04 mart 2024 14:24
360

Gəncə Dövlət Filarmoniyasında Aşıq Ələsgərə həsr olunmuş gecə keçirilib

29 fevral - 2 mart tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan "Musiqi kimliyimiz" layihəsi təntənəli gecə ilə yadda qalıb.

Filarmoniyanın mətbuat xidmətindən "İki sahil"ə verilən xəbərə görə, layihə çərçivəsində Gəncə və ətraf rayonlarda fəaliyyət göstərən aşıqlar çıxış ediblər.

Mart ayının 2-si "Azərbaycan aşıqları" adlı elmi-konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov qeyd edib ki, konfransın keçirilməsində məqsəd bizim tarixi ənənələrimizi təbliğ etmək, müasir dövrə gəlib çatmış aşıq sənətini bugünkü nəslə çatdırmaqdır.

Həmçinin Əməkdar artist layihə çərçivəsində mütəmadi olaraq müxtəlif aşıqların da gecələrinin keçiriləcəyinin nəzərdə tutulduğunu bildirib. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar incəsənət xadimi, professor Məhərrəm Qasımlı öz çıxışında layihənin böyük əhəmiyyətindən söhbət açıb. O, qeyd edib ki, ilk dəfə keçirilən layihə aşıq sənəti, aşıq yaradıcılığı üçün böyük töhfədir. Gələcəkdə aşıq sənətinin təbliği üçün mütəmadi olaraq bu cür layihələrin keçirilməsinin arzuedilən olduğunu bildirib.

Konfrans iştirakçıları müxtəlif aşıq ifaçılarının həyat və yaradıcılığı ilə bağlı məruzələrlə çıxış ediblər.

Günün sonunda Gəncə Dövlət Filarmoniyasında aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Gecədə Aşıq Ələsgərin nəticəsi Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli layihənin təşkilatçılarına təşəkkürünü bildirib.

Gecədə aşıqların çıxışı tamaşaçılar tərəfindən rəğbət və gurultulu alqışlarla qarşılanıb.