28 mart 2024 17:31
490

Əməkdar artist Rahib Əliyev vəfat edib

Əməkdar artist Rahib Əliyev vəfat edib.

“İki sahil” xəbər verir ki,  bu barədə mərhumun oğlu Rəşad Əliyev məlumat verib.

Onun sözlərinə görə, Rahib Əliyevin cənazəsi sabah günorta saat 12-də Qurd qapısı qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsinə daxil olan aktyor 1969-cu ildə oranı bitirib.

Hələ institutda oxuyarkən 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunub və həmin tarixdən təqaüdə çıxana qədər bu teatrda çalışıb. Rahib Əliyev Gənc Tamaşaçılar Teatrının səhnəsində 70-dən artıq obraz yaradıb.

Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə 2006-cı ildə Əməkdar artist fəxri adına, Prezident mükafatına layiq görülüb.

Aktyorun teatr fəaliyyəti ilə yanaşı kino karyerası da olub. O “Yol əhvalatı”, “Qətl günü”, “Köpək”, “Fəryad”, “Yaramaz”, “Güllələnmə təxirə salınır!..”, “Yoxlama” kimi filmlərdə müxtəlif rollarda oynayıb.

Allah rəhmət eləsin!