın dərdinə köklənib anım günlərində xalqın yanında olması Səbinə xanımın haqqında yüksək pafosla danışmağa, uğurlarından söz açmağa əsas verir. O, bir ildə bəlkə də iki ilin işini görür.
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kolleci Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsidir. Əvvəlki adı Sumqayıt Musiqi Texnikumu olan tədris müəssisəsi 1965-ci ildən fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2010-cu il Qərarına əsasən, Sumqayıt Musiqi Kolleci adlandırılıb. 11 iyul 2020-ci ildə Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli Konservatoriyasının nəzdində publik hüquqi şəxs statusu ilə Sumqayıt Musiqi Kolleci adlandırılaraq yenidən təşkil edilib.
Orta ixtisas təhsil proqramlarını həyata keçirən tədris müəssisəsi kimi Sumqayıt Musiqi Kolleci əyani şöbədə: "Fortepiano", "Orkestr alətləri", "Xalq çalğı alətləri", "Xanəndə", "Opera və kamera müğənnisi", "Xor dirijorluğu", "Musiqi nəzəriyyəsi", "Estrada musiqi sənəti" ixtisasları üzrə, qiyabi şöbədə: "Fortepiano", "Xalq çalğı alətləri", "Musiqi nəzəriyyəsi" ixtisasları üzrə "Kiçik mütəxəssis" dərəcəli gənc musiqiçilər hazırlayır. Tələbələrin təlm-tərbiyəsi ilə yüksəkixtisaslı təcrübəli müəllim heyəti məşğul olur. Texnikumu bitirən tələbələr respublikanın müxtəlif ali təhsil ocaqlarında öz təhsillərini davam etdirirlər. Məzunlar respublikamızın müxtəlif bölgələrinin uşaq musiqi və incəsənət məktəblərində, mədəniyyət evlərində gənc nəslin estetik tərbiyəsi ilə, eləcə də respublikamızın tanınmış musiqi kollektivlərində, xalq çalğı alətləri orkestrində, Dövlət simfonik orkestrində, Radio və Televiziya Verilişləri Şirkətinin musiqi kollektivlərində ifaçılıqla məşğul olurlar. Respublika təhsil nazirliyinin orta ixtisas məktəblərinin tələbələri arasında keçirdiyi müsabiqələrdə kollecin tələbələri uğurla çıxış edərək qalib yerlərə layiq görülürlər. Tədris ocağında fəaliyyət göstərən "Xalq çalğı alətləri orkestri", "Xor kollektivi", "Nəfəs və zərb alətləri orkestri", "Tello xalq çalğı alətləri ansamblı", "Muğam üçlüyü", "Müəllimlər ansamblı", Sumqayıt şəhərinin, eləcə də respublikanın mədən-kütləvi tədbirlərində iştirak edərək musiqi mədəniyyətimizi geniş təblig edirlər. Kollec tələbələrinin ümumi dünyagörüşlərinin, intellektual səviyyələrinin inkişafını yüksəltmək məqsədilə Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, T.Quliyev, T. Bakıxanov, Şuman kimi bəstəkarların əsərlərindən ibarət "konsert-gecələr", şöbə və sinif konsertləri, elmi-praktik konfranslar keçirilir. Bakı Musiqi Akademiyasının professor və müəllim heyəti ilə sıx metodik-yaradıcılıq əlaqələri yaradaraq açıq-nümunəvi dərslər, yaradıcılıq görüşləri keçirilir. Təhsil islahatları proqramının tələblərini əldə rəhbər tutan texnikum kollektivi bu proqramdan irəli gələn vəzifələri daha əzmlə həyata keçirməyi qarşıya məqsəd qoyub.
Kollec istedadlı və savadlı gənc musiqiçilər yetişdirən sənət məbədgahıdır və bu məbədgah bu gün qalibiyyətə imza atan Azərbaycan Respublikası üçün “Xarı bülbüllər” yetişdirir. Onların səsi sərhədləri aşaraq hələ çox uzaqlardan gələcək. Gənc müəllim Misirxan Misirxanov kollektivdəki işgüzar mühitdən söz açaraq dedi:
-Səbinə xanım çox tələbkar rəhbər və duyğulu bir ifaçıdır. Gözündən və diqqətindən heç nə yayınmır. Kollecin bütün tədris ləvazimatları, çalğı alətləri ilə təmin olunmasından ötrü cidd-cəhdlə çalışır. Bu gün hamımız sevinc içərisindəyik. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Mehdiyeva Səbinə Mətləb qızı “Tərəqqi medalı” ilə təltif edildi. Sizi kollektivimiz adından təbrik edirik, Səbinə xanım! Bu bizim dövlətimiz və Prezidentimiz qarşısında məsuliyyətimizi daha da artırır.
Səbinə Mehdiyeva bu barədə dedi:
-Hörmətli Prezidentimizin təltifi mənim ən böyük mükafatımdır!
Rəhilə Misirxanlı,
Aİİ-də çıxan “İlahiyyat” jurnalının redaktor müavini